Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Marja.az xəbər verri ki., Fərman ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. 

Reklam_3_11

Müəyyən edilib ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

XXX

Aqroparklar haqqında Nümunəvi ƏSASNAMƏ

 1. Ümumi müddəalar

1.1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” (bundan sonra – Əsasnamə) “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və aqroparkların yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Aqroparklarda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, innovativ texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.

1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. aqropark – müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi;

1.3.2. idarəedici təşkilat – aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs;

1.3.3. aqroparkın operatoru (bundan sonra – operator) – müsabiqə əsasında seçilən və bu Əsasnamənin 4.5-ci bəndində nəzərdə tutulan idarəetmə sazişi çərçivəsində aqroparkın idarə olunmasını həyata keçirən hüquqi şəxs;

1.3.4. aqroparkın rezidenti – “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini almış və aqroparkda fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.3.5. mühəndis-kommunikasiya təminatı sistemi – aqroparkda obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı, tullantı sularının axıdılması, irriqasiya və meliorasiya vasitələri və qurğuları;

1.3.6. aqroparkın infrastrukturu – aqroparkda yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və aqroparkın fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;

1.3.7. ümumi istifadədə olan ərazilər – aqroparkın sərhədləri daxilində aqroparkın infrastrukturunun, küçələrin, meydanların, idman meydançalarının və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.

1.4. Aqropark ixtisaslaşmış və qarışıq profilli ola bilər.

 2. Aqroparkın yaradılmasının məqsədləri

2.1. Aqroparkın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. innovativ texnologiya və üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, aqrar-sənaye komplekslərinin inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

2.1.2. iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;

2.1.3. aqrar-sənaye istehsalı sahəsində yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması;

2.1.4. əməkqabiliyyətli əhalinin aqrar-sənaye istehsalı sahəsində məşğulluğunun artırılması.

3. Aqroparkın yaradılması və qeydiyyata alınması

3.1. Aqropark dövlət, bələdiyyələr və sahibkarlıq subyektləri tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradılır. Aqropark üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Aqroparkın fəaliyyətinə xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir.

3.2. Dövlət tərəfindən aqropark idarəedici təşkilatın təklifi əsasında səlahiyyətli orqanın qərarı ilə yaradılır. Özəl aqropark bu Əsasnamənin 3.9 – 3.12-ci bəndlərinə uyğun olaraq sahibkarlıq subyektlərinin təklifi əsasında idarəedici təşkilat tərəfindən qeydiyyata alınır.

3.3. Aqroparkın yaradılması haqqında qərarda və sahibkarlıq subyektlərinin aqroparkın qeydiyyata alınması barədə təkliflərində aqroparkın yaradılmasının məqsədi, fəaliyyət profili, idarə olunması, maliyyələşmə mənbələri, ərazisi və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müəyyən edilir.

3.4. İdarəedici təşkilatın aqroparkın yaradılması və sahibkarlıq subyektlərinin aqroparkın qeydiyyata alınması haqqında təklifinə aşağıdakı sənədlər əlavə edilir:

3.4.1. aqroparkın yaradılmasının iqtisadi əsaslandırılması;

3.4.2. aqroparkın ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin təhlili, maddi və əmək resursları, mühəndis-kommunikasiya və digər infrastrukturla təminat imkanları barədə məlumat;

3.4.3. aqroparkın təklif olunan fəaliyyət profili, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri barədə məlumatlar;

3.4.4. aqroparkın ərazisi (ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan aqroparkda yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı göstərilməklə), torpaq sahəsi üzərində hüquqları təsdiq edən hüquqmüəyyənedici sənəd və torpaq sərəncamçısının həmin ərazidə aqroparkın yaradılmasına dair razılıq sənədi;

3.4.5. aqroparkın yaradılması ilə əlaqədar tədbirlər planı;

3.4.6. aqroparkın əsasnaməsinin layihəsi.

3.5. Aqroparkın yaradılması üçün ayrılan torpaq sahəsi aşağıdakı tələblərə cavab verməlidir:

3.5.1. məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;

3.5.2. avtomobil və (və ya) dəmir yollarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;

3.5.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır.

3.6. Aqroparkın fəaliyyəti ilə bağlı layihələr “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verməli, o cümlədən həmin layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi və dövlət ekoloji ekspertizası aparılmalıdır.

3.7. İdarəedici təşkilat aqroparkların, habelə onların rezidentlərinin reyestrini (bundan sonra – Reyestr) yaradır, həmin Reyestrin aparılmasını və Reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir. Reyestrin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edir.

3.8. Aqroparkın yaradılması barədə səlahiyyətli orqanın qərarı qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq idarəedici təşkilat bu barədə bu Əsasnamənin 3.12-ci bəndində göstərilən məlumatları Reyestrə daxil edir.

3.9. İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl aqroparkın qeydiyyata alınmasına dair təqdim etdiyi təklifinə həmin təklifin təqdim edildiyi gündən 10 (on) iş günü müddətində bu Əsasnamənin 3.3-cü bəndinin tələblərinə uyğunluğunu və ona əlavə edilmiş bu Əsasnamənin 3.4-cü bəndində göstərilən sənədlərin tamlığını və düzgünlüyünü yoxladıqdan sonra özəl aqroparkı qeydiyyata alır, bu barədə bu Əsasnamənin 3.12-ci bəndində göstərilən məlumatları Reyestrə daxil edir və aqroparkın Reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.10. Sahibkarlıq subyektinin təqdim etdiyi təklifdə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, sənədlər təqdim edildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqların aradan qaldırılması üçün bu barədə təklif göndərən sahibkarlıq subyektinə bildiriş təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

3.11. Təklif təqdim edən sahibkarlıq subyekti bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Təklifdə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda, idarəedici təşkilat tərəfindən təklifin baxılmamış saxlanılması haqqında qərar qəbul edilərək 2 (iki) iş günü müddətində təklifi təqdim edən sahibkarlıq subyektinə təqdim olunur və ya sifarişli poçt vasitəsilə göndərilir.

3.12. Reyestrdə aqroparkın yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsinə dair məlumatlar daxil edilir.

3.13. Dövlət tərəfindən yaradılan aqroparkın ərazisi onun fəaliyyəti üçün zəruri olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı, meliorasiya və irriqasiya sistemləri və s.), işçi qüvvəsinin və digər amillərin mövcudluğu, habelə ərazinin inkişaf perspektivi qiymətləndirilməklə müəyyən edilir.

3.14. Aqroparkın ərazisi yalnız aqroparkın yaradılma məqsədinə uyğun istifadə edilir.

3.15. Aqroparkın fəaliyyət müddəti 30 (otuz) il təşkil edir və bu müddət aqroparkın qeydiyyata alınması barədə məlumatın idarəedici təşkilat tərəfindən Reyestrə daxil edildiyi tarixdən hesablanır. Dövlət tərəfindən yaradılan aqroparkın fəaliyyət müddəti idarəedici təşkilatın, özəl aqroparkın fəaliyyət müddəti isə onun rezidentinin (rezidentlərinin) əsaslandırılmış müraciəti əsasında müvafiq olaraq səlahiyyətli orqan və idarəedici təşkilat tərəfindən uzadılır.

 4. Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı

4.1. Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunlarına və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, həmçinin aqroparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilat tərəfindən, özəl aqroparka münasibətdə isə həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti və rezident (rezidentlər) tərəfindən həyata keçirilir. Dövlət tərəfindən yaradılan aqroparkın əsasnaməsi idarəedici təşkilat tərəfindən, özəl aqroparkın əsasnaməsi isə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla, həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti tərəfindən təsdiq edilir. Aqroparkın əsasnaməsində onun vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, aqroparkın aidiyyəti dövlət orqanları (qurumları), habelə yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir.

4.2. Dövlət tərəfindən yaradılan aqroparkın fəaliyyətinə görə idarəedici təşkilat, özəl aqroparkın fəaliyyətinə görə isə onun rezidenti (rezidentləri) cavabdehdir.

4.3. Aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilatın, özəl aqroparka münasibətdə isə rezidentin (rezidentlərin) müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. İdarəedici təşkilat və operator aqroparkın rezidenti kimi fəaliyyət göstərə bilməz. Operatorun müsabiqə əsasında seçilməsi qaydasını səlahiyyətli orqan müəyyən edir.

4.4. Aqroparkın operator tərəfindən idarə edilməsi onunla dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilat, özəl aqroparka münasibətdə isə rezident (rezidentlər) arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir. İdarəetmə sazişinə əsasən aqroparkda idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6.1.9–6.1.17-ci, 6.2.1–6.2.4-cü və 6.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi operatora həvalə edilə bilər. İdarəetmə sazişinin imzalanmasını və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarəti dövlət tərəfindən yaradılan aqroparklara münasibətdə idarəedici təşkilat, özəl aqroparklara münasibətdə isə onun rezidenti (rezidentləri) həyata keçirir.

4.5. İdarəetmə sazişində bu Əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:

4.5.1. aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

4.5.2. aqroparkın fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;

4.5.3. idarəetmə sazişinin müddəti;

4.5.4. aqroparkın infrastrukturunun operatora verilməsi, onun tərəfindən istismarı və saxlanılması şərtləri;

4.5.5. aqroparkın infrastrukturuna münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;

4.5.6. aqroparkın ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal, emal və xidmət sahələrinin operatora verilməsi və onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;

4.5.7. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və Azərbaycan Respublikasının qanunlarına zidd olmayan digər müddəalar.

4.6. Aqroparkın fəaliyyətinin təşkili məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

4.6.1. aqropark üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;

4.6.2. aqroparkın infrastrukturu yaradılır;

4.6.3. aqroparkda ofis, konsaltinq, laboratoriya müayinəsi, anbar, ərazinin mühafizəsi, biznes-inkubasiya, təlim, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.

4.7. Aqroparkın ərazisinin planlaşdırılması müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri əsasında həyata keçirilir.

4.8. Dövlət tərəfindən yaradılan aqroparkın infrastrukturu və onun ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal, emal və xidmət obyektləri dövlət mülkiyyəti hesab olunur.

4.9. Aqroparkın ərazisində onun rezidenti tərəfindən yaradılan istehsal, emal və xidmət obyektləri, quraşdırılan avadanlıq və qurğular rezidentin mülkiyyətidir.

4.10. Aqroparkın rezidentinə icarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.

5. Səlahiyyətli orqanın vəzifələri və hüquqları

5.1. Səlahiyyətli orqanın vəzifələri aşağıdakılardır:

5.1.1. aqroparkın yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

5.1.2. dövlət tərəfindən aqroparkın yaradılması, fəaliyyət müddətinin artırılması, habelə ləğv edilməsi ilə bağlı tədbirlər görmək;

5.1.3. aqroparklarda inhisarçılığa yol verilməməsi üçün tədbirlər görmək;

5.1.4. aqroparkların fəaliyyəti barədə illik hesabat hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

5.1.5. aqroparklarda istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görmək;

5.1.6. dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğini müəyyən etmək;

5.1.7. bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

5.2. Səlahiyyətli orqanın hüquqları aşağıdakılardır:

5.2.1. aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata kömək göstərmək;

5.2.2. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6. İdarəedici təşkilatın vəzifələri və hüquqları

6.1. İdarəedici təşkilatın aqroparkın idarə edilməsi sahəsində vəzifələri aşağıdakılardır:

6.1.1. aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;

6.1.2. aqroparkların və onların rezidentlərinin reyestrini aparmaq, aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini vermək;

6.1.3. dövlət tərəfindən yaradılan aqroparkın torpaq sahələrinin həmin aqroparkın rezidentlərinə icarəyə (subicarəyə) verilməsi ilə bağlı tədbirlər görmək;

6.1.4. aqroparkın rezidentlərinin mülkiyyətində (icarəsində) olan torpaq sahələrinin və digər əmlakın hüquqi və fiziki şəxslərə icarəyə (subicarəyə) verilməsinin aqroparkın yaradılma məqsədlərinə uyğunluğunu müəyyən etmək;

6.1.5. aqroparkın rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamaq;

6.1.6. dövlət tərəfindən yaradılan aqroparklarda müsabiqə yolu ilə operator seçmək, onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

6.1.7. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu Əsasnamənin tələblərinə əməl edilməsi ilə bağlı aqroparkın rezidentinə kömək göstərmək;

6.1.8. dövlət orqanları (qurumları) tərəfindən aqroparkın rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda rezidentlərin dəvəti ilə iştirak etmək;

6.1.9. aqroparkda səlahiyyətli orqanın, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;

6.1.10. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada aqroparkın rezidentlərinin fəaliyyəti haqqında hesabat və statistik məlumatlar almaq, onların fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunu dəyərləndirmək;

6.1.11. aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair aqroparkın rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görmək;

6.1.12. aqroparkın rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;

6.1.13. dövlət tərəfindən yaradılan aqroparkda idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;

6.1.14. dövlət tərəfindən yaradılan aqroparkın infrastrukturuna xidmət göstərmək, onun normal fəaliyyətini təmin etmək, cari və əsaslı təmirini həyata keçirmək;

6.1.15. dövlət tərəfindən yaradılan aqroparkda istilik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması, irriqasiya və meliorasiya, məişət tullantılarının yığılması xidmətlərini həyata keçirmək;

6.1.16. aqroparkın fəaliyyəti və inkişafı barədə dövri hesabatları səlahiyyətli orqana təqdim etmək;

6.1.17. bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. Öz vəzifələrini yerinə yetirmək üçün idarəedici təşkilatın aşağıdakı hüquqları vardır:

6.2.1. aqroparkın idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;

6.2.2. aqroparkın fəaliyyətini təşviq etmək, aqroparkda aqrar-sənaye istehsalının inkişafı üçün investorları cəlb etmək;

6.2.3. aqroparkların elmi-texniki potensialının inkişafı və gücləndirilməsi məqsədilə yerli, xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;

6.2.4. aqroparkda innovativ texnologiya və üsulların tətbiqini, eləcə də istifadəsini təmin etmək;

6.2.5. aqroparkın rezidentləri ilə dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirmək;

6.2.6. aqroparkın rezidentlərinə ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, təlim, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini təmin etmək;

6.2.7. aqroparkın rezidentinin adından onun yazılı müraciəti əsasında dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları qarşısında təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;

6.2.8. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7. İdarəedici təşkilatın gəlirləri

7.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:

7.1.1. dövlət tərəfindən yaradılan aqroparkın fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin (dövlət mülkiyyətində olan torpaqlar istisna olmaqla) aqroparkın rezidentlərinə icarəyə (subicarəyə) verilməsinə görə daxil olan icarə haqqından;

7.1.2. dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə alınan haqdan;

7.1.3. dövlət tərəfindən yaradılan aqroparkda istilik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması, irriqasiya və meliorasiya, məişət tullantılarının yığılması xidmətlərinin göstərilməsindən;

7.1.4. kreditlərdən, qrantlardan, ianələrdən;

7.1.5. məsləhət, logistika, mühafizə xidmətlərindən;

7.1.6. qanunla qadağan olunmayan digər mənbələrdən.

7.2. Dövlət tərəfindən yaradılan aqroparkda sosial, mədəni, ictimai iaşə, inzibati və istehsal, emal təyinatlı obyektlər idarəedici təşkilat tərəfindən icarəyə verilir.

7.3. Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqa aqroparkın infrastrukturunun və ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər həmin aqroparkın rezidentləri tərəfindən ödənilir. Aqroparkın idarə olunmasına görə haqqın məbləğini səlahiyyətli orqan gəlir və xərclər nəzərə alınmaqla müəyyən edir.

7.4. Dövlət tərəfindən yaradılan aqroparkda icarə əsasında istifadə olunan obyektlərin saxlanılması xərcləri bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulan xərclərə daxil edilmir.

7.5. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulan xərclərdə dövlət tərəfindən yaradılan aqroparkın rezidentinin payı onun icarəyə götürdüyü torpaq sahəsinin ölçüsü və aqroparkda həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin növü nəzərə alınmaqla müəyyən edilir. Təmizləyici qurğuların istismar xərcləri axıdılan suyun həcmindən və çirkləndirmənin miqyasından asılı olaraq aqroparkın rezidenti tərəfindən ödənilir.

7.6. İdarəedici təşkilat tərəfindən istilik enerjisinin, suyun və qazın topdansatış qiymətlərlə alınması və dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə pərakəndə satış qiymətləri ilə satılması, habelə tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərə uyğun olaraq həyata keçirilir.

8. Aqroparkın rezidentinin fəaliyyəti

8.1. Aqroparkın rezidenti aqroparkda sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun həyata keçirir.

8.2. Aqroparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aqroparkın rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Aqroparkın rezidentinin aqroparkda həyata keçirdiyi investisiya layihəsi barədə məlumatlar qeydiyyat şəhadətnaməsinin əlavəsində göstərilir.

8.3. Hüquqi və fiziki şəxslər aqroparkın rezidenti kimi qeydiyyatdan keçmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ərizə ilə idarəedici təşkilata müraciət edirlər.

8.4. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin aqroparkın rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

8.5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.

8.6. Ərizəçinin təqdim etdiyi investisiya layihəsi (biznes planı) aşağıdakı meyarlar əsasında idarəedici təşkilat tərəfindən qiymətləndirilir:

8.6.1. investisiya layihəsinin aqroparkın yerləşdiyi ərazinin təbii şəraitinə, iqliminə və xammal imkanlarına uyğunluğu;

8.6.2. investisiya layihəsinin istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritetlərə uyğunluğu;

8.6.3. məhsul istehsalı, emalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə innovativ texnologiya və üsulların tətbiqi;

8.6.4. investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) rəqabətədavamlı olması;

8.6.5. investisiya layihəsinin ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri;

8.6.6. investisiyanın həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluğu.

8.7. Ərizəçi tərəfindən təqdim olunan layihə ilə bağlı investisiyanın həcminin minimal həddi kənd təsərrüfatı məhsullarının istehsalına (istehsal ediləcək məhsulun növü nəzərə alınmaqla bir hektar torpaq sahəsi üzrə), emalına, habelə işlərin görülməsinə və xidmətlərin göstərilməsinə münasibətdə ayrı-ayrılıqda müəyyən edilir.

8.8. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin aqroparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə səlahiyyətli orqanın təsdiq etdiyi formaya uyğun aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.

8.9. Ərizəçinin aqroparkın rezidenti kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina olunur:

8.9.1. ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi bu Əsasnamənin 8.6-cı bəndində göstərilən meyarlara uyğun olmadıqda;

8.9.2. ərizədə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə.

8.10. Hüquqi və fiziki şəxslər aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən aqroparkın rezidenti hesab edilirlər.

8.11. Aqroparkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün ərzində idarəedici təşkilatla aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlayır. İdarəedici təşkilat həmin müddət ərzində dövlət tərəfindən yaradılan aqroparkın rezidenti ilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahəsinə dair icarə (subicarə) müqaviləsinin bağlanılması üçün tədbirlər görür, habelə aqroparkın rezidentinin mülkiyyətində (icarəsində) olan torpaq sahəsinin və digər əmlakın fiziki və hüquqi şəxslərə icarəyə (subicarəyə) verilməsinin aqroparkın yaradılması məqsədlərinə uyğunluğunu müəyyən edir.

8.12. İdarəedici təşkilatla aqroparkın rezidenti arasında aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair bağlanan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

8.12.1. aqroparkın ərazisində həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, görüləcək işlər və göstəriləcək xidmətlər;

8.12.2. aqroparkın ərazisinə qoyulacaq investisiyanın həcmi, kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin, emal və saxlanma obyektlərinin qurulması və yerləşdirilməsi şərtləri, məhsul istehsalına və emalına, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə başlama tarixi;

8.12.3. müqavilənin müddəti;

8.12.4. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti;

8.12.5. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

8.13. Aqroparkın rezidentinin vəzifələri aşağıdakılardır:

8.13.1. öz fəaliyyətini bu Əsasnaməyə, digər normativ hüquqi aktlara və idarəedici təşkilatla bağlanmış müqavilələrə uyğun təşkil etmək;

8.13.2. icarə haqqını və aqroparkın saxlanılması ilə bağlı xərcləri vaxtında ödəmək;

8.13.3. bu Əsasnaməyə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyən edilmiş hesabatları tərtib etmək və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim etmək.

8.14. Aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərinin razılaşması ilə müəyyən edilən, lakin aqroparkın fəaliyyət müddətindən çox olmayan müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri onun ləğv edilməsi ilə bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə, müqavilə eyni müddətə uzadılır.

8.15. Aqroparkın rezidenti müqavilədə göstərilən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, məhsulların saxlanılması, çeşidlənməsi və satışı obyektlərinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına və xidmətlərin göstərilməsinə başlanılması ilə bağlı öhdəliklərini müəyyən olunmuş müddətdə icra etmədikdə, idarəedici təşkilat aqroparkın rezidentinə bildiriş təqdim edir. Bildirişdə aqroparkın rezidentinə qeyd olunan işlərin başa çatdırılması üçün əlavə olaraq bir ildən çox olmayan müddət müəyyən edilir.

8.16. Aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə aşağıdakı hallarda xitam verilir:

8.16.1. müqavilənin müddəti bitdikdə və bu Əsasnamənin 8.14-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada uzadılmadıqda;

8.16.2. altı ay əvvəlcədən idarəedici təşkilata (operator seçildiyi təqdirdə, həmçinin operatora) xəbərdarlıq etməklə aqroparkın rezidentinin təşəbbüsü ilə;

8.16.3. aqroparkın rezidenti müqavilədə göstərilən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, məhsulların saxlanılması, çeşidlənməsi və satışı obyektlərinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına, emalına, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə başlanılması ilə bağlı öhdəliklərini bu Əsasnamənin 8.15-ci bəndinə uyğun olaraq verilən bildirişdə müəyyən olunmuş müddətdə icra etmədikdə idarəedici təşkilatın təşəbbüsü ilə;

8.16.4. aqroparkın qeydiyyatı ləğv edildikdə və ona dair məlumatlar Reyestrdən çıxarıldıqda;

8.16.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.

8.17. Bu Əsasnamənin 8.11-ci bəndində göstərilən müddətdə aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlanılmadıqda və ya ona bu Əsasnamənin 8.16-cı bəndində göstərilən əsaslarla xitam verildikdə aqroparkın rezidentinin (rezidentlərinin) qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat Reyestrə daxil edilir. Özəl aqroparkın bir rezidenti olduqda, həmin rezidentin qeydiyyat şəhadətnaməsi ləğv edildikdə həmin aqroparkın qeydiyyat şəhadətnaməsi də ləğv edilir və ona dair məlumatlar Reyestrdən çıxarılır. Dövlət tərəfindən yaradılan aqroparkın rezidentinin (rezidentlərinin) qeydiyyat şəhadətnaməsi ləğv edildikdə idarəedici təşkilat rezidentlə bağlanılmış torpaq sahəsinin icarə (subicarə) müqaviləsinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğv edilməsi üçün tədbirlər görür.

8.18. Bu Əsasnamənin 8.16-cı bəndində göstərilən əsaslarla dövlət tərəfindən yaradılan aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə, aqroparkın rezidenti kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, məhsulların saxlanılması, çeşidlənməsi və satışı obyektlərinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi, yaxud özü və ya çəkilən xərcləri ödəmək şərtilə idarəedici təşkilat tərəfindən sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) barədə qərar verir.

8.19. İdarəedici təşkilat bu Əsasnamənin 8.18-ci bəndində göstərilən məsələlərin həllində dövlət tərəfindən yaradılan aqroparkın rezidentinə kömək göstərməlidir.

8.20. Bu Əsasnamənin 8.18-ci bəndinə uyğun olaraq istehsal sahəsini əldə edən, habelə aqroparkın yaradılması məqsədlərinə uyğunluğunun müəyyən edilməsi barədə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla, aqroparkın rezidentinin istifadəsində (mülkiyyətində) olan torpaq sahəsini və digər əmlakı icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər bu Əsasnamənin 8-ci hissəsi ilə müəyyən olunmuş qaydada aqroparkın rezidenti kimi qeydiyyatdan keçməlidirlər.

8.21. Dövlət tərəfindən yaradılan aqroparkın rezidenti həmin aqroparkda yeni investisiya layihəsini həyata keçirmək istədikdə, yeni investisiya layihəsi barədə məlumat bu Əsasnamənin 8-ci hissəsinin tələbləri nəzərə alınmaqla ona verilmiş qeydiyyat şəhadətnaməsinin əlavəsində göstərilir.

8.22. Aqroparkın rezidenti qeydiyyat şəhadətnaməsinin ləğvindən və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.

8.23. Aqroparkın rezidenti Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq məlumatları “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edir.

9. Aqroparkda stimullaşdırıcı tədbirlər

9.1. Aqroparklara münasibətdə aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:

9.1.1. vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

9.1.2. aqroparkın infrastrukturla təmin edilməsi üçün tədbirlər;

9.1.3. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə torpaq sahəsinin icarə haqqının aşağı həddə müəyyən edilməsi;

9.1.4. güzəştli kreditlərin verilməsi;

9.1.5. investisiyaların cəlb edilməsinin dəstəklənməsi;

9.1.6. istehsal və emal edilən məhsulların satışının dəstəklənməsi;

9.1.7. inzibati prosedurların sadələşdirilməsi;

9.1.8. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

10. Aqroparkda texniki tənzimləmənin xüsusiyyətləri

Aqroparkda maddi-texniki bazanın, məhsul istehsalının və emalının, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə məhsullara, istehsal, emal metod və proseslərinə, şəhərsalma və tikinti-quraşdırma, sazlama, istismar, saxlanma, daşınma, qablaşdırma, etiketləmə və utilizasiya, habelə sanitar-epidemioloji, ekoloji, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və radiasiya təhlükəsizliyi qaydalarına, işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məcburi texniki tələbləri müəyyən edən Azərbaycan Respublikasının texniki normativ hüquqi aktları olmadıqda, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq analoji beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr tətbiq edilir.

11. Aqroparklarda şəhərsalma və tikinti fəaliyyəti

11.1. Aqroparklarda şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi üçün qüvvədə olan ərazi planlaşdırılması sənədləri tətbiq olunur.

11.2. Aqroparklarda tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

12. Aqroparkın yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi

Səlahiyyətli orqanın qərarı ilə aqroparkın yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına, özəl aqroparkın yaradılması və fəaliyyətinin təşkili isə rezidentin (rezidentlərin) vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

13. Aqroparkın ləğv edilməsi

13.1. Aqropark barədə məlumatlar idarəedici təşkilat tərəfindən Reyestrə daxil edildikdən sonra 2 (iki) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə aqroparkın qeydiyyatı ləğv edilir və ona dair məlumatlar Reyestrdən çıxarılır.

13.2. Aqroparkın qeydiyyatının ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir. Qərar qüvvəyə mindiyi gün aqroparka dair məlumatlar Reyestrdən çıxarılır.

13.3. Aqroparkın qeydiyyatının ləğv edilməsi və ona dair məlumatların Reyestrdən çıxarılması onun rezidenti olmuş hüquqi və fiziki şəxslərin həmin ərazidə fəaliyyətinin davam etdirilməsinə mane olmur.

13.4. Dövlət tərəfindən yaradılan aqroparkın ləğvi haqqında qərarı səlahiyyətli orqan, özəl aqroparkın ləğvi haqqında qərarı isə onun rezidenti qəbul edir.

Aqroparklar əsasnamə
21.12.2021 18:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ