Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
Rusiyanın İrkutsk vilayətində taun əleyhinə elmi-tədqiqat institutunun əməkdaşının ağır pnevmoniyadan öldüyü, hadisənin taunla əlaqəli ola biləcəyi bildirilir. Yerli mediaya görə, potensial yoluxma riski səbəbindən 189 nəfər tibbi müşahidəyə götürülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) CNBC-yə açıqlamasında İrkutsk vilayətində laboratoriya əməkdaşının cümə günü ağır pnevmoniyadan ölməsi barədə məlumatlardan xəbərdar olduğunu bildirib.
ÜST qeyd edib ki, ölümün səbəbi hələ rəsmi şəkildə təsdiqlənməyib və laborator müayinələrin davam etdiyi ehtimal olunur. Təşkilat Rusiyaya dəstək təklif etdiyini də bildirib.
“Məlumatlara əsasən, pasiyentlə təmasda olmuş bütün şəxslər müəyyən edilib və onların sağlamlıq vəziyyəti izlənilir. İndiyədək onlardan heç birində xəstəlik əlaməti müşahidə edilməyib”, – ÜST bildirib.
Taun nədir və necə yayılır?
Taun nadir rast gəlinən, lakin potensial olaraq ölümcül bakterial infeksiyadır. Xəstəlik vaxtında müəyyən edildikdə antibiotiklərlə müalicə oluna bilir.
Taunun törədicisi Yersinia pestis bakteriyasıdır. Bu bakteriya əsasən kiçik məməlilərdə və onların üzərində yaşayan birələrdə rast gəlinir.
Xəstəliyin bir neçə forması mövcuddur. Bubon taunu XIV əsrdə “Qara ölüm” pandemiyası ilə əlaqələndirilən klassik formadır. Müalicə edilmədiyi halda bakteriya limfa sistemindən qana və ya ağciyərlərə yayıla və septisemik, yaxud pnevmonik tauna səbəb ola bilər.
Rusiyada bildirilən son hadisənin pnevmonik taun ola biləcəyi ehtimal edilir. Bu formada bakteriya ağciyərləri zədələyir.
Pnevmonik taun digər taun formalarından inkişaf edə və ya yoluxucu hissəciklərin nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yarana bilər. Bubon taunundan fərqli olaraq, pnevmonik taun insandan insana tənəffüs yolu ilə ötürülə bildiyi üçün epidemioloji baxımdan daha ciddi risk hesab olunur.
London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Brendan Wren bildirib ki, əgər bu, laboratoriyada yoluxma nəticəsində yaranmış pnevmonik taun hadisəsidirsə, xəstəliyin tənəffüs yolu ilə ötürülməsi mümkündür.
Onun sözlərinə görə, Yersinia pestis kifayət qədər yoluxucudur, lakin SARS-CoV-2 virusu qədər asan yayılmır.
Rusiyada nə baş verir?
Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət xidməti — "Rospotrebnadzor" bildirib ki, İrkutskdakı taun əleyhinə elmi-tədqiqat institutunun əməkdaşına “mənşəyi məlum olmayan pnevmoniya” diaqnozu qoyulub.
Qurum İrkutsk və Şelexov şəhərlərində epidemioloji vəziyyətin “sabit” olduğunu və hadisə ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib. Yaxınlıqdakı Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov sosial şəbəkədə həmin şəxsin taun xəstəliyinin dəqiqləşdirilməmiş formasından öldüyünü bildirib. Bununla belə, o, əməkdaşın son günlərdə Buryatiyaya səfər etməsi barədə məlumatları təkzib edib.
CNBC yayılan məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirir. Rusiyanın Səhiyyə Nazirliyi isə sorğuya dərhal cavab verməyib. Brendan Wren-in sözlərinə görə, dünyada hər il təxminən 2 min taun hadisəsi qeydə alınır və onların əksəriyyəti standart antibiotiklərlə müalicə edilə bilir.
Bununla yanaşı, o, çoxsaylı antibiotiklərə davamlı taun ştammlarının meydana çıxması barədə də xəbərdarlıq edib. Wren bildirib ki, laboratoriyada belə bir ştammla işlənilibsə, müalicə imkanları daha məhdud ola bilər.
Ekspert hesab edir ki, laboratoriya əməkdaşı taun xəstəliyinin endemik olduğu regionlar üçün yeni və daha effektiv vaksinlərin hazırlanması məqsədilə Yersinia pestis nümunələri üzərində işləyə bilərdi.
Rospotrebnadzor isə bildirib ki, ölən şəxsin peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkar edilməyib.
ÜST mövcud qeyri-rəsmi məlumatlara əsasən, hazırda ümumi əhali üçün ictimai sağlamlıq riskinin aşağı göründüyünü bildirib. Təşkilat yeni məlumatlar əldə edildikcə risk qiymətləndirməsinin yenilənəcəyini qeyd edib.
Tramp Sibirdə taun şübhəsi ilə bağlı Putinlə danışacaq
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Sibir bölgəsində laboratoriya əməkdaşının taun şübhəsi ilə əlaqələndirilən ölümünü Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini bildirib. Tramp oktyabrın 6-da Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Putinlə telefon danışığının “çox tezliklə” baş tutacağını deyib.
ABŞ kəşfiyyat orqanlarının hadisə ilə bağlı hansı məlumatlara malik olduğunun soruşulmasına Tramp belə cavab verib: “Hazırda çox dərin müzakirələr aparırıq. Yəqin ki, sabah bununla bağlı məlumat verə biləcəyik”.
Ağ Evin oktyabrın 6-da yaydığı material da Trampın həmin gün jurnalistlərlə danışdığını təsdiqləyir. Tramp bundan bir gün əvvəl Rusiyada qeydə alınan ölüm hadisəsi ilə əlaqədar ABŞ-ın Moskvaya yardım göstərməyə hazır olduğunu bildirmişdi.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə Rusiyanın İrkutsk vilayətində ölümlə nəticələnən ehtimal olunan pnevmonik taun hadisəsi barədə məlumatları yaxından izlədiyini açıqlayıb.
CDC bildirib ki, hadisənin başvermə şəraiti hələ təsdiqlənməyib. Pnevmonik taun yaxın təmas zamanı tənəffüs damcıları vasitəsilə insandan insana keçə bilər.
Bununla belə, CDC hazırda hadisənin ABŞ üçün daha geniş təhlükə yaratdığına dair hər hansı əlamətin olmadığını bildirib. Qurum digər federal strukturlarla birlikdə vəziyyəti yaxından izləməyə davam edəcəyini qeyd edib. ABŞ-ın Moskvadakı səfirliyi də oktyabrın 6-da İrkutskda ehtimal olunan pnevmonik taun hadisəsi ilə bağlı məlumatları izlədiyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud məlumatlara əsasən ümumi əhali üçün riskin aşağı olduğunu qiymətləndirib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, təşkilat ağır pnevmoniyanın səbəbini və hadisədə hansı patogenin rol oynadığını dəqiqləşdirmək üçün Rusiya səhiyyə orqanlarından əlavə məlumat istəyib.
Onun sözlərinə görə, potensial ictimai sağlamlıq risklərini qiymətləndirmək üçün məlumatların vaxtında, tam və şəffaf şəkildə paylaşılması vacibdir.
Rusiya tərəfinin ÜST-yə verdiyi son məlumatlara görə, İrkutsk vilayətində yeni taun halları qeydə alınmayıb və müəyyən edilmiş təmaslı şəxslərdə yüksək təhlükəli patogenlər aşkarlanmayıb.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 6 d. əvvəl
- 12 d. əvvəl
-
24 d. əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
1 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
2 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
























