Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dəli Kürdən əsər-əlamət qalmayıb

Ən böyük çayımızda problemlər daha da artır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəli Kürdən əsər-əlamət qalmayıb

Azərbaycanın ən böyük çayı, bol sululuğuna və tez-tez aşıb-daşdığına görə “dəli” adlandırılan Kür çayının çılğınlığından artıq əsər-əlamət qalmayıb. Ölkənin əsas su mənbəyi sayılan çayda suyun səviyyəsinin kəskin azalması ciddi narahatlıq doğurur.

Kürün vəziyyəti çox acınacaqlı hesab olunur, hətta gələcəkdə Kürün Xəzərə çatmayacağı ilə bağlı mülahizələr də dolaşır. Kürdə son illərdə suyun səviyyəsinin aşağı enməsi ümumilikdə dünyada gedən iqlim dəyişikliyi nəticəsində su ehtiyatlarının azaldığının da bir nümunəsidir.

İqlim dəyişikliyi, yoxsa insan faktoru?

Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkədən kənarda formalaşır. Ölkəmizin ən böyük və əsas su mənbəyi Kürün ildən-ilə quruması isə şirin su ehtiyatında problemlər yaradır. Doğrudur, Kür çayının keçdiyi ölkələrdə də qlobal iqlim dəyişiklikləri ilə bağlı müəyyən problemlər var. Son illərin yay aylarında Neftçala və Salyan rayonlarında əhalinin içməli su ilə bağlı üzləşdiyi çətinliklər daha çoxdur.

Mütəxəssislər su ehtiyatının azalmasını, su ilə bağlı problemləri insan faktoru ilə də əlaqələndirirlər. Bu günümüzdə sudan səmərəli istifadə, suya qənaət olunması əsas prioritetlərdən hesab olunur. Müəyyən rayonlarda, əsasən də yay aylarında su qıtlığının hansı problemlərə yol açdığının şahidi olmuşuq. Bəs bu ilin bol yağıntılı olması, xüsusən mart ayında yağan yağış və qar yaz-yay aylarında əhalinin su problemi ilə üzləşməsinin qarşısını alacaqmı?

Çayların su ehtiyatı 15 faiz azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyevlə söhbətimiz zamanı bəlli oldu ki, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində dünyanın bəzi regionlarında havanın temperaturunun yüksəlməsi, yağıntıların  azalması, buxarlanmanın artması su resurslarının azalmasına səbəb olub.

Son 30 ildə respublikanın çaylarının su ehtiyatları 15 faizədək azalıb. Beş ildə isə su resursları daha çox azalıb, quraqlıq keçib. Kür çayının qollarında suyun miqdarı ayrı-ayrı illərdə normadan 20-30 faizədək az olub. Nəticədə su anbarlarını doldurmaq mümkün olmayıb, həm Kürboyu ərazilərin su təchizatında, həm də Kürün aşağı axınında su çatışmazlığı yaranıb. Kürün səviyyəsi bir neçə metr aşağı düşüb. Adətən martın əvvəlində çayda 300-400 kubmetr su olduğu halda, indi 50-60 kubmetr su müşahidə olunur. Lakin martda yağan yağışlar nəticəsində Kürdə, onun qollarında, Kürə tökülən çaylarda - Türyançay, Göyçay, Girdimançay, Dəmiraparançayda sululuq artıb. Nəticədə Kürün aşağı axınında sululuq 100 kubmetrə çatıb. Bu da Neftçala ərazisində Mayak, Bankə məntəqələrində Kürün səviyyəsinin bir qədər yüksəlməsinə gətirib çıxarıb.

Rafiq Verdiyevin sözlərinə görə, bu durum həmin ərazilərdə duzluluğu azaldıb. Məsələn, martın əvvəlində 1 litr suda duzluluq 7-8 qram idisə, indi 1 qramdan aşağı düşərək norma daxilinə çatıb. Kürdəki duzluluq cənub-şərq küləkləri nəticəsində yaranan dalğaların gətirdiyi dəniz suyu və çayda suyun səviyyəsinin düşməsi ilə bağlı olur.

Rafiq Verdiyev deyir ki, artıq gursululuq dövrü başlayır. Bu dövrdə yağan qarın əriməsi, yaz yağışlarının nəticəsində çaylarda sululuğun artması gözlənilir: “Bu da Kürdə suyun çox olacağını göstərir. Ancaq sudan səmərəli istifadə edilməzsə, indiki kimi çox su götürülərsə, məsələn, 40 faizlik su itkisi olarsa, su problemi xüsusən yay dövründə təkrarlana bilər. Problemin qarşısını almaq üçün ilk növbədə sudan səmərəli istifadə etmək lazımdır”.

Suvarmada müasir metodlar tətbiq edilməlidir

Mütəxəssis deyir ki, Kür çayı başlanğıcını Türkiyə ərazisindən götürür, ölkəmizə Gürcüstan ərazisindən daxil olur. Araz çayı da Türkiyədən başlayaraq İran və Ermənistan ərazisindən keçir. Bu çayların ölkəyə daxil olduğu yerdə son illərdə su ehtiyatında 20-30 faiz azalma müşahidə edilir.

Yerli çaylarımızda da su resursları azalır. Əvvəl Kür bir neçə qolla axırdı, sonradan lillənmə nəticəsində bəzi qollar bağlandı. Hazırda çayın sol qolundan istifadə edilir.

R.Verdiyev hazırda çaydakı mövcud vəziyyətlə bağlı yeni layihələrin hazırlandığını da bildirdi: “Ola bilər mühəndis qurğusu tikilsin, bunun sayəsində dənizdən daxil olan duzlu suyun qarşısı alınsın. Əsas odur ki, çayın aşağı axınında kifayət qədər su saxlamaq mümkün olsun. Sudan səmərəli istifadəyə diqqət artırılmalı, suvarmada müasir metodlar tətbiq edilməli, sudan təkrar istifadəyə geniş yer verilməlidir”.

Nazirlik rəsmisi deyir ki, hazırda Kürdə su resursları normadan aşağıdır. Gözlənilən yağıntıların beynəlxalq proqnozları alındıqdan sonra nə qədər su ehtiyatı olacağını deyə biləcəyik. Ümumən su ehtiyatının normadan aşağı olacağı gözlənilir. Ən yaxşı halda isə normaya yaxın ola bilər. Bu isə bizi sudan səmərəli istifadəyə, ona qənaət etməyə çağırır.

Bu ilin fevralında Kürdəki vəziyyətlə bağlı tədqiqat aparılıb. Son vəziyyət və tədqiqatın nəticəsi ilə bağlı qəzetimizə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov çayda vəziyyətin normal olmadığını desə də, şirin su ehtiyatının mövcudluğunu təsdiqləyib.

Onun sözlərinə görə, Neftçala və Salyan rayonlarının əhalisi Kürün suyundan hələ ki, içməli su kimi istifadə edir, çünki suvarma mövsümü başlamayıb: “Mingəçevirdən Neftçalaya qədər Kür çayındakı vəziyyət ilə əlaqədar tədqiqat apardıq. Yevlax tərəfdə kifayət qədər su olsa da, Neftçalaya doğru çayın suyunun yavaş-yavaş  azaldığını müşahidə etdik. Su ehtiyatlarının azalmasının başlıca səbəbi insan faktorudur. Suya normal münasibət bəslənmir, nəticədə belə vəziyyət yaranır. İndi taxılçılıqla əlaqədar suya ehtiyac var,  çünki taxılı selləmə suvarırlar, buna “vəhşi” üsul deyilir”.

Salyan və Neftçalada su ilə bağlı problemlər yenə olacaq

Son dövrlərdə yağıntılarla bağlı Mingəçevir Su Anbarına kifayət qədər su toplanıb. Anbarların əksəriyyəti demək olar ki, doludur. Bundan sonra da su olacaq, çünki qar əriməyə başladığından su artır.

Mirnuh İsmayılov bildirir ki, yay aylarında Salyan, Neftçala rayonlarında su ilə bağlı problemlər yenə də olacaq. Çünki su anbarlarında ehtiyat yaxşı idarə olunmur, su fermerlər arasında düzgün bölüşdürülmür: “Çayın yuxarı hissəsindəki ərazilərdə yaşayan əhali sudan çox istifadə edir, sahələri müasir üsulla suvarmır, aşağı hissəyə isə su çatmır. Yay aylarında yenə quraqlıq gözlənilir. Ancaq ötənilki kimi olmayacaq,  çünki bu il yağıntılar çox olub, anbarlara kifayət qədər su yığılıb”.

Şöbə müdiri deyir ki, Kürün Xəzərə töküldüyü yerdə şirin su ehtiyatı var, duzluluq da şirin suya uyğundur. Hələ Salyan və Neftçala əhalisi suvarma sisteminə ciddi şəkildə keçməyib. Yay aylarında pambıq, tərəvəz sahələri, əkin yerləri  suvarılanda suya tələbat artacaq.

Görünən odur ki, bolsulu çayımız olan Kür əvvəlki vəziyyətinə qayıda bilməyəcək. Sudan səmərəli istifadə edilməzsə, isti aylarda Kürboyu ərazilərdə yaşayan əhali hətta içməli su problemi ilə də üzləşəcək. Odur ki, gəlin hər istifadə edilən suyun həyat olduğunu unutmayaq, ondan düzgün istifadəyə diqqət yetirək.

KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya

© Əsmər QARDAŞXANOVA, “Azərbaycan”

06.04.2022 07:54

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ