Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyev sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan zərərçəkən Cavidan Hacıyev məhkəmədə sərbəst ifadə verib.

O, 2016-cı ildə “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib, sonradan cəzası 6 ilə endirilib.

Cavidan Hacıyev bildirib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib:

“Özümün “İnter Alyans” şirkətinin adından Türkiyədən, digər ölkələrdən ölkəyə sement, sement xammalı gətirilməsi ilə məşğul olmuşam. 2008-ci ilin noyabrından başlayaraq Rauf Kərimovla şərikli işləməyə başladım. Özümün və Rauf Kərimovun biznes fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank”dan qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Rauf Kərimova məxsus “Bakı” mehmanxanasını girov qoymaqla 30 milyon manat məbləğində uzunmüddətli kredit götürdük”.

Cavidan Hacıyevin sözlərinə görə, 2012-ci ilin mart ayının ortalarında “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub:

“2012-ci ilin mayında şərikim Rauf Kərimov MTN-ə çağırıldı. Onu o vaxt MTN İstintaq Baş İdarəsinin şöbə rəisi olan Vüsal Ələkbərov çağırmışdı.
Sonradan məni də Vüsal Ələkbərov MTN-ə çağırdı. Türkiyədən ölkəyə gələrək MTN-ə getdim. Vüsal Ələkbərovun çağırışı üzrə 2-3 ay ərzində hər gün onun qəbulunda oldum.

Vüsal Ələkbərov hər gün məni və Rauf Kərimovu “Texnikabank”dan krediti necə, kimin vasitəsilə götürməyimiz, krediti nəyə xərclədiyimiz barədə soruşurdu. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov dedi ki, hərəniz 500 min manat verin, sizi həbs etməyək. Razılaşmadıq. Çünki cinayətimiz yox idi. Vüsal Ələkbərov demək olar ki, hər gün MTN-ə çağırılıb, 10-15 dəqiqə, gah da saatlarla gözlədib, bizi 1 milyon manatı verməyə razı salmağa çalışır, bizi hədələyirdi.

Razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına da aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşularaq hər dəfə bizə hədə-qorxu gəlir, israrla 1 milyon manat vermək lazım olduğunu deyirdi.

Bir dəfə Təhsin Ağayev otağından Mövlam Şıxəliyevə zəng vurdu, “bunlar deyilən məbləği hələ düzəltməyiblər” dedi. Təhsin Ağayev dəfələrlə mənə zəng edir, pulu verməyi, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayev və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq. Razılıq verməzdən bir neçə gün əvvəl Təhsin Ağayev Raufu Vüsal Ələkbərovun otağından Mövlam Şıxəliyevin xidməti kabinetinə apardı.

Onların söhbəti təxminən 15 dəqiqə çəkdi. Təhsin Ağayev Raufla birlikdə qayıtdı. Rauf mənə dedi ki, pulu verməsək, axırımız yaxşı olmayacaq. Mövlamın sözlərini mənə çatdırdı. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm. Ona görə də məcbur qalıb razılaşdıq. Biz Vüsal Ələkbərovdan pulu hissə-hissə vermək üçün vaxt istədik. Vüsal Ələkbərov razılaşdı”.

Cavidan Hacıyev qeyd edib ki, 2012-ci ilin sentyabr-noyabr ayları ərzində Rauf “Yunayted Kredit Bank”dan və “Atrabank”dan 500 min manat kredit götürüb:

“Mən isə sürücüm Elmir Muxtarovun adına “Atrabank”dan 200 min manat kredit götürdüm. Avtomobillərimi satmaqla 250 min manat, ümumilikdə 500 min manat düzəltdim. Vüsal Ələkbərov Rauf Kərimova zəng edərək pulu istədi. Pulu MTN-nin poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik. Vüsala ilk olaraq 200 min, ardınca 300 min manat, daha sonra 200 min manat və 200 min manat verdik. Son dəfə Vüsalın tapşırığı əsasında Təhsin Ağayev bizdən pulu - 100 min manat aldı”.

Cavidan Hacıyev qeyd edib ki, 2014-cü ildə Baş Prokurorluq “Texnikabank”la bağlı araşdırmalar zamanı onları da istintaqa çağırıb:

“O zaman bildik ki, MTN-də bizim barəmizdə heç bir sənədləşmə aparılmayıb. Halbuki, Vüsal Ələkbərov bizi aylarla MTN-də dindirirdi, sənədləri imzalatdırırdı. Vüsal Ələkbərov, Təhsin Ağayev və Mövlam Şıxəliyev yaxşı bilirdilər ki, bizim günahımız yoxdur. Ona görə bizi MTN binasına qeydiyyatsız girişimizi təşkil ediblər”.

Daha sonra zərərçəkmiş şəxs qismində dindirilən Orxan Abdullayev bildirib ki, 2013-cü ilin martında şəriki Sərdar İsmayılovla Gürcüstanda satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş ediblər:

“Mallar Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəldi. O zaman bildik ki, sifarişi düzgün verməmişik. Malların üzərində Gürcüstanın bayrağı həkk olunmadığı üçün orada satışı mümkün olmadı. Həmin malları Azərbaycanda satmağı fikirləşdik. Sərdar İsmayılov tanışı Elman Məsimov vasitəsilə həmin malları Bakı şəhərinə gətirə biləcəyini dedi.

Buna görə də Sərdarla birlikdə Balakən şəhərinə getdik, orada Elmanla görüşdük. Elman bizi Əfsəl və Məcid adlı şəxslərlə tanış etdi. Həmin adamlarla birlikdə Tbilisi şəhərinə getdik, malların yerini Əfsəl və Məcid adlı şəxslərə göstərdik. Sonra Balakənə qayıtdıq. 10 sentyabr 2013-cü ildə Sərdarla Bakıda “Eqzotika” çay evində çay içəndə özlərini MTN-in əməkdaşı kimi təqdim edən şəxslər bizi saxlayıb, MTN-ə gətirdilər.

Günyarım orada qaldıq. Bizdən pul istəyirdilər. Dedilər ki, gedin, sizi çağıracağıq. Növbəti gün MTN-ə çağırdılar. Səbail rayon Məhkəməsi barəmizdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçdi”.

Orxan Abdullayev deyib ki, 2013-cü ilin noyabrında onu MTN-in istintaq təcridxanasından Yasin Məmmədovun otağına gətiriblər:

“Atam da Yasin Məmmədovun otağında idi. Təxminən 5 dəqiqə söhbət elədik. Atama dedim ki, Yasin Məmmədov nə istəyir, ver, məni çıxart, burada qala bilmirəm. Məni təcridxanaya qaytardılar.

Atam Yasin Məmmədovun otağında qaldı. Bir müddət sonra Fuad Alməmmədovun otağında ifadə verəndə ona dedim ki, məni Yasin Məmmədovun otağına apar. Yasin Məmmədova azad edilməyim üçün köməklik etməsini xahiş etdim. Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazdı, mənə göstərdi. Dedi ki, Cahangir səndən çox pul verir, bunu gətir, səni buraxım.

4 aydan artıq MTN-də həbsdə qaldım. 2014-cü ilin yanvar ayının sonlarında məni ekspertizaya apardılar, ağır xəstəlikdən əziyyət çəkməyim barədə rəy alındı.

Ekspertizaya görə, Yasin Məmmədov atamdan 3 min manat almışdı. 6 fevral 2014-cü ildə həbsdən azad edildim. Atamdan öyrəndim ki, məni həbsdən azad etdirmək üçün Nizami rayonu, Nəsimi küçəsi ev 50, mənzil 42 ünvanındakı mənzilimi satıb, Yasin Məmmədova 50 min manat verib. Cinayət işi məhkəməyə göndərilməzdən əvvəl Yasin Məmmədovun otağına getmişdim. Orada 2 müstəntiqin yanında dedi ki, burada nə demisiniz, hamısını məhkəmədə təsdiq edirsiniz, orada artıq-əskik danışmayın, demişəm sizə şərti cəza verəcəklər”.

Zərərçəkən deyib ki, belə də olub: “İşi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada hakimin köməkçisi vasitəsi ilə 26 min manat da aldılar, şərti cəza verdilər”.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

© APA

31.05.2022 21:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ