Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Artıq tamah baş yarar - Greensill Capitalın çöküşü buna ən yaxşı sübutdur

Kölgə bankçılığının acı təcrübəsi ən azı 10 milyard dollar vəsaitin dondurulması ilə nəticələndi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Artıq tamah baş yarar - Greensill Capitalın çöküşü buna ən yaxşı sübutdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın maliyyə xidmətləri şirkəti Greensill Capital-ın ətrafındakı maliyyə qalmaqalı səngimək bilmir.

Marja xəbər verir ki, Şirkətin cari ilin martında Böyük Britaniyanın Qeydiyyat Palatasına kreditorlardan müdafiə, yəni faktiki olaraq müflisləşmə barədə ərizə verməsi son aylarda davam edən ittihamları və araşdırmaları daha da qızışdırıb. Bəs necə oldu ki, təchizat zəncirinin maliyyələşdirilməsi biznesində qısa müddətdə fantastik uğur qazanan və 2019-cu ilin sonunda artıq 682 milyon dollarlıq aktivlərə malik olan şirkət birdən-birə iflas etdi? Gəlin birlikdə araşdıraq.

1977-ci il təvəllüdlü Avstraliyalı Leks Greensill uşaqlıqdan digər qardaşları Peter və Endryu ilə birlikdə babalarından miras qalmış Bundabergdəki ailə təsərrüfatında – çuğundur və şirin kartof plantasiyasında çalışıb. Hələ o zaman təchizat zəncirindəki problemlər səbəbindən fermerlərin öz məhsullarını satmaqda çətinlik çəkdiyinin şahidi olub. Kəndlinin əziyyətini görən Leks obrazlı desək, “oxuyub adam olmaq” üçün əvvəlcə Kepnock Dövlət Kollecini bitirir, daha sonra isə Queensland Texnologiya Universitetinin hüquq fakültəsindən məzun olaraq, yerli hüquq şirkətində xırda məmur kimi işə başlayır.  Taleyin sonrakı axarı onu əvvəlcə Sidneyə, daha sonra isə dünyanın maliyyə mərkəzi Londona gətirib çıxarır.

Əvvəlcə ABŞ-ın iri investisiya banklarından olan Morgan Stanley-də çalışır, daha sonra isə digər maliyyə nəhəngi CitiBank-a keçir. Burda Avropa, Orta Şərq və Afrika üzrə təchizat zəncirinin maliyyələşdirilməsi bölməsinin idarəçi direktoru vəzifəsinə qədər yüksəlir. Maraqlı bir tanışlıq nəticəsində Böyük Britaniyanın o vaxtkı baş naziri Devid Kameronun kiçik biznesin inkişafı üzrə müşaviri təyin edilir, hələ bir müddət sabiq ABŞ prezidenti Barak Obama üçün də müəyyən biznes konsultasiya xidmətləri göstərir.

Nəhayət, 2011-ci ildə Leks Greensill özünü böyük boss kimi sınamaq qərarına gəlir və yeni ingilis Fintech startapını - Greensill Capital şirkətini yaradır. Şirkətin əsas biznesi köhnə iqtisadi terminologiyada faktorinq, hazırda isə təchizat zəncirinin maliyyələşdirilməsi adlandırılan prosesin üzərində qərarlaşır: sənaye şirkətləri və onların təchizatçıları arasında maliyyə vasitəçisi olmaq. Bu prosesdə maliyyəçi təchizatçıya onun X şirkətinə satdığı mala görə təqdim etdiyi invoysların dəyərini müəyyən endirimlə dərhal ödəməyi təklif edir, X şirkətindən isə daha sonra bu borcları müəyyən güzəştli müddətlə və üstündə faiz dərəcəsi ilə geri alır. Nəticədə təchizatçı satdığı malın pulunu dərhal, lakin kiçik endirim faizi ilə əldə edir, X şirkəti pulu daha gec müddətdə maliyyələşdirmə şirkətinə ödəməklə əlində sərbəst nağd vəsait saxlayır və istehsalını səmərəli təşkil edir, Greensill isə həm təchizatçıdan, həm də sifarişçidən qazanır.

Ən böyük müştərilərindən biri Hindistanın metallurgiya maqnatı Sanjeev Guptanın rəhbərlik etdiyi GFG Alliance olan Greensill Capital qısa müddətdə təchizat zəncirinin maliyyələşdirilməsi sektorunda liderlərdən birinə çevrilir. 2017-2018-ci illərdə özəl investisiya qrupu General Atlantic Greensillə 250 milyon dollarlıq yatırım edir, 2019-cu ildə isə şirkət Yaponiyanın maliyyə nəhəngi SoftBank-dan 800 milyon dollar vəsait cəlb edir və daha sonra bu vəsaiti 2 milyard dollara qədər artırır.  Həmin ildə Greensill artıq 10 milyondan artıq müştəriyə, 175 ölkədə təchizatçılara xidmət göstərirdi və 143 milyard dollardan artıq vəsaitə çıxış əldə etmişdi. 2018-ci ildə isə Leks bir zamanlar şefi kimi yanında çalışdığı keçmiş baş nazir Devid Kameronu şirkətinə müşavir kimi dəvət edir. 

Lakin şirkət bu sektorda ən vacib amillərdən biri olan risk qiymətləndirməsini düzgün apara bilmir, satın aldığı kreditlərin tam həcmdə sığortalanmasını təmin etmir və maliyyə hesabatlarında manipulyasiyalar edərək, “hər şeyin əla olduğunu” göstərir. Artıq 2019-cu ilin yayında şirkətin iki əsas maliyyə sığortaçısı - Avstraliyadan Bond&Credit Company və Yaponiyadan Tokio Marine Greensillin satın aldığı kredit öhdəliklərinin sığortalanmasını uzatmayacaqlarını və əməkdaşlığı dayandırdıqlarını bildirdilər. Greensill onlara qarşı məhkəmə iddiası qaldıraraq, məcburi sığortalanma əldə etməyə çalışmış, lakin bu ilin mart ayında keçirilmiş məhkəmə prosesini uduzmuşdur.

Vəziyyətdən çıxış yolu tapmağa çalışan Leks biznesinin bir hissəsini qlobal investisiyaların idarə edilməsi şirkəti Apollo Global Management-ə, yaxud təqaüd xidmətləri fondu Athene Holdings-ə satmağa razılaşmışdır. Lakin ard-arda baş verən hadisələr Greensilli daha da çıxılmaz vəziyyətə saldı: Almaniyanın maliyyə nəzarət qurumu BaFin martın əvvəlində şirkətin Bremendəki filialı barədə araşdırmalar apararaq, maliyyə hesabatlarında fırıldaqçılığa yol verdiyini və bilərəkdən təhrif olunmuş maliyyə göstəriciləri təqdim etdiyini bildirmiş və onun fəaliyyətini dayandırmışdır. Greensill-in zəmanətli kreditlərini satın alan fondları idarə edən İsveçrənin Credit Suisse bankı isə 10 milyard dollarlıq vəsaiti dondurduğunu elan etdi. Bu vəziyyətdə Leksin müflisolma barədə rəsmi ərizə verməkdən başqa çarəsi qalmamışdır.

Qısa müddətdə rəsmi milyarderə çevrilən və Böyük Britaniyanın ən ali mükafatlarından biri olan Britaniya İmperiyası Komandiri medalını 2017-ci ildə şəxsən Şahzadə Çarlzın əlindən qəbul edən Leks özü ilə bərabər köhnə şefi, hazırda isə biznes partnyoru Devid Kameronu da “zibilə salıb”. Böyük Britaniyada başladılan araşdırmalar Kameronun Greensilli İngiltərə Bankının COVID Korporativ Maliyyələşdirmə Xəttinə qoşmaq üçün lobbiçilik etdiyini, bu məqsədlə keçmiş həmkarlarına təzyiq göstərdiyini və 200 milyon funt-sterlinqdən artıq maliyyələşmə ayrılmasına nail olduğunu üzə çıxarıb. Şirkətin, Leksin və bir zamanların məşhur siyasətçisi Kameronun taleyinin necə olacağı növbəti həftələrdə veriləcək qərarlardan asılıdır.

Greensill Capital
19.03.2021 18:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar