Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərbaycandakı logistika layihələrinə investisiya yatırmaq imkanlarını araşdırırıq" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycandakı logistika layihələrinə investisiya yatırmaq imkanlarını araşdırırıq" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən həftə Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanın Azərbaycanla əməkdaşlığın hazırki və gələcək perspektivləri ilə bağlı müsahibəsini təqdim edirik:

-Cənab Bouman, Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etdiniz. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla əməkdaşlığının gələcək perspektivləri nədən ibarət olacaq?

- Bu məsələləri çoxdankı tərəfdaşlarımızla şəxsən müzakirə etmək üçün Bakıda olmaq çox gözəldir. Biz Azərbaycana və Qafqaza tam sadiqik və inanırıq ki, sərmayələrimiz siyasət dəstəyi və texniki əməkdaşlıqla birlikdə Azərbaycana nəzərəçarpacaq faydalar gətirməyə davam edəcək.

Bilirik ki, Azərbaycan iqtisadiyyatı yaxşı inkişaf edir və bunun səbəblərindən biri də enerji qiymətlərindəki cari artımdır. Azərbaycanın orta və uzunmüddətli dayanıqlığını gücləndirməklə bağlı bu fürsət pəncərəsindən istifadə etmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik.

Buradakı hazırkı strategiyamız Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək, kiçik və orta sahibkarlıq (KOB) üçün maliyyəyə daha yaxşı çıxışı təmin etmək və ölkənin dekarbonizasiya ilə bağlı gündəmini dəstəkləməkdən ibarətdir.

2022-ci il həm siyasət, həm də investisiya baxımından bir çox ilklər ili oldu. Keçən il biz Qaradağda ilk günəş elektrik stansiyasını birgə maliyyələşdirdik. Həmçinin flaqman Yaşıl Şəhərlər proqramımız çərçivəsində iki müqavilə imzaladıq. Birinci saziş Gəncəyə bərk məişət tullantılarının idarə olunmasını təkmilləşdirməyə kömək etmək, ikinci saziş isə şəhərin enerji səmərəliliyini artırmaq məqsədi daşıyır. Bundan əlavə, logistika sərmayələri, eləcə də ixrac bazarının şaxələndirilməsi və yenidən istiqamətləndirilməsi ilə kiçik və orta sahibkarlığı (KOS) dəstəklədik.

Rəqəmsallaşma baxımından biz Avropa İttifaqı ilə birlikdə Azərbaycanın regionlarında 280 mindən çox ailənin internetə etibarlı çıxışını təmin etmək üçün “Aztelecom”a 50 milyon dollara qədər kreditin verilməsinə dəstək verdik. Həmçinin, hökumətlə ikitərəfli donor sazişi vasitəsilə maliyyələşdirilən ilk layihə olan İT mərkəzlərini işə saldıq. Bu layihədə məqsəd tələbələrin regionlarda təlim keçməsinə dəstək olmaq və onların beynəlxalq informasiya texnologiyaları şirkətlərində məsafədən iş tapmasına kömək etməkdir.

Azərbaycanla əməkdaşlığa 2023-cü ilə də güclü start vermişik. Bura səfərim zamanı biz Azərbaycanın ikinci dərəcəli aparıcı istehsalçısına öz istifadə müddəti bitmiş batareyanın təkrar emal imkanlarını genişləndirməyə dəstək olmaq üçün ilk dairəvi iqtisadiyyat layihəmizi imzaladıq. Bu, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu nailiyyətlərə baxaraq, əminəm ki, Azərbaycanla davamlı infrastruktur, yaşıl maliyyə, iqtisadi inklüzivlik və ya rəqəmsallaşma sahəsində səmərəli əməkdaşlığımız davam edəcək. Biz bu sürəti 2023-cü ilə və ondan sonrakı dövrə də daşıyacağıq.

-Bankın əsas prioritetlərindən biri yaşıl iqtisadiyyatın inkişafıdır. Bunu nəzərə alaraq, AYİB 2023-cü ildə Azərbaycanda hansı sahələrə və hansı həcmdə kredit ayırmağı planlaşdırır?

- Azərbaycanda ənənəvi yanacaq bahalaşıb. Bu baxımdan, bərpa olunan enerji mənbələrinin ekoloji faydaları ilə yanaşı, iqtisadi cəhətdən səmərəliliyi də ortaya çıxıb.

Buna görə də, indi investisiyalar və qanunverciliyin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın karbon yanacağından asılılığı azaltmaq səylərini fəal şəkildə dəstəkləyirik. Biz bu yaxınlarda ölkədə ilk özəl günəş elektrik stansiyasının tikintisinə birgə sərmayə qoyduq, həmçinin Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi imkanlarını araşdırırıq.

Siyasət tərəfində biz Energetika Nazirliyinə şəbəkənin təkmilləşdirilməsi üzrə tədqiqatın aparılmasında köməklik göstərmişik və Paris razılaşmasına əsasən ölkənin öhdəliklərinə uyğun olaraq Azərbaycanda aşağı karbonlu və iqlimə davamlı enerji sektorunun inkişafına dəstəyi davam etdirmək üçün saziş imzalamışıq.

Bura bərpa olunan enerjinin gələcək inkişafı, şəbəkənin təkmilləşdirilməsi, təkmilləşdirilmiş enerji səmərəliliyi və hidrogen kimi yeni texnologiyaların tədricən tətbiqi daxildir.

- AYİB bu il və növbəti illərdə Orta Dəhlizin inkişafına necə dəstək verəcək?

-Beynəlxalq daşıyıcılar Orta Dəhliz vasitəsilə daşımalara artan tələbatla öz tranzit marşrutlarını şaxələndirməyə çalışırlar. Marşrut Qafqaz və Mərkəzi Asiya üçün yeni ticarət imkanları açmaq potensialına malikdir və real alternativdir. Bu, dəhliz boyunca yerləşən ölkələrin artım potensialını artırmağa kömək edəcək və onun keçdiyi ölkələrdə, o cümlədən Qafqazda logistika və nəqliyyat qovşaqlarının inkişafına dəstək verəcək.

AYİB öz müştərilərinə anbarların tikintisi, Gürcüstanda liman infrastrukturunun təkmilləşdirilməsi və Qazaxıstanda dəmir yollarına sərmayə yatırmaq kimi müxtəlif layihələr vasitəsilə Mərkəzi Asiyanı Qafqazla əlaqələndirməkdə fəal şəkildə dəstək verir.

Biz həmçinin Azərbaycana Orta Dəhliz boyu idxal, ixrac və tranzit imkanlarını artırmağa kömək etmək üçün çalışırıq. Bu yaxınlarda özəl logistika şirkətinə Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında anbar tikintisi üçün kredit ayırdıq və Orta Dəhliz boyu kiçik və orta biznes üçün logistik investisiyaları dəstəklədik.

Hazırda digər logistika layihələrinə investisiya yatırmaq imkanlarını, o cümlədən Azərbaycanın tranzit potensialını yaxşılaşdırmaq üçün Aİ ilə işləmək imkanlarını araşdırırıq.

-Xanım Odil Reno-Basso ötən il Bakıda olarkən bir sıra görüşlər keçirdi. O cümlədən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə 100 milyon dollar kreditin ayrılması üçün mandat məktubu imzalandı. Kreditin ayrılması ilə bağlı hazırkı durum necədir?

-AYİB-lə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” arasında mandat məktubu imzalansa da, kreditin maliyyələşdirilməsi hələ ki, təsdiqlənməyib. Hazırda lazımı araşdırma və danışıqlar davam edir və layihənin təfərrüatlarını müəyyənləşdirmək tezdir. Bununla belə, biz bu ilin yayına qədər müqavilə bağlaya biləcəyimizə ümid edirik.

-Səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə görüşünüz olub. Əməkdaşlıq üçün hansı planlarınız var?

-Bəli, düz deyirsiniz. Çərşənbə günü Mərkəzi Bankın yeni sədri ilə görüşümüz zamanı biz Azərbaycanın cari iqtisadi və bank mənzərəsini araşdırdıq və diqqəti kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarının axtarılmasına yönəltdik.

Müzakirə etdiyimiz təşəbbüslərdən biri yerli KOB-lara kredit reytinqləri əldə etməkdə kömək etmək üçün Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı idi. Biz həmçinin, ehtiyac olarsa, Ekoloji, Sosial və İdarəetmə (ESG) sahələrində təlim və əlavə yardım göstərməklə Mərkəzi Banka öz dəstəyimizi təklif etdik.

Biz 2023-cü il və ondan sonrakı müddətdə Azərbaycanın bank sektorunun sabitliyini və dayanıqlığını gücləndirmək istiqamətində işi davam etdirməyə sadiqik.

-Cənab Bouman bilirik ki, qlobal siyasi proseslər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Bu il müharibənin dünya iqtisadiyyatına, o cümlədən Cənubi Qafqaz və Azərbaycan iqtisadiyyatına təsirlərini necə görürsünüz?

-Biz bu həlledici dövrdə Ukraynaya və onun real iqtisadiyyatına dəstəyimizdə çox fəalıq. Ukrayna xalqı ilə həmrəyik və Rusiyanın işğalını qətiyyətlə pisləyirik. AYİB-in prezidenti ötən ilin oktyabr ayında Kiyevə səfər etdi, prezident Zelenski, baş nazir Denis Şmıxal, Kiyev meri Vitali Kliçko ilə görüş keçirdi. Prezident Zelenskinin səfər zamanı dediyi kimi, qarşıda duran vəzifə qışla mübarizə aparmaqdır. Biz artıq Ukrayna üçün 1,7 milyard avro, tərəfdaş banklarımızdan isə əlavə 200 milyon avro səfərbər etmişik.

Hazırda diqqətimiz Ukraynaya növbəti bir neçə ayda istilik, qaz və elektriklə bağlı problemlərdən yayınmaq üçün kömək göstərməkdir.

Təəssüf ki, bu münaqişənin hələ aylarla davam etməsinə hazırlaşmalıyıq. Bununla belə, vaxtı gələndə biz bu dağıdıcı müharibənin ardınca gələcək yenidənqurma və bərpa işlərində aparıcı rol oynamağa hazırıq.

Cənubi Qafqaza gəlincə, gözlənilməz qısamüddətli amillər, o cümlədən Rusiyadan daha çox xalis pul köçürmələri axını və turizmdən əldə edilən gəlirlərin gözləniləndən çox olması səbəbindən iqtisadi artım gözləniləndən yüksək olub. Azərbaycanda iqtisadi artıma əsas təsir göstərən isə enerji qiymətlərindəki cari artımdır.

Düşünürük ki, enerji qiymətləri və Azərbaycan qazına tələbat bu il yüksək olaraq qalacaq. Bu, ölkənin 2023-cü il ərzində ümumi iqtisadi göstəricilərini dəstəkləyəcək. Bununla belə, biz bu fürsət pəncərəsindən ölkənin orta və uzunmüddətli davamlılığını təmin etmək və daha etibarlı təchizat zəncirlərindən və logistik həllərdən faydalanacaq yerli istehsalı artırmaq üçün istifadə etmək istərdik.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

APA

23.01.2023 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ