2026-cı ildə Asiyada keçirilmiş ən böyük IPO - Səhmləri birjada debütündə 500%-dən çox bahalaşdı
Çinin çip istehsalçısı “Changxin Technology Group”un (CXMT) səhmləri bazar ertəsi Şanxay Fond Birjasının texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi STAR Market platformasında ticarətə başladıqdan sonra 500%-dən çox bahalaşıb. Bununla da CXMT Çin birjalarında listinqdə olan ən dəyərli şirkətə çevrilib.
Marja xəbər verir ki, Hefey şəhərində yerləşən şirkət səhmlərinin ilkin kütləvi təklif (IPO) qiymətini 8,66 yuan müəyyənləşdirməklə 57,92 milyard yuan (8,6 milyard dollar) cəlb edib. Bu, cari ildə Asiyada keçirilmiş ən böyük IPO olub.
Son məlumatlara görə, CXMT-nin səhmləri 52 yuan səviyyəsində ticarət edilib. Bu qiymət əsasında şirkətin bazar kapitallaşması təxminən 3,5 trilyon yuan təşkil edib.
Şirkətin IPO prospektində bildirilir ki, 2025-ci ilin dördüncü rübünün satış göstəricilərinə əsasən, CXMT qlobal DRAM bazarının 7,67%-nə sahib olub. DRAM çiplərindən smartfonlardan tutmuş serverlərədək müxtəlif elektron cihazlarda istifadə olunur.
Qlobal DRAM bazarında “Samsung Electronics”, “SK Hynix” və “Micron Technology” şirkətləri üstün mövqeyə malikdir.
“Yiyi Capital”ın baş icraçı direktoru Teodor Şou CNBC-nin “Squawk Box Asia” proqramında bildirib:
“Şirkətin qlobal liderlərdən birinə çevriləcəyinə şübhəm yoxdur. Onun yalnız rəqib deyil, məhz bu sektorda qlobal çempion olması sadəcə zaman məsələsidir”.
CXMT-nin birjada listinqi şirkətə marağın artdığı dövrə təsadüf edib. Bu ayın əvvəlində yayılan məlumatlara görə, “Apple” Çində satılan cihazlarında CXMT-nin istehsal etdiyi DRAM çiplərindən istifadə imkanlarını sınaqdan keçirməyə başlayıb.
Qlobal hesablama gücünə tələbatın davamlı artması və iri istehsalçıların istehsal güclərini yenidən bölüşdürməsi fonunda CXMT cari ilin birinci rübünü 35,43 milyard yuan əməliyyat mənfəəti ilə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 2,83 milyard yuan əməliyyat zərəri ilə üzləşmişdi.
“İlk ticarət günündə səhmlərin 470% bahalaşması o qədər də nadir hadisə deyil. Bu vəziyyətdə diqqəti xüsusilə cəlb edən məqam belə böyük şirkətin bu qədər yüksək nəticə göstərməsidir”, – Şou bildirib.
Onun sözlərinə görə, əvvəllər belə kəskin bahalaşmalar əsasən kiçik kapitallaşmaya malik şirkətlərdə müşahidə olunurdu. CXMT-nin səhmlərindəki sıçrayışa isə ilk ticarət günündə sərbəst dövriyyədə olan səhmlərin nisbətən məhdudluğu və bazarda əvvəlcədən formalaşmış güclü nikbinlik təsir edib.
“Morningstar” cümə günü yaydığı analitik qeyddə bildirib ki, süni intellekt Çin üçün getdikcə daha çox milli təhlükəsizlik məsələsinə çevrildiyindən CXMT bu tendensiyanın əsas faydalananlarından biri ola bilər.
Araşdırma şirkətinin qiymətləndirməsinə görə, CXMT-nin texnologiyası hələ də qlobal yaddaş çipi istehsalçılarından geri qalır. Bununla belə, Pekinin yarımkeçiricilər sahəsində özünütəminetmə siyasəti və süni intellektin inkişafına rəhbərlik edən yerli internet nəhəngləri CXMT çiplərinin geniş tətbiqini sürətləndirə bilər.
2016-cı ildə şirkətin sədri Çju İmin tərəfindən yaradılan CXMT IPO-dan əldə etdiyi vəsaiti texnoloji imkanlarının və əsas rəqabət üstünlüklərinin gücləndirilməsinə yönəltməyi planlaşdırır. Prospektdəki məlumatlara əsasən, əsas prioritetlər yaddaş çipləri üçün lövhələrin kütləvi istehsalı, eləcə də tədqiqat və inkişaf layihələridir.
Teodor Şou yaddaş çipləri bazarındakı mövcud nikbinliklə bağlı xəbərdarlıq da edib:
“Düşünürəm ki, yaddaş çipləri dövrü ilə bağlı bazar əhval-ruhiyyəsi qısamüddətli zirvəyə yaxınlaşır. İnvestorlar, xüsusilə Çində, artıq IPO fonunda satışlara başlayıblar. Yaddaş çipi biznesi dayanıqlıdır, lakin hazırda müşahidə etdiyimiz yüksək marjalar və xalis rentabellik davamlı deyil. Bunlar bazar dövrü ərzində normal səviyyəyə qayıtmalıdır”.
O əlavə edib ki, səhmlərin qiyməti hələ zirvə səviyyəsinə çatmamış ola bilər, lakin bazarda tələb və təklif arasındakı uyğunsuzluq artıq ən yüksək həddə yaxınlaşıb.
XXX
DRAM (Dynamic Random Access Memory) — “dinamik təsadüfi girişli yaddaş” deməkdir. Kompüter, smartfon, server və digər elektron cihazlarda operativ yaddaşın (RAM) əsas növlərindən biridir.
DRAM cihazın həmin anda işləməsi üçün lazım olan məlumatları müvəqqəti saxlayır. Məsələn, proqram açıldıqda onun məlumatları daimi yaddaşdan DRAM-a ötürülür və prosessor bu məlumatlara daha sürətli çıxış əldə edir.
Əsas xüsusiyyətləri:
sürətli işləyir;
məlumatları müvəqqəti saxlayır;
elektrik enerjisi kəsildikdə məlumatlar silinir;
smartfon, kompüter, server və süni intellekt sistemlərində geniş istifadə olunur.
Sadə dillə desək, daimi yaddaş cihazın “anbarı”, DRAM isə işləyərkən istifadə etdiyi “iş masasıdır”. DRAM nə qədər çox olarsa, cihaz eyni vaxtda daha çox proqram və prosesi rahat idarə edə bilər.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
23 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 2 d. əvvəl
- 6 d. əvvəl
-
8 d. əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 30 d. əvvəl
- 34 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
2 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
"CFI Financial”da 7 dəfədən çox artım
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
Ən çox oxunanlar
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək






















