Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib.Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında məlumatı:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilmişdir. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınmışdır.
Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8%, 12 aylıq baza inflyasiya isə 1.4% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 0.3%, qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3% olmuşdur.
İllik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin fevralında illik əsasda 7.3%, o cümlədən enerji qiymətləri üzrə 7.5% enmişdir. ABŞ-nin Enerji İnformasiya Agentliyinin (EİA) məlumatına görə 2024-cü ilin II rübündən neft ehtiyatlarının artması proqnozu qiymətlərə təsir edən əsas amillərdən biri olacaqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi fevralda illik əsasda 10.5% azalmışdır. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin ilk 2 ayında 1.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə vermişdir.
2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunmuşdur. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artmışdır ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunmuşdur. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olmuşdur. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir. Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalmışdır.
Pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir.
Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin etmişdir. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər. O cümlədən fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri istisna edilmir.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılmışdır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır.
Pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaqdır.
Bu qərar 29 mart 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il may ayının 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
8 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
8 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
8 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib























