Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Startaplara başlanğıc olaraq 50 min dollar investisiya yatırılır” – MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Startaplara başlanğıc olaraq 50 min dollar investisiya yatırılır” – MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Akselerasiya mərkəzləri innovatov ideyaların, startapların inkişafında əsas rol oynayır. Onların müəyyən vaxt ərzində böyüməsinə və inkişafına təkan verir. Azərbaycanda 7 ildir fəaliyyət göstərən “SUP VC” də bunlardan biridir. “SUP VC”nin icraçı direktoru Rəşad Eyvazovun startapların akselerasiya proqramına necə qəbul olması və inkişafı barədə müsahibəsini təqdim edirik.

- “SUP VC” nədir və yaranarkən əsas məqsədi nə olub?

Reklam_3_11

- “SUP VC” akselerersiya proqramı 2015-ci ildə yaradılıb. Akselerasiya proqramı ideyası, komandası və məhsulu olan innovativ startaplara müxtəlif istiqamətlərdə dəstək olur.  Fəaliyyətə başlayanda əsas hədəfimiz yeni istedadları tapmaq, üzə çıxarmaq və ölkəmizi beynəlxalq səviyyədə tanıtmaq olub. Bununla biz uğur hekayələrinin yazılmasında rol oynayırıq. Amma bu uğur hekayələrinin də üzə çıxarılması çox böyük zəhmət tələb edir. Artıq 7 ildir ki, fəaliyyətdəyik. Biz bu yolda işimizə yorulmadan davam edirik.

- “SUP VC”yə görə startap nədir və sizə müraciət edən komandalar hansı şərtlərə  cavab verməlidir?

- “Startap nədir?” sualının geniş və müxtəlif izahları ola bilər. Biz ənənəvi problemin innovativ yanaşma ilə həllinə startap deyirik. Əlbəttə, “SUP VC”nin qəbul zamanı kriteriyaları var. Kriteriyalar məhsulun və minimal satışların olmasıdır. Seçim şərtlərindən biri startapların “vision”ı, yəni gələcəyə baxış və hədəfləri olmasıdır. Startap fəaliyyətinə Azərbaycandan başlaya bilər, amma mütləq regional səviyyədə hədəfi olmalıdır. Bəzən narazı qalan müraciətçilər olur. Əslində, bu, normal haldır. Əgər seçilən varsa, seçilməyən də var. Biz özəl qurumuq. Hər hansı bir dövlət qurumuna bir aidiyyatımız yoxdur. Seçimi də şirkətə aid olan ekspertlər edirlər. Seçilməyən şəxslərə biz emaildə bildiririk ki, sizin təqdimatda nələr çatışmır. Biz o potensialı startapda hiss etməliyik. Biz istəyirik ki, bizim sərf etdiyimiz enerji və resurslar boşa getməsin. Nəticəsi olsun.

- “SUP VC”yə qəbul olan startap komandasını nə gözləyir? Onlara hansı imkanlar yaradılır?

- “SUP VC” akselerasiyaya qəbul edir və yetişdirir. Daha dəqiq desək, 3 aylıq - 12 həftəlik  beynəxlaq səviyyədə olan təlim və tədris prosesi, 24 saatlıq yerlə təmin olunma, beynəlxalq partnyorlarla olan əməkdaşlıq, müxtəlif servislərlə təmin olunma (məsələn “Amazon web” servislərində saytların pulsuz yerləşdirilməsi) bura daxildir.  3 aylıq təlim proqramında yerli və beynəlxalq səviyyədə mütəxəsisslərin “master classlar” və “workshop”ları olur. Əsasən, Silikon Vadisindən olan ekspertlərə üstünlük veririk. Düzdür, dünyanın müxtəlif yerlərində mərkəzlər var. Amma illər öncə yaratdığımız əlaqələr Amerikadan - Silikon Vadisindən olub. “Silicon Valley in Your Pocket” adlı proqram var. Burada “Berkeley” universitetinin professorları iştirak edir. Bundan başqa bir sıra mərkəzlər var ki, onlarla partnyor olaraq əməkdaşlıq edirik. Həmçinin satışda köməklik, beynəlxaq və özəl qurumlarla tanışlıqda dəstək veririk. Proqramın sonunda biz onları investor qarşısında “Demo day” adlanan çıxışla təmin edirik ki, onlar yatırım əldə edə bilsinlər.

- “SUP VC”də startaplara ilkin ivestisiya nə qədərdir? 

- Məzun günündən sonra “SUP VC”nin əməkdaşlıq etdiyi mələk investor klubu startaplara  başlanğıc olaraq 50 min dollar investisiya edir. Növbəti etaplarda hər bir startapın ehtiyacından irəli gələn məbləğlər olur. Növbəti raundlarda onlara bizim başqa yatırımlarla məşğul olan qurumlar dəstək olur. Xarici vençur kapital şirkətlər və təşkilatlardan dəstək alırlar.



- Siz həm də məşhur Y Combinatorla əməkdaşlıq edirsiniz.

- Y Combinatorun təlim məhsulları var ki, biz onlardan faydalanırıq.  Bu təlimləri azərbaycan dilində startap.edu.az saytında yerləşdirmişik ki, startap barədə anlayışı olmayan hər bir vətəndaş, bu, məktəbi yeni bitirən biri və ya tələbə də ola bilər, pulsuz bu video materiallara baxa bilərlər. Dərslər həm subtitrlə, həm də mətnlə azərbaycan dilinə tərcümə olunub. Bu, təhsil yönümlü sosial layihədir. Biz çalışırıq ki, kütləviliyi təmin edək.

- Son 2 ildə “Sup VC” akselerasiyasını keçən və yatırım alan startaplar barədə xəbərlərlə rastlaşırıq. Bu startaplar hansılardır?

-Son illərdə bir neçə startap var. “Whelp”, “Nextsale”, ölkədən xaricdə olan və investisiyada kömək etdiyimiz “Paym.es” şirkəti nümunə ola bilər Onun “co-founder”-ı azərbaycanlı idi. Bu startapların hamısının artıq uğur hekayəsi var. “Nextsale”, məsələn, “exit” etdi və Amerika tərəfindən satın alındı. O, Azərbaycanda ilk dəfə “exit” edən startap idi. Bu da startap üçün böyük uğurdur.

- Startapların uğur qazanmasında “SUP VC”nin rolu nə qədərdir? Bu uğur startapın öz potensialından asılıdır?

-Mən düşünürəm ki,  hər ikisi önəmlidir. Biz həmişə deyirik ki, keyfiyyətli startap çox azdır. Keyfiyyətli startap olmalıdır ki, biz onlara dəstək verə bilək. Burada həm “SUP VC”nin dəstəyi önəmlidir. Həm də komandanın gücü mütləqdir. Bunlar bir-birini tamamlamalıdır.

- SUP VC kimlərlə əməkdaşlıq edir?

- Bütün dünyada ekosistem belə qurulub ki, hər bir oyunçunun öz yeri və əhəmiyyəti var. Burada akselerasiya mərkəzləri, korporativ şirkətlər, özəl qurumlar və universitetlər yer alır.

Biz müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. USAID, UNDP, EU, ADB, Venture Well bunlardandır.

Bizim dövlət qurumları, məsələn ASAN xidmət, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, RİİB, AMADA və Turizm Bürosu ilə əlaqələrimiz var. Biz istəyirik ki, “gov tech” inkişaf etsin. Amma təəssüf ki, bizdə bu sahə zəifdir. Biz təşəbbüs və ideyalarmızı dövlət qurumlarına çatdırırıq.

Özəl şirkətlərin arasında banklar daha çoxdur. PASHA Bank banklar arasında innovasiyaya görə örnək ola bilər. Kapital Bank və Bank Respublika da buna nümunə ola bilər. Maestro School ilə də əməkdaşlığımız mövcuddur.

Biz sevinərik ki, oyunçuların sayı çox olsun. Amma bəzi hallarda çətinliklə üzləşirik,  istədiyimiz sayda və keyfiyyətdə startapları görmürük. Müəyyən işlər var ki, onları universitet etməlidir. Təəssüf ki, onların zəif iştirakını müşahidə edirik.



- SUP VC olaraq regionları da unutmursunuz. Bir sıra sosial layihələrə dəstək verirsiniz. Bunlardan ən faydalısı hansı olub?

- Regionlara innovasiya ideyalarını aşılamaq çətin olur. Çünki gücümüz məhduddur. Buna baxmayaraq, biz ötən il bir layihə icra etdik. UNDP ilə bölgələrdən olan gənc xanımların yeni peşələrə yiyələnməsi ilə bağlı layihə gerçəkləşdirdik. Biz keçən ilin sonu başladıq, bu ilin əvvəli layihəni yekunlaşdırdıq. Layihə 3 bölgəni əhatə edirdi. Keçmiş cəbhə bölgəsi - Ağcabədi, Füzuli və Tərtərdə “copywriter”, kontent menecer və dizayner peşələri üzrə təlimlər oldu. Əsas məqsəd o idi ki, xanımlar evdən işləsin. İndi aktual olan “remote” işi biz rayonlara apardıq. İnternet platformalarda onlar öz portfoliolarını yerləşdirərək məsafədən işlərə müraciət edir və icra edə bilərlər. Layihədə məqsəd təlim bitdikdə onları işlə təmin etmək idi. Təlimə 9 iştirakçı qoşulmuşdu. Onlardan ikisi işlə təmin olunub.

- “Bölgələrdə biz ilkin bilgiləri verməklə başlamalıyıq!”

- Müxtəlif beynəlxaq təşkilatlarla bölgələrdə fərqli işlər görürük. Çünki bölgələrlə Bakının fərqi çox böyükdür. Biz burda daha keyfiyyəli startapları yetişdirmək barədə danışırıqsa, orada hələ ilk rəqəmsal biliklərin arıtırılması, növbəti mərhələlərdə onların işlə, özünü məşğulluqla təmin edilməsinə fokuslanırıq. Onlar rəqəmsal biliklərə nail olub, işləyib öz ideyalarını düşünə bilərlər. Biz əgər burda korporativ innovasiyaları ediriksə, yəni korporativ şirkətdən kimsə çıxıb ideyalarını edirsə, bölgələrdə biz “freelance” işlərlə özünüməşğulluğunu təmin edib sonra öz ideyasını gerçəkləşdirə bilər. Bu, həm də işsiziliyin azalmasına dəstək olacaq. Bizim resurslar məhduddur. Buna görə böyük kütləni əhatə edə bilmərik.

-“SUP VC”nin növbəti 5 ildə hədəfi nədir?  “Unicorn” real görünürmü?

- Növbəti 5 ildə “unicorn”a inanmırıq. Biz məntiqlə yanaşmalıyıq. Buna zəmin yaradan amillər olmalıdır. Keçmiş 5 ilə baxanda biz fərqi, inkişafı görürük. Amma bu inkişaf elə sürətli deyil ki, biz 5 ildə həndəsi silsilə ilə daha böyük uğur görək. Hədəf 5 il sonra 5 uğurlu startapın “exit”idir. Mən istərdim ki, 20-30 milyonluq “exit”lər olsun.

- Startap qurmaq istəyənlərə tövsiyəniz nədir?

- Tövsiyəm odur ki, innovativ ideyalarını qurmağa qorxmasınlar. İdeya vacibdir, amma daha vacibi onu yaxşı araşdırmaq və məhsula çevirməkdir. Özlərinə yaxşı komanda üzvləri seçsinlər. Ən əsası, əzmkar olsunlar!

Ətraflı: https://sup.vc/

https://www.facebook.com/supaccelerator

Əlaqə üçün: [email protected]

Rəşad Eyvazov suv pc startaplar akselerersiya proqram investisiya yatrım Y Combinator unicorn
31.08.2022 11:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ