Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Martda yağan qarın şaxtası kartofu bərk qorxudub. Biz istədiyimiz kimi alınmadı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Martda yağan qarın şaxtası kartofu bərk qorxudub. Biz istədiyimiz kimi alınmadı"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kəndlinin aylardan bəri intizarla gözlədiyi vaxt gəlib çatmışdır. Biləsuvardan çıxıb Cəlilabad-Masallı arasındakı indi köhnə yol adlandırılan şose ilə irəlilədikcə bunu hər addımda hiss edirsən.

Sahələrdə məhsul yığan əlvan geyimli qız-gəlinlər yazın bu çağında rəngbərəng gül-çiçəyə bənzəyirlər. Onlar torpağa baş əyərək sanki  yetişən nübar məhsullara görə minnətdarlıq edirlər.

Reklam_3_11

İqlim şəraiti ilə əlaqədar ölkəmizin şimalında kartof və digər meyvə-tərəvəz cənuba nisbətən gec yetişir. Buna görə də ilin bu fəslində yetişən kartofun, demək olar ki, 80-85 faizi Rusiyanın müxtəlif şəhərlərinə göndərilir.

Nübar kartof daha baha qiymətə satıldığı üçün cəlilabadlılar onu əkib-becərməkdə yaxşı təcrübə toplamışlar. Aprel ayının ortaları - mayın birinci ongünlüyü arasında yığılan məhsul sellofan örtük altında yetişdirilir. Mayın 15-dən isə artıq açıq havada becərilən kartofun yığımı başlanır.

Cari ilin yanvar-fevral aylarında rayon üzrə ümumilikdə 5 min 450 hektarda kartof əkilmişdir ki, onun da 1350 hektarı örtükaltı əkinin payına düşür. Biz rayonda olarkən öyrəndik ki, həmin vaxtadək tədarük edilən kartofun 1088 tonu Rusiya, 1500 tonu isə daxili bazarlara göndərilib. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindəki bitkiçilik şöbəsinin müdiri Mübariz Nadirov xüsusi olaraq bir məsələni vurğulayıb dedi ki, kartofu, çiyələyi və ya digər kənd təsərrüfatı məhsulunu alan iş adamı həmin məhsulu Qida Təhlükəsizliyi Agentliyinin rayondakı xüsusi biolaboratoriyasında yoxlamadan keçirdikdən və lazımi sənəd əldə etdikdən sonra bazara çıxarmaq hüququ qazanır.

Onunla birlikdə bir neçə torpaq mülkiyyətçisi ilə görüşüb söhbət edirik. Maşlıq kənd sakini Mahmud Nadirovun dediklərindən məlum olur ki, 1,7 hektar sahəyə kartof əkib.

"Mart ayında yağan qarın şaxtası kartofu bərk qorxudub. Buna görə də məhsul biz istədiyimiz kimi alınmadı. Ancaq yenə də naşükür deyilik. Atalar demişkən, yoxdan kosa yaxşıdır. Şaxta bir gün deyil, daha çox davam etsəydi, vəziyyət necə olardı? İndi heç olmasa ümidliyik ki, çəkdiyimiz xərci çıxarıb, borcumuzu ödəyəcəyik". Müsahibimin dediyindən o da məlum olur ki, nübar məhsulun 1 kiloqramını 1-1,3 manata satırlar. Qiymətin bir azdan düşəcəyini nəzərə alaraq hər kəs öz məhsulunu bazara tez çıxarmağa çalışır.

Onunla qonşuluqda kartof yetişdirən fermer Razim Kərimov da məhsuldarlıqdan gileylidir: "Əkinçinin işi təbiətdən asılıdır. İl olur məhsul bol olur, il də olur heç çəkdiyin xərci götürə bilmirsən. Bu il o qədər də pis deyil, amma biz istədiyimiz kimi də deyil".

Digər bir yolla geri qayıdırıq. Yol-boyu hər tərəf kartof sahələridir. Fikirləşirsən ki, bir neçə gündən sonra açıq havada yetişdirilən bu qədər məhsulu ölkədə qoruyub saxlaya bilsək, yəni soyuducu anbarlarımız olsa, heç bir ölkədən idxal etməyə ehtiyac olmazdı.

Fermer Rafiq Rüstəmov ali təhsilli iqtisadçıdır. Sovetlər birliyi zamanında uzun müddət Cəlilabad broyler-quşçuluq fabrikində öz ixtisası üzrə işləyib. 2000-ci ildə rayonun Privolnoye kəndi ərazisində pay torpağında təsərrüfat yaradıb. İqtisadçı kimi qərara gəlib ki, torpaqla ülfət bağlasan, sahəni vaxtında və keyfiyyətlə əkib-becərsən, ondan fayda götürə bilərsən.

Sonralar bir az da torpaq alaraq öz pay torpağına qoşub. Hazırda 4,5 hektar əkin sahəsi var. Bunun 2 hektarına çiyələk, 2 hektarına kartof, qalan 0,5 hektarına buğda əkib. Çiyələk yığımına artıq başlayıb. Bir neçə gündən sonra isə açıq hava şəraitində becərdiyi kartofu çıxaracağını, buğda sahələrindən də yüksək məhsul gözlədiyini bildirir. Satışa verdiyi çiyələyin qiymətindən razı qaldığını, hər kiloqramını sahədən alıcılara 2 manata verdiyini deyir.

Qeyd edək ki, çiyələyin kütləvi şəkildə əkilib-becərilməsinə kolxoz-sovxoz təsərrüfatı dağıldıqdan sonra başlanılıb. O vaxta qədər az adam onu həyətyanı sahəsində əkirdi. Torpaqlar kəndlilərə verildikdən sonra hər kəs sərbəst şəkildə nə əkib-becərəcəyini özü müəyyənləşdirib. Bir neçə adam məhsuldar sort əldə etmək üçün Türkiyəyə gedərək şitillər gətirib, həm də bu bitkinin becərilməsi, yetişdirilməsi qaydalarını yaxşı öyrənib. Hətta bəziləri bir müddət qardaş ölkədə yaşayıb, işlə daha əsaslı maraqlanıb, daha mükəmməl bilgilər əldə edib və ölkəyə qayıdarkən ən yaxşı sortların şitillərindən alıb gətirib. Faydasını görənlər əkin sahələrini genişləndiriblər. İmkanlı fermerlər Türkiyədən mütəxəssislər də dəvət ediblər. Beləliklə, çiyələyin yetişdirilməsi ilə məşğul olanların sayı getdikcə artıb.

Çiyələyin də əsas bazarı Rusiyadır. Aprel ayının əvvəllərindən sellofan örtük altında yetişdirilən məhsulun 200 tondan çoxu Rusiya Federasiyasının bazarlarına, 70 ton isə daxili bazarlara göndərilib.

Hazırda rayon üzrə 590 hektardan artıq çiyələk sahəsi var. Həmin sahələrdə İtaliya, Türkiyə, ABŞ-dən gətirilən "Nurano", "Manteroy", "Kabrillo", "Kleri" və başqa sortlar əkilir.

Çiyələyin digər üstünlüyü onun çoxillik bitki olmasıdır. Əkdikdən sonra 4-5 il məhsul əldə edirsən. Lakin düzgün becərmək, qayğısına qalmaq şərtilə.

Cəlilabadda kənd təsərrüfatının digər sahələrində, eləcə də üzüm bağlarında becərmə işləri davam edir, bostan-tərəvəzə yaxşı qulluq olunur. Yaxın günlərdə isə sarımsaq yığımına başlanacaq. Taxıl biçininə hazırlıqla əlaqədar kombaynlar, əlavə texnikalar təmir edilib saz vəziyyətə gətirilir. Bir sözlə, indi hər bir kəndlini səhər gün çıxandan axşam gün batana kimi sahədə görərsən.

© "Azərbaycan"

cəlilabad kartof çiyələk
12.05.2022 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ