Tesla-nın xalis mənfəəti 43% azalıb – Avtomobil satışından gəlirləri geriləyib
ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla şirkətinin 2026-cı ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 43% azalaraq 787 milyon dollara düşüb. Şirkətin ümumi gəlirləri isə təxminən 28 milyard dollar səviyyəsində qalıb.
Marja.az xəbər verir ki, bu barədə Tesla-nın 2026-cı ilin iyul-sentyabr ayları üzrə açıqladığı maliyyə hesabatında bildirilir.
Hesabata əsasən, şirkətin üçüncü rübdə ümumi gəlirləri 28 milyard 46 milyon dollar təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 28 milyard 95 milyon dollar olmuşdu. Beləliklə, Tesla-nın gəlirləri illik müqayisədə cüzi azalıb.
Şirkətin əsas fəaliyyət istiqaməti olan avtomobil biznesindən əldə etdiyi gəlirlər isə 3% azalaraq 20,6 milyard dollara geriləyib.
Tesla-nın xalis mənfəəti 2025-ci ilin üçüncü rübündə qeydə alınmış 1,37 milyard dollardan 787 milyon dollara düşüb. Bu, illik müqayisədə 586 milyon dollar və ya təxminən 43% azalma deməkdir.
Şirkətin bir səhmə düşən mənfəəti də ötən ilin eyni dövründəki 39 sentdən 22 sentə enib.
Bununla belə, Tesla-nın həm gəlirləri, həm də mənfəət göstəriciləri bazar analitiklərinin gözləntilərini üstələyib.
Avtomobil istehsalı artıb, satışlar azalıb
Tesla 2026-cı ilin üçüncü rübündə dünya üzrə 464 min 391 elektrikli avtomobil istehsal edib və 486 min 532 avtomobilin müştərilərə çatdırılmasını həyata keçirib. Şirkətin avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4% artsa da, çatdırılmaların sayı 2% azalıb.
Şirkətin açıqladığı məlumatlara görə, hesabat dövründə Model 3 və Model Y avtomobillərinin istehsalı 457 min 387 ədəd, müştərilərə çatdırılması isə 478 min 237 ədəd təşkil edib. Digər modellər üzrə 7 min 4 avtomobil istehsal olunub, 8 min 295 avtomobil isə alıcılara çatdırılıb.
Tesla-nın avtonom idarəetmə sisteminə maraq artır
Şirkətin açıqlamasında bildirilir ki, Şimali Amerikada yeni avtomobil alan müştərilər arasında nəzarət altında işləyən tam avtonom idarəetmə sisteminin (Full Self-Driving – FSD) istifadə göstəricisi 75%-i ötüb. Tesla hesab edir ki, FSD texnologiyası istifadəyə verildiyi bazarlarda avtomobillərə tələbin artmasına müsbət təsir göstərir. Şirkət bu texnologiyanın digər ölkələrdə də istifadəsinə icazə verilməsi məqsədilə müvafiq tənzimləyici qurumlarla danışıqları davam etdirir. Qeyd edək ki, FSD sistemi sürücünün daimi nəzarətini tələb edir və avtomobili tamamilə avtonom etmir.
Tesla robotaksi xidmətinə başlayıb, yeni Roadster modelini təqdim edib
Tesla-nın məlumatına görə, şirkət sentyabrın 3-də ABŞ-ın Ostin şəhərində Cybercab avtomobilləri vasitəsilə robotaksi xidmətini istifadəyə verib. Hesabat dövründə sürücü müdaxiləsi olmadan həyata keçirilən robotaksi yürüşlərinin ümumi məsafəsi əvvəlki rüblə müqayisədə səkkiz dəfə artıb. Şirkət həmçinin oktyabrın 15-də yeni nəsil Roadster modelini təqdim edib. Tesla-nın açıqlamasında bildirilir ki, üçüncü rübdə avtomobil istehsalının daha sürətlə artırılmasını məhdudlaşdıran əsas amil batareya təchizatı olub.
Bununla belə, şirkət gələcək dövrlər üçün batareya tədarükünün təmin olunması istiqamətində mühüm irəliləyiş əldə etdiyini açıqlayıb.
Süni intellekt və robototexnikaya investisiyalar davam edir
Tesla avtomobil istehsalı ilə yanaşı, süni intellekt, robototexnika və enerji texnologiyalarına investisiyalarını genişləndirir. Şirkət gələcək inkişaf strategiyası çərçivəsində tədqiqat və inkişaf xərclərini, eləcə də kapital qoyuluşlarını davam etdirdiyini bildirib. Tesla-nın üçüncü rübdə kapital xərcləri illik müqayisədə iki dəfədən çox artaraq 4,7 milyard dollara çatıb. Şirkətin sərbəst pul axını isə 62% azalaraq təxminən 1,5 milyard dollar təşkil edib.
Tesla 2026-cı ilin üçüncü rübünün sonunda 45,4 milyard dollar həcmində pul vəsaitlərinə, pul ekvivalentlərinə və investisiyalara malik olub.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
1 saat əvvəl
Tesla-nın xalis mənfəəti 43% azalıb – Avtomobil satışından gəlirləri geriləyib
-
1 saat əvvəl
Meta 25 milyard dollar cərimələndi – Şirkət milyonlarla istifadəçini aldatmaqda təqsirli bilindi
-
1 saat əvvəl
Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
11 saat əvvəl
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
-
14 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
Ərdoğan Əliyevə zəng etdi
Ən çox oxunanlar
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək






















