Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-2_21

Pandemiya dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili qaydaları təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pandemiya dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili qaydaları təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Marja-nın xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili QAYDALARI

1. Giriş

1.1.     Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o cümlədən Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu  göstəricilər əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.

1.2.   Bu Qaydaların əsas məqsədi COVID-19 pandemiyasının ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

1.3.    Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və (və ya) yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

1.4.  Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki (sosial) məsafənin saxlanılması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və  dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

1.5.     Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mehmanxanalara şamil olunur. Bu Qaydaların məqsədləri üçün mehmanxana dedikdə, qəbul-qeydiyyat bölməsinin mövcud olduğu, eyni zamanda qonaqlara yerləşdirmə, qidalanma və digər əlavə xidmətlər göstərən yerləşdirmə vasitəsi nəzərdə tutulur.

1.6.    Bu Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər (otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə şamil edilmir.

1.7.    Mehmanxanaların daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından mehmanxanada otaq, işgüzar tədbir, konfrans və ya görüş rezervasiyası olmayan şəxslərin istifadəsinə icazə verilmir.

 

2.                                                        Ümumi göstərişlər

2.1.  Yerləşdirmə xidməti göstərən mehmanxanalar fəaliyyətlərini təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər.

2.2.    Mehmanxanalar bu Qaydalarla müəyyən edilmiş fiziki (sosial) məsafə tələblərinin tətbiqinə imkan verən sayda qonaq qəbul edə bilərlər.

2.3.   Mehmanxanalara qonaqlar tərəfindən səfəri ləğv etməyə imkan verən ləğvetmə siyasətini həyata keçirmək tövsiyə edilir.

2.4.     Qonaqların və təchizatçıların mehmanxanalara səfəri nəticəsində yaranan fiziki təması minimuma endirmək məqsədilə qonaqlar və təchizatçılar mehmanxanaya səfər etməzdən əvvəl və ya səfər zamanı COVID-19 riskinin azaldılması ilə bağlı mehmanxanada tətbiq edilən tədbirlər, habelə məhdudiyyətlər barədə məlumatlandırırlar. Bu cür məlumatlar mehmanxananın internet səhifəsində, rezervasiya saytlarında və mehmanxananın girişində yerləşdirilir və mütəmadi olaraq yenilənir.

2.5.   İşçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə riayət etməli olduqları davranış qaydaları, o cümlədən tələb olunan gigiyena və sanitariya tədbirləri barədə bukletlər bütün yaşayış otaqlarında, afişalar, məlumat lövhələri və digər yazılı xatırlatmalar mehmanxananın girişində və digər ümumi istifadədə olan ərazilərində (qeydiyyat masası, lobbi, işçi girişi, mal və ləvazimatların qəbulu sahəsi, lift, pilləkan, qidalanma məkanları, banket zalları, qonaq və işçi dəhlizləri, sanitariya qovşaqları, biznes mərkəzləri və iş otaqları, spa və hovuz əraziləri, idman zalları, mətbəx və qonaq otaqları və s.) yerləşdirilməlidir.

2.6.    Qonaqlar arasında növbənin tənzimlənməsi məqsədilə növbə sisteminin qurulması, baryerlərin qoyulması və ya işçi heyət tərəfindən qonaqların yönəldilməsi təmin edilir.

2.7.  Mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir.

2.8.  Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlar əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələrlə təmin edilir.

2.9.    Mehmanxana daxilində və ərazisində insanların kütləvi toplaşması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməlidir.

2.10.      Mehmanxana ərazisində qapalı məkanlarda canlı auditoriya qarşısında tədbirlərin, o cümlədən tamaşaların və konsert tədbirlərinin keçirilməsinə yol verilmir.

2.11.  Mehmanxana tərəfindən nəqliyyat xidməti təmin edilərsə, fərqli qonaq qrupları ayrı-ayrılıqda daşınmalıdır.

2.12.    Mehmanxananın bütün xidmət ərazilərində təmassız ödəniş üsullarına üstünlük verilir və bütün mümkün hallarda nağd ödənişlərin məhdudlaşdırılması təmin edilir. Ödənişlər nağd formada həyata keçiriləcəyi halda, ödənişi qəbul edən işçi dərhal sonra əllərini dezinfeksiya etməli, pulun qalığı qaytarılırsa, təmasdan yayınmaq üçün pul üçün ayrıca qab qoyulmalıdır. Qonaqların toxunduğu (toxunacağı) ödəniş terminalları hər bir qonaq tərəfindən istifadədən sonra mütləq 70 faiz spirt tərkibli məhlulla təmizlənir və dezinfeksiya edilir.

2.13.  İşçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün qonaqların işçi heyətlə telefon, elektron poçt və (və ya) mobil tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır.

2.14.    Bu Qaydalarda fiziki (sosial) məsafə tələbi ilə bağlı müəyyən olunmuş məhdudiyyətlər eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara şamil edilmir.

3.                                Operativ nəzarət və daxili tədbirlər planı

 

3.1.     Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ

 

Nəzarət Qrupu (Rapid Response Team) yaradılır, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunur. Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.

3.2.  Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin edir, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil edir.

3.3.  Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəllərini müəyyən edir və onların icrasına nəzarət edir.

3.4.     Mehmanxana sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planı ilə bağlı ümumi tələblər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilir. Tədbirlər planının icrasına Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs nəzarət edir.

3.5.  Operativ Nəzarət Qrupunun rəhbəri və ya operativ nəzarət üzrə məsul şəxs mütləq qaydada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən yaradılan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən təşkil olunmuş tədris qrupunda bu Qaydaların tətbiqi ilə əlaqədar nəzarət tədbirlərinin həyata keçirilməsinin təşkili üzrə distant təlim kurslarına cəlb olunur və kursu bitirməsi barədə həmin şəxslərə müvafiq sertifikat verilir.

3.6.   Operativ Nəzarət Qrupunun üzvləri və ya operativ nəzarət üzrə məsul şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Qida  Təhlükəsizliyi Agentliyinin əlaqəli şəxslərinin adları və əlaqə vasitələrinin olduğu məlumat kitabçası ilə təmin edilirlər.

 

4.                                                        İşçiyə dair tələblər

 

4.1.      Mehmanxananın işçi heyəti Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə (əl gigiyenası, tənəffüs gigiyenası, fiziki (sosial) məsafənin saxlanılması, gözlərə,  burun və ağıza toxunmamaq) riayət etmək və xəstəliyə uyğun simptomlar varsa, evdə qalmaq və tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidirlər.

4.2.   İşçi heyət mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onların hərarəti ölçülür. Bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, işçinin mehmanxanaya daxil olmasına yol verilmir.

4.3.  İş vaxtı ərzində işçidə bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 9-cu hissəsinin tələblərinə uyğun tədbirlər görülür.

4.4.   İşçi heyətin mehmanxanaya girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər əl dezinfeksiyaedici vasitələrlə təmin edilir.

4.5.  Mehmanxananın işçi heyəti şəxsi gigiyena tədbirlərinə əməl etməlidirlər. İşçi heyətin geyimi gündəlik dəyişdirilir və təmizlənir.

4.6.  İşçi heyət üçün lazımi sayda fərdi qoruyucu vasitələr təmin edilir. Bütün işçilər iş prosesində xidmət sahəsinə uyğun olaraq tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edirlər. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilir və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilir.

4.7.        Mehmanxananın girişində və çıxışında işləyən mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 2 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə üz sipərlərindənə istifadə etməlidirlər. Mühafizə xidmətinin işçiləri spirt əsaslı dezinfeksiya vasitələri, birdəfəlik istifadə üçün salfetlər, tullantıların yığılması üçün xüsusi paketlərlə təmin olunurlar.

4.8.  İşçi heyət üçün nəzərdə tutulmuş duş kabinələri, sanitariya qovşaqları, ümumi istifadədə olan yemək və istirahət ərazilərinin fiziki (sosial) məsafə qaydalarına uyğun olaraq tutumu müəyyən edilir (xüsusi döşəmə işarələri, baryerlər, zolaqlar və s. vasitəsilə tənzimlənir) və həmin ərazilərdən müvafiq sayda işçilərin istifadə etməsinə icazə verilir. Bu cür ərazilərdə spirt tərkibli dezinfeksiyaedici vasitələr qoyulur və mütəmadi qaydada təmizləmə və dezinfeksiya işləri həyata keçirilir.

4.9.  İşçi heyət üçün nəzərdə tutulmuş otaqlarda qalanların sayı çarpayılar arasında 2 metr fiziki məsafə tələbinə riayət edilməsi şərtilə 4 nəfərdən çox (adambaşına düşən sıxlıq norması nəzərə alınmaqla) olmamalıdır. Bu ərazilərə kənar şəxslərin girişinə icazə verilmir.

4.10.   Mümkün hallarda növbə ilə və ya qrup şəklində çalışan işçilərin, habelə müvafiq mərtəbələr və ya bölmələr üzrə məsul işçilərin eyni heyətdə və bölmədə işləmələri və rotasiya edilməmələri təmin olunmalıdır.

4.11.  Yüksək risk qrupuna daxil olan işçilərin, o cümlədən yaşlı, hamilə və ya yanaşı xəstəlikləri olan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür işçilər qeydiyyat və qonaqlarla bilavasitə təmas tələb edən digər işlərə cəlb edilmirlər.

4.12.    Müvafiq bölmələr üzrə məsul işçilər işçi heyətin gün ərzində işlədiyi xidmət sahələrinin, iş vaxtının və müddətinin qeydiyyatını aparır və bu məlumatlar ən azı 14 gün müddətində saxlanılır.

4.13.  İşçi heyət özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətləri hiss edərsə, bu barədə dərhal mehmanxananın rəhbərliyinə məlumat verir.

4.14.       Mehmanxananın işçi heyəti aşağıdakı hallarda mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməlidir:

4.14.1.     yeni işə qəbul olunan və mövcud işçilər – işə başlamazdan əvvəl;

4.14.2.  bütün işçi heyət – yeddi gündə bir dəfə;

4.14.3.    şübhəli əlamətlər olduqda (hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) – dərhal.

4.15.    Testin nəticələri qeydiyyata alınaraq saxlanılır. Testin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan, test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ  14 gün keçməmiş şəxslərin işə başlamasına, habelə özü və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən test nümunələri götürülmüş şəxslərin test cavabları aşkarlanana qədər işə başlamasına icazə verilmir.

 

5.                                                 Təlim və maarifləndirmə

 

5.1.     Mehmanxana rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərinin, xüsusilə COVID-19-un yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir.

5.2.   Təlim zamanı mehmanxana işçi heyəti şəxsi gigiyena (əl gigiyenası, tənəffüs gigiyenası, öskürmə etiketi), dezinfeksiya tədbirləri (işlərin dövriliyi, tətbiqinə icazə verilən maddələrdən düzgün istifadə qaydaları, dezinfeksiyanın aparılması qaydaları), habelə camaşırların müvafiq qaydada yuyulması və yerləşdirilməsi qaydaları barədə məlumatlandırılır, o cümlədən digər növ qabaqlayıcı və qoruyucu tədbirlər haqqında metodiki göstərişlərlə təmin edir.

5.3.   İşçi heyət COVID-19 əlamətləri (şübhəsi) müəyyən edilən qonaqlarla təmasda olduqda, riayət etməli olduqları davranış qaydaları barədə məlumatlandırılır.

5.4.  İşçi heyət davamlı kommunikasiyanı təmin etmək məqsədilə təlimatlar barədə qonaqları hansı qaydada müntəzəm məlumatlandırmalı olduğu barədə təlimatlandırılır.

 

6. Şəxsi gigiyenaya dair tələblər

 

6.1.  Mehmanxananın işçi heyəti və qonaqları mütəmadi olaraq, o cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.

6.2.  Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:

6.2.1.  əllər axar su ilə isladılmalı və sabunlanmalı;

6.2.2.  əllər, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;

6.2.3.  sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;

6.2.4.  əllər axar suyun altında mükəmməl durulanmalı;

6.2.5.  əllər təmiz salfetlərlə qurulanmalı;

6.2.6.  sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.

6.3.  Tibbi maskalardan ümumi istifadə qaydaları:

6.3.1.  maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;

6.3.2.   istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə əllə toxunmaq olmaz;

6.3.3.    maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir (maskanın ön hissəsinə toxunmadan, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

6.3.4.    maskanı çıxardıqdan sonra əllər spirt tərkibli məhlulla təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

6.3.5.    maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

 

6.3.6.     birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol verilmir;

6.3.7.      birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

6.4.   Öskürək və ya respirator xəstəlik zamanı şəxsi gigiyenaya aşağıdakı qaydada əməl edilməlidir:

6.4.1.  öskürəndə və asqıranda ağız kağız salfetlə bağlanmalı və istifadə olunmuş salfet ağzı bağlı zibil qabına atılmalıdır;

6.4.2.  respirator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;

6.4.3.    respirator simptomları olan şəxslər tibbi maskalardan istifadə etməli və fiziki (sosial) məsafə qaydalarına riayət etməlidirlər (2 metr).

 

7. Təmizlik və dezinfeksiya tədbirləri

 

7.1.   Bütün ərazilərdə səthlərin xüsusiyyətlərinə uyğun olaraq dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilir. Hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi  infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirkin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılır. Təmizlik işləri birinci təmiz hissədən başlanılmalı, sonra isə daha çirkli hissələr təmizlənilməlidir.

7.2.     Bütün təmizlik və dezinfeksiya tədbirlərinin gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəlləri vasitəsilə davamlı olaraq qeydiyyatı aparılır. Qeydiyyat masasında və ya girişdə ən son dezinfeksiya olunma tarixi qeyd edilməklə qonaqlara görülmüş tədbirlər barədə yazılı məlumatlar nümayiş etdirilir.

7.3.   Tez-tez təmas olunan səthlərə (qeydiyyat masası, qapı tutacaqları, liftlərin düymələri və s.) xüsusi diqqət yetirilməklə, bütün ümumi istifadədə olan ərazilər gün ərzində hər 4 saatdan bir yuyucu vasitələrdən istifadə edilməklə təmizlənməli və dezinfeksiya olunmalıdır.

7.4.  Mehmanxanada “Sanitar-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilməlidir.

7.5.   Təmizlik və dezinfeksiya işlərini həyata keçirən işçi heyət mütləq maska, üz sipəri və əlcəklərdən istifadə edir. Təmizlik işləri başa çatdıqdan sonra maska və əlcəklər çıxarılaraq müvafiq tullantı qablarına atılır, üz sipəri müvafiq qaydada təmizlənir və dezinfeksiya olunur, əllər isə bu Qaydaların 6.2-ci bəndinin tələblərinə uyğun yuyulur.

 

7.6.   Ətrafa toz yayılmasına səbəb ola biləcək süpürmə və ya yüksək təzyiqli su və ya kimyəvi maddələrin püskürdülməsi kimi tədbirlər məhdudlaşdırılır, döşəmə və səthlər yuyucu vasitələrdən istifadə etməklə birdəfəlik bezlərlə silinir. HEPA filtri olan tozsoranlardan istifadəyə önəm verilir.

7.7.   Qapı tutacaqları, sürahilər, liftlərin idarəetmə paneli, işıq düymələri, POS terminal və ödəmə terminalları, telefon, dəsmal kartı, otağa giriş kartı və ya açarı, şezlonqlar, duş kranları, masaların üstü və digər əllə tez-tez təmas edilən səthlər mütəmadi olaraq təmizlənir və dezinfeksiya edilir.

7.8.    Kassa aparatı, kompüter klaviaturası, telefon və digər cihazların səthləri 70 faiz spirt tərkibli məhlulla silinərək dezinfeksiya edilir.

7.9.   Ümumi istifadədə olan sanitariya qovşaqlarının girişində mümkün hallarda avtomatik qapı sistemi qurulur. Bu cür qapı sistemlərinin qurulması mümkün olmadıqda, giriş qapılarının açıq qalması təmin olunur. Sanitariya qovşaqlarında döşəmələr, unitazlar, pissuarlar, əlüzyuyanlar, kran başlıqları, qapı tutacaqları tez-tez (mümkün olduqda, hər istifadədən sonra) su və yuyucu vasitə ilə təmizlənir, 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməklə dezinfeksiya edilir.

7.10.  Sanitariya qovşaqlarında maye sabun, tualet kağızı, kağız dəsmal və zibil qutuları qoyulur, əllə təması minimuma endirmək üçün kranların və maye sabun dispenserlərinin sensorlu olması təmin edilir.

7.11.   Mehmanxanada əlqurutma cihazlarından istifadəyə icazə verilmir.

7.12.   Qapalı məkanlar tez-tez havalandırılmalı, kondisioner və ventilyasiya sistemləri müvafiq standartlara uyğun qaydada istifadə edilməlidir.

7.13.     Çirkli havanın çıxdığı yerlərdən insanların keçməsi məhdudlaşdırılmalıdır.

7.14.   Mehmanxanada ümumi istifadədə olan, xəstə və xüsusi ehtiyacı olan şəxslər tərəfindən istifadə edilən təkərli arabalar və digər vasitələr hər istifadədən sonra müvafiq qaydada təmizlənir və dezinfeksiya edilir.

7.15.   Şezlonq, stul, masa və divan dəstlərinin üzərinə parça döşəkçələr əvəzinə təmizlənməsi və silinməsi mümkün olan döşəkçələr qoyulmalı və bu döşəkçələr hər istifadədən sonra təmizlənməlidir.

7.16.  Asanlıqla təmizlənməsi və dezinfeksiya edilməsi mümkün olmayan əşyalar yığışdırılmalıdır.

 

8.                                               Tullantıların idarə edilməsi

 

8.1.  Tullantılarla bağlı işlərə məsul işçi və ya qrup ayrılmalıdır.

8.2.     İşçi heyət və qonaqlar üçün ümumi istifadədə olan ərazilərdə tullantı qutuları qoyulur, həmin qutuların üzərində onların yalnız maska, əlcək kimi qoruyucu vasitələr üçün nəzərdə tutulduğu qeyd edilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda utilizasiya edilir.

8.3.     Qonaq otaqları və ümumi istifadədə olan ərazilər tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunması təmin edilməlidir.

8.4.   Tullantılar möhkəm, kip bağlanan və sızıntıya dayanıqlı torbalara yığılır. Tullantı torbası deşilərsə və ya çirklənərsə, ikinci bir torbaya qoyulur. Bütün torbaların ağzı bağlanılır və dərhal tutumlara (urnalara) atılır.

 

9.                          Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri

 

9.1.  Mehmanxanada şübhəli COVID-19 hallarında ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma (kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü (bone), tibbi maska) olması təmin edilməlidir.

9.2.    Mehmanxana daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.

9.3.  İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar geyinməsi təmin edilir.

9.4.   Xəstəlik şübhəsi olan qonağa və ya işçiyə dərhal tibbi xidmət göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilir.

9.5.  Təcili tibbi yardım gələnədək xəstəlik şübhəsi olan qonaq və ya işçinin digər qonaqlardan və işçilərdən izolyasiya edilməsi məqsədilə o, xüsusi karantin otağında yerləşdirilir.

9.6.   Xəstəlik şübhəsi olan qonaq və ya işçi ilə işçi heyətin təması minimuma endirilir və onunla təmasda olan şəxslər tərəfindən fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadə olunması təmin edilir.

9.7.   Xəstəlik şübhəsi olan qonaq və ya işçi 103 Təcili Tibbi Yardımın həkimləri tərəfindən laboratoriya müayinəsindən keçirilir və nəticələri əldə olunanadək həmin şəxslər xüsusi karantin otağında saxlanılır. Laboratoriya müayinəsinin nəticəsi pozitiv olduqda,

 Azərbaycan Respublikasında səfərdə olan şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibbi müəssisəsinə yerləşdirilirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər barəsində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli

161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4-1-ci hissəsinə uyğun olaraq müvafiq tibbi tədbirlər görülür.

9.8.     Xəstəlik şübhəsi olan qonaqla eyni otaqda qalan asimptomatik şəxsin və ya şəxslərin (əgər varsa) öz otaqlarında izolyasiya olunmaları təmin edilməli və onlardan test götürülməsi və iltizam alınması üçün 103 Təcili Tibbi Yardıma məlumat verilməlidir.

9.9.  Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.

9.10.   Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur.

9.11.  Xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saatdan sonra (tövsiyə olunan müddət) aşağıdakı qaydada təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir:

9.11.1.    otağın təmizlənməsi zamanı əlcək, tibbi maska, üz sipəri, saç örtüyü (bone) və xalat istifadə edilməlidir;

9.11.2.  tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, çirklər ilkin olaraq maşa vasitəsilə idarə olunmaqla maye uducu parçalarla təmizlənməlidir;

9.11.3.      maşa və parçalar diqqətlə tullantı torbalarına yerləşdirilməlidir;

9.11.4.   bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. Ağardıcının hazırlanma dərəcələri (10 faizlik): 1:10 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000- 6000 ppm xlor sərbəst buraxılır); 1:100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır). 1:100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edilir);

 9.11.5.   ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.), 70 faiz spirt tərkibli məhlul istifadə edilə bilər;

9.11.6.    istifadə edilən paltar, döşək üzləri, yataq örtükləri, dəsmallar və s. camaşırlar silkələnməməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 72 saat kənarda saxlanıldıqdan sonra 60- 90°C temperaturda yuyucu toz ilə yuyulmalıdır;

9.11.7.     yumşaq mebel və matras buxarlı təmizləyici ilə təmizlənməlidir;

9.11.8.    xəstə qonağın və ya işçinin təmasda olduğu digər şəxslər və yerlər (misal üçün, dəhlizlər, lobbi və s.) müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir;

9.11.9.    dezinfeskiya prosesi başa çatdıqdan sonra istifadə olunan bütün vasitələr (qoruyucu geyimlər, parçalar) tullantı torbalarına yerləşdirilməli və əl gigiyenası həyata keçirilməlidir;

9.11.10.   yeni əlcəklər geyinilməli və tullantı torbalarının ağızları bərk sıxılaraq qapaqlı tullantı qutularına yerləşdirilməli, 72 saat (tövsiyə olunan müddət) digər tullantılardan kənar saxlanılmalı, daha sonra digər tullantılarla birgə utilizasiya edilməlidir;

9.11.11.  yekunda əllər təkrar yuyulmalıdır.

9.12.    Kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda öncədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında bütün qonaqlar mehmanxanadan çıxarılmalı və mehmanxana tamamilə dezinfeksiya olunmalıdır.

9.13.    Təsirə məruz qalan işçi olduqda, həmin işçiyə xüsusi diqqət yetirilməsi, COVID-19-a spesifik olan əlamət (əlamətlər) müşahidə olunduqda (hərarət, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırması, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməsi və tibbi xidmətin göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilməsi təmin edilməlidir.

9.14.    Xəstəlik əlaməti olan işçinin iş yerinin dezinfeksiya edilməsi təmin olunmalıdır.

9.15.    Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan işçilərdən test götürülməsi və cavablar müəyyənləşənədək qədər onların evdə özünütəcrid rejimində olması təmin edilməlidir.

9.16.   Xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərin dərhal təmasda olduğu (qonağın otaq yoldaşı, xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərə qayğı göstərən şəxslər, fərdi qoruyucu    vasitələrdən   istifadə    etmədən    təmasda    olan    şəxslər) müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalıdır.

9.17.   Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilməlidir.

 

10.                                                        Texniki xidmətlər

 

10.1.    Su ilə işləyən maşınlar, avadanlıqlar və ləvazimatlar (qabyuyan maşınlar, paltaryuyan maşınlar, buz maşınları və s.) aşağıdakı qaydada texniki baxışdan keçirilməli, təmizlənməli və dezinfeksiya edilməlidir:

10.1.1.    qabyuyan maşınların ümumi yoxlamadan keçirilməsi təmin edilməlidir. Yaxşı vəziyyətdə olan avadanlıqların tankları, yuma  və durulama qolları təmizlənməli, lazım gələrsə ərp yığılan hissələr, habelə daxili və xarici səthi təmizlənməli və dezinfeksiya edilməlidir;

10.1.2.   paltaryuyan maşınların ümumi yoxlamadan keçirilməsi təmin edilməlidir. İşlək vəziyyətdə olan cihazlar ən yüksək temperatura malik yuma proqramı seçilərək və kimyəvi maddələrdən istifadə edilərək sınaqdan keçirilməlidir;

10.1.3.  buz maşınları dezinfeksiya olunmalıdır;

10.1.4.  qəhvə maşınları, xüsusilə boruları dezinfeksiya olunmalı, filtrlər yenilənməlidir.

10.2.    İstifadə üçün verilən, həmçinin hovuzlarda və ya spa mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanılmalıdır.

10.3.     Sabun və dezinfeksiyaedici məhlul dispenserlərinin (dozatorlarının), birdəfəlik kağız salfet dispenserlərinin və digər aidiyyəti cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqlar mütəmadi yoxlanılmalıdır. Cihazların qüsurlu hissələri tez zamanda təmir olunmalı və ya dəyişdirilməlidir.

10.4.   Mehmanxananın müxtəlif əraziləri, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici vasitələrdən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.

10.5.    Qapalı hovuzların ventilyasiyası və hava mübadiləsi sisteminin nəmalma cihazının düzgün işləməsi yoxlanılmalıdır.

11.               Mehmanxana daxilində hər sahə üçün xüsusi qaydalar

11.1.  Qəbul və qeydiyyat:

11.1.1.    qonaq mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülür. Bu zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilmir;

11.1.2.     qonaqda mehmanxanada qaldığı müddətdə bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 9-cu hissəsinin müddəalarına uyğun tədbirlər görülür;

11.1.3.   qəbul şöbəsinin işçiləri ilə qonaqlar arasında, habelə qonaqlar arasında minimum 2 metr fiziki (sosial) məsafə təmin olunur və bu məqsədlə qəbul masasında növbə yerləri döşəmə işarələri ilə ayrılır;

11.1.4.    mehmanxanaya qəbul (“check-in”) zamanı qonaqlara mehmanxanada qaldıqları bütün müddət ərzində qapalı məkanlarda maska taxmaq və fiziki (sosial) məsafə tələblərinə riayət etməklə barədə xəbərdarlıq edilməlidir;

11.1.5.      qeydiyyat masasında ilkin tibbi yardım çantası saxlanılmalı və içində aşağıdakılar olmalıdır:

1.  bakterisid dezinfeksiyaedici (səthlər üçün təmizləyici salfetlər);

2.  tibbi maska, tibbi eynək, üz sipəri;

3.  əlcəklər (birdəfəlik);

4.  qoruyucu önlük (birdəfəlik);

5.  uzun xalat;

6.  biotəhlükəli tullantılar üçün birdəfəlik torba;

11.1.6.      qeydiyyat masasının işçisi COVID-19-a yoluxma təhlükəsi ilə əlaqədar mehmanxanada tətbiq olunan profilaktik tədbirlər, habelə qonaqlar tərəfindən tələb oluna biləcək digər xidmətlər (tibb, aptek xidmətləri və s.) barədə qonaqları məlumatlandırmalıdır;

11.1.7.      qeydiyyat masasında COVID-19 pandemiyası ilə əlaqədar müvafiq dövlət orqanları (qurumları) tərəfindən açıqlanmış ən son tövsiyələr, habelə səhiyyə orqanlarının, tibb mərkəzlərinin, dövlət və özəl xəstəxanaların, yardım mərkəzlərinin əlaqə vasitələri barədə məlumatlar olmalıdır;

11.1.8.   qeydiyyat masasında xəbərdaredici və məlumatlandırıcı işarələr qoyulmalıdır;

11.1.9.   bütün qonaqların səfər tarixçəsi və sağlamlıq vəziyyəti barədə məlumatlarının sorğu edilməsi və bu barədə müvafiq blankın doldurulması tövsiyə edilir;

11.1.10.   həmin blanklarda həmçinin qəbul zamanı qonaqlardan son 14 gün ərzində getdikləri yerlər, xroniki xəstəlikləri (əgər varsa), COVID-19 keçirib-keçirmədikləri, əgər xəstəlik keçirmişlərsə, son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçib-keçmədiyi, habelə

 

testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olub-olmadıqları barədə məlumatlar sorğu edilir;

11.1.11.  COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirlər;

11.1.12.  qeydiyyat və qəbul işçiləri tərəfindən tibbi maskalardan və əlcəklərdən istifadə edilir, əllər tez-tez dezinfeksiya olunur;

11.1.13.    qeydiyyat masasında dezinfeksiyaedici vasitənin, o cümlədən əlavə maskaların olması təmin edilməlidir;

11.1.14.      avtomobillərin qonaqların özləri tərəfindən park edilməsinə üstünlük verilir;

11.1.15.   parkinq xidməti təmin edilərsə, nəqliyyat vasitəsində əllə təmas edilən bütün səthlər (qapı tutacaqları, sükan, sürət qutusu və s.) təmizləndikdən sonra nəqliyyat vasitəsi qonağa təhvil verilir;

11.1.16.   mikroavtobus və servis xidməti fiziki (sosial) məsafə tələblərinə uyğun fəaliyyət göstərməlidir;

11.1.17.   kompüter və printerlər, habelə qeydiyyat masasında olan telefon və sensor ekranlar təmizlik məhsulları ilə dezinfeksiya edilməlidir;

11.1.18.   qonaqların mehmanxanaya girişi zamanı çamadan və ya əşyaların daşınması xidməti təmin edilərsə, daşınma işi başa çatdıqdan sonra işçinin (belboyun) qonaqların əşyalarına toxunduğu bütün yerlər dezinfeksiyaedici vasitələrlə silinir və ya daşıma xidməti hər bir qonaq üçün ayrıca steril əlcəkdən istifadə edilməklə həyata keçirilir və hər istifadədən sonra çamadan daşıma vasitələri dezinfeksiya edilir;

11.1.19.    otaq kartı (açar), dəsmal kartı, qələm, qeydiyyat bölməsinin zəngi və s. hər istifadədən sonra müvafiq qaydada dezinfeksiya edilir;

11.1.20.   COVID-19-a yoluxma halı aşkar edildiyi halda, bu cür şəxslərlə təmasda olmuş şəxslərin müəyyən edilə bilməsi üçün hər qonağın qaldığı mərtəbədəki digər qonaqlar (xüsusən bu cür şəxsin qaldığı otağa bitişik və üzbəüz otaqlarda qalan qonaqlar) barədə məlumatlar həmin qonaqların mehmanxanadan ayrıldığı gündən etibarən 14 gün müddətində saxlanılır;

11.1.21.   qonaqlar mehmanxanadan çıxış etməzdən (check-out) bir saat əvvəl bu barədə daxili telefon və ya mobil telefon vasitəsilə qeydiyyat masasına məlumat verməlidirlər.

 

11.2.  Qonaq otaqları:

11.2.1.    qonaq otaqları bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.2.2.   qonaq otaqları qonaq getdikdən sonra və gəlməzdən əvvəl müvafiq qaydada təmizlənməli, dezinfeksiya olunmalı və havalandırılmalıdır. Tez-tez təmas olunan səth və avadanlıqları (qapı tutacaqları və düymələri, pəncərə tutacaqları və kilidləri, giriş qapısının təhlükəsizlik kilidi, masa və oturacaqlar, kreslolar, masaüstü lampa kilidləri, siyirtmə tutacaqları, pərdəni (jalüz) çəkmək üçün iplər, elektrik açarları və elektrik yuvası örtükləri, kondisioner nəzarət paneli, telefon, televizor pultu, mini bar, ayaqqabı mazı, camaşırxana çantası, boşqablar, bıçaqlar, çaydanlar, ütülər, ütü lövhələri, asılqanlar, çamadanlar, qəhvə masaları, habelə hamam otağı daxilində bütün səthlər, tutacaqlar və düymələr) xüsusi diqqət və həssaslıqla təmizlənməlidir;

11.2.3.    mehmanxanaya dair məlumat kitabçası, otaq xidmət menyusu (əgər varsa), jurnallar, xəritələr və s. kimi təkrar istifadə edilə bilən məlumat xarakterli materialların müvəqqəti olaraq otaqdan çıxarılması və rəqəmsal versiyalarla əvəz olunması arzuolunandır. Bu mümkün olmadıqda, çap menyular plastik laminasiya ilə örtülməli və hər istifadədən sonra dezinfeksiya edilməlidir;

11.2.4.    əlavə yastıqlar, örtüklər və dekorativ yastıqlar kimi materiallar bütün otaqlardan götürülməlidir;

11.2.5.    qonaq otaqlarına xidmət personalı növbədə olduğu müddət ərzində, o cümlədən qonaq otaqlarına girməzdən əvvəl və otaqlardan çıxdıqdan sonra əllərin gigiyenası ilə bağlı tələblərə tam riayət etməlidir;

11.2.6.    hər bir qonaq otağında ayrıca birdəfəlik əlcəklərdən istifadə edilməli, əlcəklər çıxarıldıqdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;

11.2.7.    otağa yerləşdirilən qida məhsulları (çay, qəhvə, süd, şəkər və s.) bağlı paketlərdə təqdim olunmalı, elektrik çay və qəhvə maşınları mütəmadi olaraq dezinfeksiya edilməlidir;

11.2.8.       qonaq otağının tez-tez havalandırılması təmin edilməlidir;

11.2.9.   qonaqlar otağa gəlməzdən əvvəl otaqda lazımi sayda təmiz dəsmal, tualet kağızı, sadə əl sabunu, şampun kimi vasitələrin olması təmin edilməlidir. Otaqlarda qoyulan şampun, sabun və digər məhsullar birdəfəlik istifadə üçün olmalıdır;

11.2.10.    mehmanxana tərəfindən qonaqların mehmanxanada qalma müddəti nəzərə alınmaqla, otaqlarda hər bir qonaq üçün ayrı-ayrı tbbi (parça) maskalar və spirt əsaslı əl dezinfeksiya vasitələri qoyulmalıdır;

11.2.11.    hər bir otaqda gigiyena qaydaları barədə işarələr (posterlər, broşurlar və s.) qoyulmalıdır;

11.2.12.  hər hansı təmir və ya texniki xidmət işlərinin aparılması tələb olunarsa, qonaqla işçi heyət arasında videozəng vasitəsilə əlaqə qurulmalı və vəziyyətin düzgün izah edilməsi və ya qonağa müvafiq kömək edilməsi təmin olunmalıdır;

11.2.13.   problemin videozəng vasitəsilə həll edilməsi mümkün olmadıqda, texniki xidmət personalı əlcək və maskadan istifadə etməklə otağa gələ bilər. Bu zaman qonaqların otaqda olmasına yol verilmir;

11.2.14.  bir otağın təmizlənməsi üçün ayrılan vaxt artırılmalıdır;

11.2.15.   qonaq otaqda olduqda, təmizlik işləri aparılmamalıdır. Təmizlik personalı təmizlik işləri aparmaq üçün otağa yalnız qonaqlar mehmanxanadan çıxış etdikdən sonra və ya qonaqların xüsusi tələbi əsasında daxil ola bilər. Bu zaman təmizlik personalı əlcək və maskalardan istifadə etməli və qonaqlar otaqda olmamalıdır;

11.2.16.  istifadə olunmuş və təmiz yataq dəstləri, dəsmallar ayrı- ayrılıqda yerləşdirilməlidir;

11.2.17.     camaşırları dəyişdirərkən və təmizləyərkən işçilər özünü qorumalıdırlar;

11.2.18.        istifadə olunmuş yataq bezi dəyişdirilərkən silkələnməməlidir. İstifadə olunmuş tekstil camaşırxanaya aparılarkən, təması aradan qaldırmaq üçün ağzı sıx bağlanan torba və ya çantaya qoyulmalıdır;

11.2.19.     çirkli camaşırxana avadanlıqları işçilər üçün açıq yerlərdə saxlanmamalı və ya qapalı camaşırxana arabalarından istifadə olunmalıdır;

11.2.20.    yataq örtükləri, dəsmal və camaşırlar istehsalçının təlimatlarına uyğun olaraq ayrıca və 60-90°C temperaturda yuyulmalıdır;

11.2.21.   qonaqlar mehmanxanadan çıxış etdikdən sonra fərdi istifadə üçün təqdim edilmiş bütün camaşırlar (yataq bezi, dəsmallar və s.) istifadə olunub-olunmamasından asılı olmayaraq təmizləmə və dezinfeksiya məqsədilə çıxarılmalıdır;

11.2.22.    yuyulması mümkün olmayan bütün parça əşyalar buxarlı təmizləyici ilə təmizlənir (məsələn, parça örtüklü stullar, pərdələr);

11.2.23.  qonaqlar mehmanxanadan çıxış etdikdən sonra otağın təmizlənməsinə qədər ən azı 3 saat müddət keçməsi gözlənilməlidir;

11.2.24.   kondisionerlərin və havalandırma sistemlərinin filtrləri tez-tez dəyişdirilməli, havalandırma barmaqlığı təmizlənməli və dezinfeksiya edilməlidir.

11.3.  Mətbəxlər:

11.3.1.   mətbəxlər bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir;

11.3.2.   mətbəxlərdə bütün qida məhsullarının təmiz və qidanın xüsusiyyətlərinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanılması və bu qida məhsullarına mümkün qədər az sayda işçi heyətin toxunması təmin edilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə işlənməmiş qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanılmalıdır. Qida məhsullarının yerə düşməsinin qarşısını alan tədbirlər görülməlidir;

11.3.3.     heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması məqsədilə mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır;

11.3.4.    mətbəxdə işçi heyət tərəfindən riayət edilməsi tələb olunan qaydalar və gigiyena normaları barədə yazılı (vizual) məlumatlandırma təmin edilməlidir (məlumat lövhələri yerləşdirilir);

11.3.5.     mətbəxdə işləyən işçi heyətin mətbəxə yalnız iş geyimində və müvafiq fərdi qoruyucu vasitələrlə (maska, üz sipəri, əlcək, baxil və s.) daxil olması tələb edilir və mətbəxdə işləyən işçi heyətə daxil olmayan kənar şəxslərin mətbəxə girməsinə yol verilmir;

11.3.6.   mətbəxdə müvafiq yerlərdə möhkəm və ağzı bağlanan zibil qutuları, habelə yalnız maska, əlcək, üz sipəri, baxil və digər fərdi qoruyucu vasitələrinin atılması üçün nəzərdə tutulan tullantı qabları yerləşdirilməlidir;

11.3.7.   qida məhsullarının istehsalı və mətbəx ərazisi gigiyenik baryerlər, sterilizasiya cihazları, əllərin və bədənin gigiyenası üçün zəruri olan alət və avadanlıqlarla (xüsusən xammal və məhsulların daşınmasında istifadə etmək üçün) təmin edilməlidir;

11.3.8.    bütün mehmanxana ərazisində istifadə edilən xidmət alətləri qabyuyan maşında 60°C və ya daha yuxarı temperaturda yuyulmalıdır.

11.4.  Ümumi istifadədə olan ərazilər:

11.4.1.    ümumi istifadədə olan ərazilər bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.4.2.    girişdə, lobbidə və dəhlizlərdə, xüsusən də ümumi istifadədə olan əşyaların yanında əl dezinfeksiyaedici vasitələr və salfetlər yerləşdirilir və həmin dezinfeksiyaedici vasitələr yerləşdirilən stendlər (qablar) mütəmadi yoxlanılır, doluluğu təmin edilir. Həmçinin, ümumi istifadədə olan ərazilər əlavə maskalarla təchiz edilir;

 

11.4.3.   mehmanxanada liftdən istifadə edildikdə, liftin içi 1 metr fiziki (sosial) məsafə qaydasına nəzarət məqsədilə xüsusi döşəmə işarələri ilə nişanlanır. Liftlərin ümumi tutumunun üçdə biri həddində yüklənməsinə icazə verilir və bu barədə yazılı (vizual) qaydada məlumatlandırma təmin edilir. Mümkün hallarda pilləkənlərdən istifadə təşviq edilir;

11.4.4.     yemək zalları, restoran və kafelər, iclas zalları, çoxməqsədli zallar, konfrans zalları, lobbilər, qeydiyyat bölməsi, istirahət zalı, sərgi zalı, əyləncə və animasiya məkanları, satış nöqtələri, açıq havada yerləşən oturma, gözləmə və ictimai iaşə məkanları, hovuz ətrafı ərazilər, çimərliklərdə yerləşən kölgəlik və şezlonq qrupları daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq ümumi istifadədə olan bütün ərazilərdə bu Qaydalarla müəyyən olunan fiziki (sosial) məsafə tələbinə riayət edilməsinə nəzarət edilir, müvafiq işarələr yerləşdirilir və ərazilərin müəyyən edilmiş tutumundan artıq sayda şəxslərin həmin ərazilərə girişinə icazə verilmir;

11.4.5.   qonaqlar arasında ən azı 2 metr fiziki (sosial) məsafəni təmin etmək üçün lobbi, lift önləri kimi ümumi istifadədə olan ərazilərdə növbə yerləri döşəmə işarələri ilə ayrılır;

11.4.6.  ümumi istifadədə olan ərazilərdə eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə qaydası şamil  edilmir;

11.4.7.      mehmanxana ərazisində xüsusi zərurət olmadan gəzməmək tövsiyə olunur, bu məqsədlə müəyyən məkanlara giriş məhdudlaşdırılır, radioəlaqə və telefonlardan istifadə tövsiyə edilir. Ümumi istifadədə olduğu halda, bu cür cihazlar davamlı təmizlənir;

11.4.8.  binalarda əksər mümkün hallarda bir istiqamətdə hərəkət təmin edilir. Xüsusi döşəmə işarələri vasitəsilə həm işçi heyət, həm də qonaqlar tərəfindən fiziki (sosial) məsafənin gözlənilməsi təmin olunur;

11.4.9.  insan axınının çox olduğu məkanlardan (dəhlizlər, liftlər, pilləkənlər və s.) istifadə zamanı fiziki (sosial) məsafəyə riayət olunmasına nəzarət edilməlidir (yolun sağ tərəfi ilə hərəkət etmək, pilləkənlərlə enənlərə yol vermək və s. tövsiyə edilməlidir);

11.4.10.  uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilmir;

11.4.11.   mehmanxanada lobbi (gözləmə) zalları daxil olmaqla, oturma məkanları, kafelər, çimərlik, hovuz və s. kimi ümumi istifadədə olan bütün ərazilərdə nərd, domino, loto və digər oyun alətlərinin qoyulmasına icazə verilmir;

11.4.12.   ümumi istifadədə olan ərazilər tez-tez havalandırılır və dezinfeksiya olunur;

 11.4.13.    giriş, lobbi və dəhlizlərdəki bütün qapı tutacaqları, habelə liftlərin girişindəki və içindəki düymələr, su dispenserlərinin xarici səthləri və əl ilə təmas olunan hissələri dezinfeksiya edilir;

11.4.14.    giriş, lobbi və dəhlizlərdəki bütün ümumi sanitariya qovşaqları, xüsusilə sifon düymələri, bütün qapı tutacaqları (düymələri), itələyici tutacaqlar, maye sabun/əl dezinfektantı dispenserinin basma düyməsi, kran tutacaqları, kağız dəsmal dispenserləri, kabinələrin qapı tutacaqları və kilidləri, oturacaqların qapaqları, tullantı qutuları, bez dəyişmə sahələri və s. dezinfeksiya edilir;

11.4.15.   lobbinin fərqli yerlərində kiçik oturma əraziləri qurulur, bu cür ərazilərdə qonaqlara xidmət telefonları yığışdırılır və ya istifadəsi məhdudlaşdırılır;

11.4.16.    ümumi istifadədə olan ərazilərin telefonları, onların düymələri və sensorları, lobbidə yerləşdirilən (əgər varsa) qəhvə və digər avadanlıqların əl ilə təmas olunan hissələri dezinfeksiya edilir, digər hissələri isə uyğun təmizlik məhsulu ilə təmizlənir;

11.4.17.           bankomatların quraşdırıldığı yerlərdə əl dezinfeksiyaedici vasitələr qoyulur, bankomatdan istifadə etməzdən əvvəl əllərin dezinfeksiya məhlulu ilə təmizlənməsi barədə məlumat lövhələri vurulur. Bankomatların ən çox təmas edilən səthləri, o cümlədən düymələri, pul mübadiləsi ekranı və əl ilə təmas edilməsi ehtimal olunan hissələri bir saatdan bir təmizlənir və dezinfeksiya edilir;

11.4.18.   qida avtomatları, tullantı qutularının qapaqları, bütün masalar (misal üçün, vale masası və ya hər hansı digər əlavə xidmət masası) müvafiq dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilir;

11.4.19.  elektrik maşınların enerji stansiyaları təmizlənir.

11.5.  İctimai iaşə zonaları:

11.5.1.  ictimai iaşə zonaları bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.5.2.    ictimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (əl gigiyenası, tənəffüs gigiyenası və s.) müntəzəm və ciddi şəkildə riayət etməlidirlər;

11.5.3.  kafelərdə, restoranlarda, qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələri qoyulmalıdır;

11.5.4.   ictimai iaşə zonalarına giriş və çıxış zamanı qonaqların əllərini dezinfeksiyaedici vasitə ilə təmizləməsinə nəzarət edilməli, müvafiq xəbərdaredici və məlumatverici nişanlar yerləşdirilməlidir;

11.5.5.     qonaqlar ictimai iaşə zonalarına yalnız maskalarla buraxılırlar və maskası olmayan şəxslərə girişdə maskalar təqdim edilir. Qonaqların, yemə-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda və masanı tərk etdikdə maskadan istifadə etmələrinə nəzarət olunmalıdır;

11.5.6.     ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi təmin edilməli, mehmanxanaların ictimai iaşə obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə əks olunmalıdır;

11.5.7.   yemək zallarında, girişdə və holda, əlavə zallarda və digər ümumi istifadədə olan ərazilərdə 2 metr fiziki (sosial) məsafə qaydası tətbiq edilməli və bu məqsədlə növbə yarana biləcək bütün ərazilər (sanitariya qovşaqlarının qarşısı, siqaretçəkmə otaqları və s.) xüsusi döşəmə işarələri ilə nişanlanmalıdır;

11.5.8.     masalar arasındakı məsafə masaların formasından (kvadrat, dairəvi və s.) asılı olmayaraq 2 metrdən, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır;

11.5.9.     masaların eni 0,7 metrdən az olduğu təqdirdə, qonaqların qarşı-qarşıya, lakin çarpaz qaydada oturması təmin edilməli və ya iki masa birləşdirilməklə, qarşı-qarşıya oturan şəxslər arasında məsafə artırılmalıdır;

11.5.10.     yan-yana oturma qaydasının tətbiq edildiyi bar masalarında oturacaqlar 1 metr məsafə ilə yerləşdirilir. İşçi heyət ilə qonaqlar arasında fiziki (sosial) məsafəni təmin etmək üçün bar masalarının eni ən azı 1 metr olmalı, işçi heyət maska və ya üz sipərindən istifadə etməlidir;

11.5.11.  yemək və ara yemək saatları insan sixlığının (tünlüyün) yaranmasının qarşısını alacaq qaydada planlaşdırılmalı, bu məqsədlə əvvəlcədən rezervasiyalar təşviq olunmalıdır;

11.5.12.      hər bir masada əl dezinfeksiyaedici vasitələr qoyulmalıdır;

11.5.13.   bütün döşəmə və səthlər, qida və içki avadanlıqları mütəmadi olaraq, o cümlədən yemək saatından əvvəl və sonra təmizlənməli və dezinfeksiya olunmalıdır;

11.5.14.   işçilər və qonaqlar üçün nəzərdə tutulan bütün qablar (qonaqlar və ya işçilərin əlləri ilə təmasda olması ehtimalı nəzərə alınaraq istifadə edilməmiş əşyalar da daxil olmaqla) qabyuyan maşında yuyulmalı və müvafiq dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilməlidir;

 

11.5.15.     hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirləri görülərək adi qaydada (yuma, dezinfeksiya etmə, durulama) yuyulma həyata keçirilməlidir;

11.5.16.      qurutma birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır;

11.5.17.  masa örtüyü yerinə birdəfəlik kağız örtüklərdən istifadə edilməsi tövsiyə olunur. Birdəfəlik istifadə üçün nəzərdə tutulmayan masa örtükləri hər bir qonaq tərəfindən istifadədən sonra yuyucu vasitələr və ya müvafiq əşyanın xüsusiyyətlərinə uyğun gigiyena vasitələri ilə təmizlənir. Parça salfetlərdən istifadə tövsiyə olunmur;

11.5.18.  masalarda ümumi istifadədə olan duz qabı, istiot qabı, salfet qabı kimi əşyalar əvəzinə birdəfəlik istifadə üçün nəzərdə  tutulmuş duz, istiot, salfet və digər məhsullar qoyulur;

11.5.19.  istifadə edilən metal çəngəl, qaşıq və bıçaqlar müvafiq gigiyena qaydalarına uyğun şəkildə təmizlənir, üstü örtülmüş şəkildə saxlanılır və əllə təmas olmadan qonaqlara təqdim edilir;

11.5.20.    ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilər yalnız mehmanxananın işçisi tərəfindən təqdim olunur;

11.5.21.    barlarda içki süzmək üçün istifadə olunan kranlar mütəmadi təmizlənməli və dezinfeksiya olunmalıdır;

11.5.22.   çap menyular müvəqqəti olaraq istifadə edilməməli və rəqəmsal versiyalar təklif olunmalıdır. Bu mümkün olmadıqda, çap menyular plastik laminasiya ilə örtülməli və hər istifadədən sonra dezinfeksiya edilməlidir;

11.5.23.  açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yemək-içmək xidməti fəaliyyət göstərməməlidir.

Qeyd. Bu Qaydalarda qeyd edilənlərlə yanaşı, mehmanxanaların ictimai iaşə obyektlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin metodiki göstərişlərinə əməl edilməlidir.

11.6.  Otaq xidməti:

11.6.1.       otaqlar bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.6.2.  qonaqlar və işçi heyət arasında birbaşa əlaqə olmamalı, daxili telefon və ya mobil telefon vasitəsilə əlaqə saxlanılmalıdır;

11.6.3.    qonaq otaqlarına qida və digər zəruri ləvazimatların çatdırılması xidməti təmas olmadan həyata keçirilməlidir. Mehmanxananın işçisi qida və digər zəruri ləvazimatları ayrıca qabda (məcməyidə) qapının qarşısına qoyaraq qonağı xəbərdar etmək məqsədilə qapını döyməlidir. Çatdırmadan əvvəl və sonra əllər müvafiq qaydada təmizlənməli və dezinfeksiya edilməlidir;

11.6.4.     otaqlarda birdəfəlik istifadə üçün olan qablar, o cümlədən çəngəl-bıçaq dəstlərindən istifadə edilməsi tövsiyə edilir. Bu cür əşyalar istifadədən sonra tullantı qabına atılmalıdır;

11.6.5.   birdəfəlik istifadə üçün olan qablar, o cümlədən çəngəl- bıçaq dəstlərindən istifadə mümkün olmadıqda, qonaqlara istifadə edilmiş əşyaları otaqdan çıxarıb qapının yanına çölə qoymaq tövsiyə edilir;

11.6.6.     qida məhsullarının istifadə olunmuş qablar olan arabalarda daşınmasına icazə verilmir;

11.6.7.     qida məhsullarının daşınması və istifadə olunmuş qabların yığılması üçün istifadə edilən arabalar mütəmadi qaydada təmizlənməli və dezinfeksiya edilməlidir.

11.7.  Əyləncə, idman və istirahət məkanları:

11.7.1.  Əyləncə, idman və istirahət məkanları bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.7.2.   əyləncə, idman və istirahət məkanlarının girişində hər kəsin (işçilər də daxil olmaqla) hərarəti ölçülməli, 37.5°C və ya daha yüksək bədən hərarəti olan şəxslərin həmin məkana girişinə icazə verilməməli və onların aidiyyəti üzrə tibbi məntəqələrə yönəldilməsi təmin edilməlidir;

11.7.3.    hərarət, öskürək, burun axması, nəfəs darlığı kimi xəstəlik əlamətləri olan, COVID-19 testinin nəticəsi pozitiv çıxmış və ya testinin nəticəsi pozitiv çıxmış şəxslə təmasda olmuş şəxslərin əyləncə, idman, spa və hovuz ərazilərinə girişinə icazə verilməməlidir;

11.7.4.   yaşı 65-dən yuxarı olan, yüksək təzyiq, ürək, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərə bu ərazilərdən istifadə zamanı ehtiyatlı olmaları barədə tövsiyə verilməlidir;

11.7.5.   əyləncə, idman və istirahət məkanlarında COVID-19 ilə bağlı əməl edilməsi tələb olunan gigiyena qaydaları barədə xəbərdaredici və məlumatlandırıcı lövhələr qoyulur;

11.7.6.   əyləncə, idman və istirahət məkanlarında qonaqların və işçi heyətin istifadəsi üçün spirt tərkibli əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələri qoyulur. Bu ərazilərə daxil olarkən əllərin dezinfeksiyaedici vasitələrlə təmizlənməsinə nəzarət edilir;

11.7.7.    əyləncə, idman və istirahət məkanlarına əvvəlcədən sifariş xidməti təşkil edilməli və bu barədə qonaqlar məlumatlandırılmalıdırlar;

 

11.7.8.  əyləncə, idman və istirahət məkanlarına qonaqların giriş və çıxış saatları qeydiyyata alınmalı və bu məlumatlar ən azı 14 gün müddətində saxlanılmalıdır;

11.7.9.    qonaqlar arasında minimum 2 metr məsafə təmin olunmalı, bunun üçün mümkün olan yerlərdə xüsusi döşəmə işarələri yerləşdirilməlidir. Bununla da ərazidə eyni anda olan qonaq sayı məhdudlaşdırılmalıdır;

11.7.10.   eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə tələbi şamil edilmir. Bu cür qonaqlar masaları və çimərlik dəstlərini paylaşa bilərlər;

11.7.11.   əyləncə, idman və istirahət məkanlarında bütün işçi heyətin uyğun formada tibbi maska taxmasına, maskanın nəmlənməsi və ya kirlənməsi zamanı dəyişdirilməsinə, yeni maskanın taxılması zamanı isə əl gigiyenası qaydalarına əməl olunmasına diqqət edilməlidir;

11.7.12.       mütəmadi olaraq (minimum 4 saatdan bir) avadanlıqların və xüsusilə, çox toxunulan səthlərin (məsələn, tutacaqların, döşəmələrin) təmizlənməsi təmin olunmalıdır;

11.7.13.    əyləncə, idman və istirahət məkanlarından kitab və jurnal kimi vasitələr yığışdırılmalıdır;

11.7.14.   üzbəüz dayanma, söhbət etmə və digər fəaliyyətlər zamanı qonaqların maskadan istifadə etməsinə və fiziki (sosial) məsafəyə riayət etməsinə nəzarət olunmalıdır;

11.7.15.   əyləncə, idman və istirahət məkanlarının ərazilərində xidmət göstərilərkən, ən azı 1 metr fiziki (sosial) məsafə tələbinə riayət edilməlidir;

11.7.16.  işçi heyətin istirahət bölmələrində də ən azı 2 metr fiziki (sosial) məsafə qaydasına riayət edilməsi və maskadan istifadə olunması təmin edilir. Yemək yedikdə və ya su (çay, qəhvə) içdikdə, maskadan istifadə edilmədiyi üçün 2 metr fiziki (sosial) məsafə təmin edilməlidir;

 

11.7.17.  su qablaşdırılmış şəkildə təqdim olunmalıdır;

11.7.18.     sərinləmə məqsədilə ventilyatorlardan (su buxarlı olanlarda daxil olmaqla) istifadəyə icazə verilmir;

11.7.19.  qonaqların istifadəsi üçün olan sanitariya qovşaqlarının girişində mümkün hallarda avtomatik qapı sistemi quraşdırılmalı, bu cür sistemlər quraşdırılmadığı təqdirdə qapılar açıq saxlanılmalı və qapı tutacaqları tez-tez dezinfeksiya edilməlidir;

11.7.20.  sanitariya qovşaqlarında avtomatik əl qurutma vasitələri bağlanmalı və ya istifadəsi dayandırılmalı, bunların yerinə tək istifadəlik kağız dəsmallar qoyulmalıdır. Bu yerlərdə davamlı və yetərli miqdarda maye sabun, tualet kağızı və kağız dəsmal saxlanmalıdır;

 11.7.21.   istifadə edilmiş maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir;

11.7.22.   Tullantı qutuları mütəmadi qaydada təmizlənməli və dezinfeksiya edilməlidir.

11.8.  Hovuzlar və çimərliklər:

11.8.1.    hovuzlar və çimərliklər bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir;

11.8.2.  hovuzlarda suyun, habelə hovuzətrafı ərazilərin təmizliyi və gigiyenası təmin edilməlidir;

11.8.3.       hovuzların suyu gigiyena normalarına uyğun dezinfeksiya olunmalıdır. Sudakı xlor konsentrasiyası açıq hovuzlarda

13    ppm, qapalı hovuzlarda 11,5 ppm səviyyəsində saxlanmalı və müntəzəm olaraq nəzarət edilməlidir;

11.8.4.    açıq və qapalı hovuzlarda adambaşına düşən sıxlıq norması hovuzətrafı ərazilərdə 4 m2 sahəyə bir nəfər, hovuzun içində isə 8 m2 sahəyə bir nəfər həddində müəyyən edilir;

11.8.5.   açıq və qapalı uşaq hovuzlarında adambaşına düşən sıxlıq norması 8 m2 sahəyə bir nəfər olmalı və hovuzdan istifadə edən uşaqların valideyn nəzarətində olması təmin edilməlidir;

11.8.6.   hovuz və çimərliklərdə masalar, şezlonqlar və istirahət oturacaqları arasında, habelə müxtəlif fəaliyyətlər zamanı qonaqlar arasında azı 2 metr fiziki (sosial) məsafə gözlənilməlidir;

11.8.7.    çətirlərin oxlarının arasında minimum 4 metr məsafə təmin olunmalıdır;

11.8.8.  çimərlik və hovuz ərazilərinə girişdə və digər insan axını çox olan yerlərdə əl dezinfeksiyaedici vasitələr yerləşdirilməlidir;

11.8.9.      çimərlik və hovuz dəsmalları işçilər tərəfindən paketlənmiş şəkildə qonaqların istifadəsi üçün təqdim olunmalıdır. Çimərlik dəsmallarının hər gün dəyişdirilməsi və hər istifadədən sonra 60°C və ya daha yuxarı temperaturda yuyulması təmin edilməlidir;

11.8.10.   qonaqların hovuza girməzdən əvvəl duş alması üçün xəbərdarlıq nişanı asılmalıdır;

11.8.11.   COVID-19-a yoluxma riskini artırdığı üçün çimərlik və üzmə məkanlarında uzun müddət qalmamaqla, fiziki (sosial) məsafə və gigiyena qaydalarına riayət etməklə bağlı zəruri xəbərdarlıqlar (səsli anonslar) verilməlidir;

11.8.12.  çimərlik və üzmə məkanlarında yerləşən kafe, restoran və digər xidmət sahələrində bu Qaydaların 11.5-ci bəndinə uyğun olaraq xidmət təmin edilməlidir;

11.8.13.   COVID-19-a yoluxma halı aşkar edildiyi halda, bu cür şəxslərlə təmasda olmuş şəxslərin müəyyən edilə bilməsi üçün qapalı hovuza girən şəxslər barədə məlumatların qeydiyyatı aparılmalı və bu məlumatlar ən azı 14 gün müddətində saxlanılmalıdır;

11.8.14.     açıq və qapalı hovuzlarda və çimərliklərdə qrup şəklində məşqlərin, suyadalma dərslərinin və digər fəaliyyətlərin təşkilinə icazə verilmir;

11.8.15.  təkadamlıq su əyləncələrinə (sörfinq, skuter və s.) icazə verilir. Bu fəaliyyətlərdən sonra istifadə edilmiş əşyalar və avadanlıqlar, xilasedici jiletlər su və yuyucu vasitələrdən istifadə edilməklə təmizlənməli və dezinfeksiya edilməlidir;

11.8.16.      eyni anda bir neçə nəfərin iştirak etdiyi su əyləncələrindən eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqların istifadəsinə icazə verilir;

11.8.17.  duş kabinələri, sanitariya qovşaqları və digər məkanlar qapı və pəncərələri açılaraq tez-tez havalandırılmalıdır;

11.8.18.      qapalı hovuzların ventilyasiya, hava mübadiləsi sisteminin, nəmalma cihazının düzgün işləməsi yoxlanılmalıdır;

11.8.19.    tez-tez təmas olunan səthlər, o cümlədən giriş və çıxışlardakı ayaqaltlıqlar, qapı tutacaqları, soyunub-geyinmə otaqlarında qonaqların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaq və kilidləri, döşəmələr, soyuducuların tutacaqları, sanitariya qovşaqları, anbarlar, tullantıların yığıldığı sahələr, tullantı qabları, ödəniş terminalları mütəmadi dezinfeksiya olunmalıdır;

11.8.20.  hovuz və çimərliklərdə şezlonqlar və digər avadanlıqlar hər bir qonağa təqdim edilməzdən öncə dezinfeksiya edilməli, ictimai istifadədə olan duşlar, dəsmal götürmə masaları təmizlənməli və dezinfeksiya olunmalıdır;

11.8.21.    mümkün hallarda, çimərliklərdə istifadə edilən duş kranlarının, su kranlarının, sabun dispenserlərinin və digər avadanlıqların sensorlu olması təmin edilməli, bu ərazilər müvafiq qaydalara uyğun şəkildə təmizlənməli və mütəmadi qaydada dezinfeksiya edilməlidir;

11.8.22.  xilasedicilər fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərə (FFP2/N95 tipli maskalar, əlcəklər) riayət etməli, hər hansı bir şəxsə 2 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə isə əlavə olaraq üz sipərindən də istifadə etməlidirlər;

11.8.23.    süni tənəffüs vermə tədbirləri üçün süni tənəffüs maskaları, torba-maska cihazı kimi vasitələr təmin edilməlidir;

11.8.24.   xilasedicilər tərəfindən həyata keçirilən süni tənəffüs vermə və ilk yardım tədbirləri, COVID-19-un yayılması baxımından riskli fəaliyyətlər olduğu üçün, standart infeksiyaya nəzarət tədbirlərinə uyğun şəkildə həyata keçirilməlidir;

 

11.8.25.   süni tənəffüs vermə və ilk yardım tədbirləri 1 metrdən qısa məsafədə təmasın zəruri olduğu və hava damcılarının yarandığı fəaliyyətlər olduğu üçün süni ventilyasiyada süni tənəffüs maskaları, torba-maska cihazı kimi vasitələr istifadə edilməli, ağızdan-ağıza tənəffüsün verilməsi üsuluna üstünlük verilməməlidir.

 

11.9.  Sauna, hamam, SPA:

11.9.1.     sauna, hamam, SPA əraziləri bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.9.2.    bütün işçi heyət hamam, sauna, buxar otaqlarından kənarda, ön ofis, qəbul masası, istirahət bölmələrində bu Qaydaların 6- cı hissəsi ilə müəyyən edilmiş qaydalara uyğun şəkildə maskadan istifadə etməlidir;

11.9.3.     qonaqların geyinib-soyunma otaqlarından istifadəsi məhdudlaşdırılmalı və bu məqsədlə qonaq otaqlarından istifadə etmələri təşviq edilməlidir;

11.9.4.   SPA prosedurları zamanı fiziki təmasın qarşısı alınmalı, proseduru həyata keçirən şəxslə qonaq arasında fiziki (sosial) məsafə tətbiq oluna bilmədikdə, proseduru həyata keçirən şəxs və qonaq üz maskasından istifadə etməlidirlər. Bu qayda fizioterapiya, inqalyasiya, paleoterapiya (palçıq müalicəsi), balneoterapiya, iqloterapiya, speloterapiya (mağara müalicəsi), naftalan vannaları kimi turistlərin sağlamlığını yaxşılaşdırmaq üçün tətbiq edilən analoji sağlamlaşdırma prosedurlarına münasibətdə də tətbiq edilməlidir;

11.9.5.   hər bir qonaq üçün ayrıca kisə, lif, süngər kimi vasitələr qoyulmalı və bu əşyaların başqa qonaqlar tərəfindən istifadəsinə yol verilməməlidir;

11.9.6.   ümumi istifadədə olan əşyalar hər istifadədən sonra su və sabunla yuyulmalı və dezinfeksiya edilməlidir;

11.9.7.         SPA mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyasının beynəlxalq norma və standartlarla müəyyən edilən yuxarı hədlərdə saxlanması tövsiyə  olunur;

11.9.8.   mikrobioloji keyfiyyət yoxlamaları qanunvericiliyə uyğun şəkildə aparılmalıdır;

11.9.9.  mümkün hallarda, duş kranlarının, su kranlarının, sabun dispenserlərinin və digər avadanlıqların sensorlu olması təmin edilməlidir;

11.9.10.  sauna, hamam və SPA olan məkanlarda yerləşən kafe, restoran və digər xidmət sahələrində bu Qaydaların 11.5-ci bəndinə uyğun şəkildə xidmət təmin edilməlidir;

 

11.9.11.      hamam, sauna, buxar otaqları və jakuzilərdə adambaşına düşən sıxlıq norması 4 m2 sahəyə bir nəfər (işçi heyət də daxil olmaqla) həddində müəyyən edilməlidir;

11.9.12.   hər SPA prosedurundan əvvəl və sonra əltəmizləyici vasitədən istifadə edilməlidir.

11.10.  Fitnes:

11.10.1.    idman salonu bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir;

11.10.2.  idman salonunda hər 6 m2 ərazi üçün 2 nəfərin olması müəyyən edilməlidir;

11.10.3.     idman salonlarındakı iş şəraitindən asılı olaraq qonaqların bir-biri ilə və işçilərlə yaxın təmas məsafəsinin 2 metr olaraq saxlanılması üzrə tədbirlər görülməlidir;

11.10.4.  idman salonundakı avadanlıqlar (qaçış, velosiped və s.) arasında ən azı 2 metr məsafə qoyulmalı, bu mümkün olmadıqda 2  metr məsafədən yaxın yerləşən avadanlıqların eyni vaxtda istifadəsinə yol verilməməlidir;

11.10.5.    qonaqların geyinib-soyunma otaqlarından istifadəsi məhdudlaşdırılmalı və bu məqsədlə qonaq otaqlarından istifadə etmələri təşviq edilməlidir;

11.10.6.   idman salonlarının məsul işçiləri və qonaqlar idman etmədikləri zaman maskalardan istifadə etməlidirlər;

11.10.7.   idman mərkəzləri və salonlarında (açıq məkanlar daxil olmaqla) komanda şəklində keçirilən və təmas tələb edən idman növləri, müsabiqələr, əyləncə məqsədli yarışlar və ya insanların bir-biri ilə yaxın təmasına ehtiyac (futbol, basketbol, voleybol, taekvando, güləş, karate və s.) olan təlim məşqləri aparılmalıdır;

11.10.8.   güləş, karate, boks, taekvando və s. bu kimi idman növlərinin təmassız məşqləri və digər idman məqsədli fəaliyyətlər (yoqa, pilates, zumba və s.) adambaşına düşən sıxlıq normalarını və 2 metr fiziki (sosial) məsafə tələbini pozmamaq şərtilə həyata keçirilməlidir;

11.10.9.    idman fasilələri istisna olmaqla, idman salonlarında qonaqların gözləməsinə yol verilmir;

11.10.10.  COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə idman salonlarında qəzet, jurnal və s. kimi vasitələr saxlanılmamalıdır;

11.10.11.   qonaqların istifadə etdikləri idman alətlərinin yanında dezinfeksiyaedici vasitələr qoyulmalıdır;

11.10.12.  sabit və ya hərəkətli bütün idman alət və cihazlarının, o cümlədən qaçış alətləri, velosipedlər, ağırlıq qaldırma alətləri və s. kimi avadanlıqların əllə və vücudla təmas edilən bütün səthləri hər istifadədən sonra təmizlənməli və dezinfeksiya edilməlidir;

 

11.10.13.    istifadədən sonra idman alətlərinin təmas olunan səthlərinin istifadəçilər tərəfindən silinməsi təşviq edilməli, idman salonunun içində müxtəlif yerlərdə bununla bağlı məlumatlandırıcı lövhələr asılmalı və səsli anonslar verilməlidir;

11.10.14.   qonaqlar üçün birdəfəlik tekstil vasitələrindən istifadə edilməli və ya hər istifadədən sonra bu vasitələr ən az 60°C temperaturda yuyulmalıdır;

11.10.15.   dəsmallar idman salonu tərəfindən təmin edildikdə, onların bağlı paketdə və təmiz olmasına və ya bir məsul işçi tərəfindən verilməsinə, habelə onların hər istifadədən sonra müvafiq qaydada dezinfeksiya edilməsinə diqqət yetirilməlidir;

11.10.16.     idman salonlarının təmizliyində xüsusən tez-tez toxunulan səthlərin (qapı tutacaqlarının, telefonların, masa səthlərinin) təmizliyinə diqqət yetirilməli, əllə təmasın yüksək olduğu yerlər tez-tez su və yuyucu vasitələrlə təmizlənməli, 1:100 normal durulaşdırılmış ağardıcı ilə səthlərin dezinfeksiyası təmin edilməli, xlor məhlulunun zərər verdiyi səthlərdə (kassa, kompüter klavişləri, telefon və digər cihazların səthləri) isə 70 faiz spirt tərkibli məhlullar istifadə edilməlidir;

11.10.17.  mərkəzi havalandırma sistemi olan idman salonlarının havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək şəkildə qurulmalı, havalandırma sistemlərinə texniki xidmət və filtrlərin dəyişdirilməsi istehsalçı firmanın tələblərinə uyğun olaraq həyata keçirilməli, kondisioner və ventilyatorlardan istifadə edilməməlidir.

11.11.  Qolf oyunu xidməti:

11.11.1.   qolf oyununa gələn şəxslərin girişdə termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür. Bu zaman bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxslərin əraziyə daxil olmasına yol verilməlidir;

11.11.2.   bir qrupda 4 nəfərdən artıq şəxsin oynamasına icazə verilməməlidir;

11.11.3.   oyuna çıxan qruplar arasında ən azı 10 dəqiqə fasilə təmin olunmalıdır;

11.11.4.    sahədə oynayan qruplar arasında ən azı 150 metr məsafə təmin olunmalıdır;

11.11.5.   klub binası daxilində əsas insan axını olan nöqtələrdə fiziki (sosial) məsafə və digər qabaqlayıcı tədbirlərə dair məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulmalıdır;

11.11.6.   klub binası daxilində əsas insan axını olan nöqtələrdə əl dezinfeksiyaedici vasitələr yerləşdirilməlidir;

11.11.7.              geyinib-soyunma otaqlarından istifadə məhdudlaşdırılmalıdır;

 

11.11.8.   bir qolf maşınından yalnız bir nəfərin istifadə etməsinə icazə verilməlidir. Bu qayda ailə üzvlərinə və ya eyni otaqda qalan şəxslərə şamil edilmir;

11.11.9.   qolf çubuqları və topları, qapı tutacaqları, masalar və oturacaqlar, qolf maşınları və s. hər istifadədən sonra təmizlənməli və dezinfeksiya olunmalıdır.

11.12.  Konfrans, görüş və tədbir məkanları:

11.12.1.     konfrans, görüş və tədbir təşkilatçıları bu cür məkanlarda eyni vaxtda olan şəxslərin sayını müəyyən edərkən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan sıxlıq normalarına riayət etməlidirlər;

11.12.2.    konfrans, görüş və tədbirlər mümkün hallarda açıq havada və ya yaxşı havalandırılmış məkanlarda keçirilməldir;

11.12.3.    konfrans, görüş və tədbirə gələn şəxslərin girişdə termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür. Bu zaman həmin şəxslərin bədən hərarətinin 37.5°C və ya  daha yüksək olduğu müəyyən edildikdə, onların konfrans, görüş və tədbir məkanına daxil olmasına yol verilmir;

11.12.4.    COVID-19-a şübhəli əlamətləri olan və ya yaxın dövrlərdə bu cür əlamətləri olmuş, COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan şəxslərin konfrans, görüş və tədbirdə iştirakına icazə verilmir;

11.12.5.     konfrans, görüş və tədbir zamanı COVID-19-un yayılması riskini artıran hərəkətlərə, məsələn qələm və digər əşyaların mübadiləsinə yol verilmir;

11.12.6.   konfrans, görüş və tədbir məkanlarının girişlərində və zəruri olduqda məkan daxilində əl dezinfeksiyaedici vasitələr yerləşdirilməlidir;

11.12.7.     əşya və səthlərlə təmas nəticəsində infeksiyanın yayılma riskinin qarşısının alınması məqsədilə məkana giriş zamanı qonaqların əl dezinfeksiyaedici vasitələrdən istifadə etməsi təmin edilməlidir;

11.12.8.   iştirakçılar arasında 2 metr fiziki (sosial) məsafə təmin olunmalıdır;

11.12.9.    fiziki (sosial) məsafə qaydasına tədbirin keçirildiyi məkanın hər yerində, o cümlədən giriş və çıxışda, istirahət otaqlarında və digər ərazilərdə riayət olunması təmin edilməlidir;

11.12.10.  masa və oturacaqlar fiziki (sosial) məsafə tələblərinə uyğun şəkildə yerləşdirilməlidir;

11.12.11.   fiziki (sosial) məsafəyə riayət edilməsini təmin etmək üçün döşəmələrdə işarələnmə edilməlidir;

 11.12.12.  qapalı məkanlarda mümkün hallarda üzbəüz və yaxın məsafədə ünsiyyətdən çəkinilməlidir;

11.12.13.     hündür səslə danışıqların qarşısını almaq üçün müvafiq tədbirlər görülməli, mikrofonlardan istifadə imkanı təmin olunmalıdır;

11.12.14.     hər tədbirdən sonra tədbir məkanı və oradakı avadanlıqlar və tez-tez təmas edilən səthlər təmizlənməli və dezinfeksiya edilməlidir.

 

12. Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan çıxarılması

 

12.1.   Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan çıxarılması zamanı fiziki (sosial) məsafənin saxlanılması təmin edilməlidir.

12.2.   Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan çıxarılması məntəqələri, bununla bağlı prosedurlar və məlumatlandırıcı nişanlar müəyyən edilməlidir;

12.3.  Anbara bir istiqamətli hərəkət axını təmin edilməlidir.

12.4.   Ehtiyatların saxlanması ilə bağlı qaydalar fiziki (sosial) məsafə tələbləri nəzərə alınaraq yenilənməlidir. İş yerinin quruluşuna uyğun olaraq, fiziki (sosial) məsafə tələblərinə riayət etmək mümkün olmadıqda, risklərin azaldılması ilə bağlı mümkün tədbirlər müəyyən edilməli və həyata keçirilməlidir.

12.5.  Buraxılış məntəqəsində, həyət və anbarda zəruri olmadığı hallarda təmas minimuma endirilməlidir.

12.6.     Mümkün hallarda və təhlükəsizlik tələblərinə uyğun olduqda, yüklər bir işçi tərəfindən yüklənməli və ya boşaldılmalıdır. Bu mümkün olmadıqda, bu işlərin eyni işçilər tərəfindən həyata keçirilməsinə səy göstərilməlidir.

12.7.     Təhlükəsizlik tələblərinə uyğun olduqda, sürücülərin nəqliyyat vasitəsini tərk etməməsinə səy göstərilməlidir.

12.8.   Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməli, daha çox sayda əl yuma sahələrinin qoyulması həyata keçirilməli, bu mümkün olmadıqda isə əl dezinfeksiyaedici vasitələrin qoyulması təmin edilməlidir.

12.9.    Əraziyə daxil olan mal və məhsulların təmizlənməsi prosedurları müəyyən edilməlidir.

12.10.   Ümumi istifadədə olan avadanlıq, alətlər və nəqliyyat vasitələrinin əllə təmas olan hissələrinin hər istifadədən sonra təmizlənməsi və dezinfeksiyası həyata keçirilməlidir.

 

12.11.   İşçilərin evə getdikləri zaman istifadə etdikləri nəqliyyat vasitələrinin müntəzəm olaraq təmizlənməsi və dezinfeksiyası təmin edilməlidir.

12.12.     Çatdırılma fəaliyyətinin dövriliyini azaldan tədbirlər nəzərdən keçirilməli, daha böyük həcmdə sifarişlərin verilməsinə üstünlük verilməli, elektron qaydada əvvəlcədən sifarişi mümkün olan məhsullar təmassız çatdırılma üsulundan istifadə edilməklə çatdırılmalıdır;

12.13.   Mehmanxananın qida məhsullarının tədarükü, istehsalı, hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi heyətinin bu bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki xidmət işçiləri, malların daşınmasını həyata keçirən sürücülər və digər şəxslərlə yaxın təmasda olmaması, fiziki (sosial) məsafəyə riayət edilməsi və qoruyucu vasitələrdən istifadə edilməsi təmin olunmalıdır.

 

13.                                                        Yekun müddəalar

 

13.1.    Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir.

13.2.  Bu Qaydaların 13.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də cəlb edilə bilərlər.

13.3.    Bu Qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.

09.08.2020 08:06

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10