Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İlham Əliyevin qəbul etmədiyi belçikalı nazirdən və Bayramovdan açıqlamalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyevin qəbul etmədiyi belçikalı nazirdən və Bayramovdan açıqlamalar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ceyhun Bayramov: Belçika XİN rəhbəri ilə regional məsələləri müzakirə etdik

“Biz xanım nazirlə həm təkbətək, həm də geniş tərkibli görüş zamanı iki ölkə, Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlər və layihələr, eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi apardıq”.

Reklam_3_11

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Çoxtərəfli platformalarda ölkələrimiz, o cümlədən BMT və onun təsisatları, ATƏT, Aİ, AŞ və sair təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq həyata keçirirlər”, - nazir əlavə edib.

XXX

Azərbaycan və Belçika XİN başçıları Zəngəzur dəhlizindən istifadə imkanlarını müzakirə ediblər

Görüşdə Cənubi Qafqazın və Azərbaycanın Avropa ölkələri ilə, həmçinin Mərkəzi Asiya və üzü Şərqə doğru iri ölkələrlə nəqliyyat kommunikasiyalarında artan rolu və Azərbaycanla Aİ arasında aparılan əməkdaşlığın önəmi xüsusi qeyd olundu.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəziyyətin yaratdığı imkan və belə olan təqdirdə Zəngəzur dəhlizinin də Şərq-Qərb Orta Dəhlizin yeni qolu kimi istifadəsinin rolu xanım nazirin diqqətinə çatdırıldı”- nazir əlavə edib.

XXX

Ceyhun Bayramov: Ərazi bütövlüyü və suverenliyə hörmətin real danışıqlarda əksi prosesin irəliləməsi üçün önəmlidir

Bugünkü görüş zamanı regional məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Tərəfimizdən post-münaqişə dövründə bölgədə yaranmış yeni imkanlar barədə Azərbaycan dövlətinin baxışları xanım nazirin diqqətinə çatdırıldı. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsində atılan addımlarının məhz Azərbaycan liderinin təşəbbüsü olması, 2022-ci ildə sülh müqaviləsinin özəyini təşkil edən 5 baza prinsipinin məhz Azərbaycan tərəfindən təqdim edilməsi, 2022-ci ilin oktyabrında danışıqların birinci raundunda məhz Azərbaycan tərəfindən sülh müqaviləsinin ilkin layihəsinin hazırlanması və təqdim olunması diqqətə çatdırıldı”, - nazir əlavə edib.

Ceyhun Bayramovun sözlərinə görə vacib məqam ondan ibarətdir ki, işğal faktına son qoyulandan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyünə və suverenliyinə hörməti yalnız sözdə və bəyanatlarda deyil, o cümlədən real danışıqlarda əksini tapması prosesin irəliləməsi üçün önəm kəsb edir.

“Azərbaycan tərəfi bu istiqamətdə bütün zəruri addımları atır”, - nazır əlavə edib.

XXX

XİN: Ermənistanın öhdəliklərindən biri Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılmasıdır

Təbii ki, biz post-münaqişə mövzusunda danışarkən digər istiqamətlərdə aparılan layihələr və danışıqlar barədə də fikir mübadiləsi apardıq.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistanın bir sıra öhdəlikləri diqqətə çatdırıldı. Hansı ki bunlardan nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması əsas məqamlardan biridir. Bu istiqamətdə iki il yarım gedən danışıqlarda bəlli bir irəliləyiş olsa da, Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir”, - nazir əlavə edib.

XXX

Belçika XİN rəhbəri: Azərbaycanla münasibətlərin dərinləşməsini istəyirik

"Göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Son 8 ildir ki Belçika XİN rəhbəri Bakıya gəlməyib. Mən bu fürsətdən istifadə etmək istədim".

Bu barədə Belçika xarici işlər naziri Hadja Lahbib Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Ceyhun Bayramovla görüşdə ikitərəfli münasibətləri müzakirə etdiklərini bildirib: “Biz istəyirik bu münasibətlər dərinləşsin”.

“Görüşdə tikinti, səhiyyə sahəsində əməkdaşlığa toxunduq. Biz istəyirik Belçika şirkətləri burada yaxşı təmsil olunsun. Bu görüş müxtəlif məslər barədə fikir mübadiləsi üçün fürsət oldu”, deyə nazir əlavə edib.

XXX

Nazir: Azərbaycan Ermənistanla delimitasiya prosesinin sürətlənməsinin və aydınlaşmasının tərəfdarıdır

“Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi barədə də xanım nazirə məlumat verdim”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Qeyd etdim ki, 30 il ərzində iki qonşu arasında delimitasiya prosesinə başlamaq imkanı olmayıb. Bunun da səbəbi Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazisinin 400 km-lik sərhədinin işğal altında qalması idi. Vətən müharibəsindən sonra delimitasiya prosesinə start vermək şansı yaranıb. Azərbaycan tərəfinin təşəbbüsü ilə 2022-ci ildə iki dövlət tərəfindən komissiya yaradılıb və bir sıra görüşlər keçirilib. Azərbaycan tərəfi prosesin sürətlənməsinin və aydınlaşmasının tərəfdarıdır. Sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq şərti ilə...” - nazir qeyd edib.

XXX

Ceyhun Bayramov: Azərbaycan ərazisində hələ də qanunsuz silahlı birləşmələrin qalması ən böyük təhdiddir

Azərbaycan Respublikasının Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrinə reinteqrasiya prosesi barədə də xanım nazirə məlumat verdim.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Eyni zamanda, Azərbaycan tərəfindən atılan konkret addımlar, xüsusi nümayəndənin təyin edilməsi, həmin nümayəndənin Qarabağ İqtisadi Regionuna gedərək görüş keçirməsi, həmçinin bu tip ikinci görüşün Azərbaycanın digər bir şəhərində keçirilməsi təklifinin dəfələrlə edilməsi də görüş zamanı diqqətə çatdırılıb”, - nazir qeyd edib.

Azərbaycan XİN rəhbəri daha sonra əlavə edib: “Hesab edirəm ki, sadaladığım proseslərə Ermənistan tərəfi maneçilik törətməməlidir. Bu cür maneçilikləri kifayət qədər aqressiv ritorikada görürük. Eyni zamanda, Azərbaycan ərazisində üçtərəfli bəyanata zidd olaraq, hələ də qanunsuz silahlı birləşmələrin qalması bu sahədə ən böyük təhdiddir. Bu, bütün bu zaman ərzində Ermənistan tərəfindən dəstəklənməkdədir. Qanunsuz silahlı birləşmələrin maliyyələşməsi isə birbaşa Ermənistan büdcəsindən həyata keçirilir. Bunu açıq mənbələrdən görmək olar”, - nazir əlavə edib.

XXX

Belçika XİN başçısı: Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır

“Səfərimin səbəblərindən biri də Qarabağ regionundakı gərginliklə bağlıdır. Təşəkkür edirəm ki, Siz öz fikirlərini bölüşdünüz. Biz bilirik ki, Siz Ermənistanla sülh əldə olunması üçün çox səy göstərirsiniz”.

Bunu Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən Ermənistan XİN rəhbərinə də dedim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsət yaranıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Hər iki ölkənin rəhbəri də bildirib ki, ərazi bütövlüyünə və suverenliyə hörmət vacibdir.

Səmimiyyət, cəsarət vacibdir. Biz əməkdaşlığı davam etdirməliyik”, - deyə xanım nazir vurğulayıb.

XXX

Nazir: Mən Azərbaycanın bu illər ərzində məyusluğunu anlayıram, amma biz gələcəyə baxmalıyıq

“Mən Azərbaycanın bu illər ərzində məyusluğunu anlayıram, amma biz gələcəyə baxmalıyıq. Biz bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq”.

Bunu Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən başa düşürəm ki, bu 30 ildə nə baş verib, amma gəlin, gələcək üçün jest edək, jest edək ki, bizim uşaqlarımız bizi gələcəkdə yaxşı xatırlasın. Sülh xalqın, adi vətəndaşların həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları adi vətəndaşlardır. Sülh həm Ermənistan, həm Azərbaycan həm də bütün dünya üçün vacibdir”, - deyə xanım nazir bildirib.

XXX

Belçikalı nazir Azərbaycana təşəkkür edib

Belçika XİN rəhbəri Azərbaycana təşəkkür edib.

Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə bildirib ki, hazırkı mürəkkəb geosiyasi dönəmdə tərəfdaşların bir-birinə kömək etməsi vacibdir: “Mən həmçinin Azərbaycana təşəkkür edirəm ki, Ukraynaya yardım edib və edir. Biz bilirik ki, Ukraynada bəzi məktəblər Azərbaycanın yardımı sayəsində bərpa olunub. Cənab nazir özü Ukraynaya yardımla bağlı konfransda şəxsən iştirak edib. Biz bu yardımı təqdir edir və təşəkkür edirik".

XXX

Azərbaycan XİN rəhbəri belçikalı həmkarına azad edilmiş ərazilərdəki mina təhdidindən danışıb

"Xanım nazirə həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də məlumat verdim".

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Həmçinin bu sahədə ən ciddi təhdidlərdən olan mina təhdidi barədə də məlumat verdim. Ermənistan bu sahədə tamamilə qeyri-konstruktiv mövqe sərgiləyir. Hansı ki Ermənistan tərəfindən basdırılan minalar hələ də can itkisinə səbəb olur. Bu günə kimi ümumilikdə 300-dən çox insan mina qurbanı olub. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti sözügedən əraziləri yenidən qurmaq əzmindədir”, -nazir əlavə edib.

XXX

Belçikalı nazir: Azərbaycan enerji sahəsində böyük rol oyanır

“Biz istəyirik ki, Laçın dəhlizində məhdudiyyətlər olmasın, bu, fayda gətirmir, imkanları daraldır. Biz istəyirik bu məsələyə həllini tapsın. Bu qadınların, uşaqların, yaşlıların həyatına risk yarada bilər. Biz hesab edirik ki, Azərbaycan məsuliyyətli şəkildə bu məsələni həll edə bilər. Brüssel bundan sonra da öz üzərinə düşəni edəcək ki, regionda dayaanıqlı sülh təmin olunsun”.

Bunu Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

“Biz Aİ-də Azərbaycanı vacib tərəfdaş hesab edirik, bu tərəfdaşlığın davam etməsini istəyirik. Enerji sahəsində Azərbaycan böyük rol oyanır, biz sizin yardımınızı görürük. Enerji sahəsində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişlənməsini istəyirik”, - deyə o qeyd edib.

XXX

Ceyhun Bayramov: Ermənistan bir sıra hərbi və siyasi təxribatlara yol verir

“Görüş zamanı son vaxtlar Laçın-Xankəndi yolu ətrafında cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparıldı”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Xanım nazirə son iki il yarım ərzində Laçın-Xankəndi yolundan Ermənistan tərəfindən qanunsuz istifadə halları və Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, qanunsuz əməllərin istiqamətləri barədə məlumat verdim. Bildirdim ki, nəhayət, Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdi, bununla da, keçidin şəffaf və qaydalara uyğun formada həyata keçirilməsi təmin olundu”, - deyə nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, bütün bunları qəbul edə bilməyən Ermənistan bir sıra hərbi və siyasi təxribatlara yol verir: “Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Sərhəd-buraxılış məntəqəsi bu gün fəaliyyətini davam etdirir. Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciətləri əsasında hər iki istiqamətdə keçidlər var, həmçinin Rusiya Sülhməramlı Kontingentinin müraciəti ilə yeri sakinlərin keçidi həyata keçirilməkdədir”.

Xanım naziri Aİ və Azərbaycanın insan hüquqları sahəsində əməkdaşlığa davam edəcəyini də bildirib: “Biz istəyirik ki, əməkdaşlıq istiqamətlərimiz geniş olsun”.

XXX

XİN rəhbəri: Ermənistan humanitar yükün gətirilməsi məsələsində siyasi manipulyasiya xətti tutub

Humanitar yükün gətirilməsi məsələsində Ermənistan tərəfi siyasi manipulyasiyalar xəttini tutub.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Məqsədli şəkildə beynəlxalq humanitar təşkilatlar - ilk olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsini nəzərdə tuturam - tərəfindən həyata keçirilən məhdudiyyətlər, Azərbaycanın legitim olaraq təklif etdiyi Ağdam-Xankəndi yolunun bloklanması, onlara qarşı çıxması, yollara beton plitələrin düzülməsi tamamilə qəbuledilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”, - nazir əlavə edib.

Ceyhun Bayramov onu da deyib ki, belçikalı həmkarı ilə Ermənistan tərəfinin bu cür siyasi manipulyasiyalar edərək müxtəlif beynəlxalq platformalarda məsələni siyasiləşdirməsi ətrafında da müzakirə aparıblar:

“Bu istiqamətdə bəzi detalları xanım nazirin diqqətinə çatdırdım. Yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı bir çox üzv ölkələr tərəfindən səsləndirilən fikirlər ətrafında da danışığımız oldu. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Bir tərəf ki humanitar yardımı yalnız bir yolla qəbul etmək istəyir, digər yollardan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsi deməkdir. Həmçinin əksər ölkələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə imkanlarını müsbət qarşıladı”.

XXX

Ceyhun Bayramov: İstəyirik ki, Belçikanın Aİ-yə sədrliyi dönəmində ölkəmizə qarşı ikili standartların şahidi olmayaq

Xanım nazir qeyd etdi ki, yanvar ayından etibarən Belçika Krallığı Avropa İttifaqına (Aİ) sədrlik edəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Belçikanın sədr funksiyasını yerinə yetirərək, bu, həmçinin Aİ-yə üzv digər ölkələrə də aiddir, istəyimiz gələcəyə baxış olaraq odur ki, növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmayaq. Bilirik ki, Aİ-nin bir sıra ölkələri separatçılığın təşviq olunmasına həssas yanaşırlar. Biz bu həssaslığı təkcə Avropa üçün deyil, digər regionlar, o cümlədən keçmiş post-sovet məkanında da hiss etmək istəyirik. Yəni bizim istəyimiz odur ki, Azərbaycanın həyata keçirdiyi addımlara rəy və fikir bildirməzdən öncə Aİ-dən olan həmkarlarımız məsələnin mahiyyətini başa düşsünlər, sonra rəy versinlər. Ermənistan tərəfindən separatizm meyllərinin, siyasi manipulyasiyaların humanitar məsələlər donu altında təqdim olunması Avropalı həmkarlarımız tərəfindən asan qəbul edilməsin”, - nazir əlavə edib.

XXX

Nazir: Azərbaycan humanitar vəziyyət istiqamətində heç bir pisləşmənin olmasını istəmir

Azərbaycanın bütün təklifləri və atdığı addımlar ondan ibarətdir ki, humanitar vəziyyət istiqamətində heç bir pisləşmə olmasın.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Azərbaycan Respublikası, yəni bir yol əvəzinə, bir neçə yol təklif edən ölkə, həmin təklifi şəffaf şəkildə beynəlxalq humanitar təşkilat vasitəsilə təmin və təşkil edən dövlət öz funksiyalarını başa düşərək, anlayaraq bu şəraiti yaradır. Ona görə də burada həmin ünvan və müraciətlər düzgün olmalıdır. Özlərini yerli əhalinin nümayəndələri elan edən insanlar destruktiv və məsuliyyətsiz yanaşmalara yol verməməlidirlər, insanları girov saxlamamalı, alternativlərə imkan yaratmalıdırlar. Çünki humanitar məsələlər siyasi manipulyasiyalardan ayrılmalıdır”, - nazir əlavə edib.

XXX

Ceyhun Bayramov: Yerli ermənilərin nümayəndələri avqustun əvvəlində Azərbaycanın müəyyən etdiyi şəhərdə görüşə razılıq vermişdi

“Mən bir neçə dəfə qeyd etmişəm. Azərbaycan tərəfini Xankəndi ilə dialoqu dəstəkləməməkdə ittiham etmək üçün şəxsin çox zəngin fantaziyasının olması lazımdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Xankəndi ilə dialoqdan yayınması barədə bu gün səsləndirdiyi fikirlərə münasibət bildirən cənab Bayramov bu fikirlərin əsassız olduğunu vurğulayıb: “Çünki Azərbaycan artıq nümayəndəsini təyin edib, nümayəndəsini göndərib, birinci görüş baş tutub. Bundan sonra növbəti görüşə dəvət olub və bu dəvət təkrarlanıb. Bu dəvətin qəbul olunub-olunmaması artıq dəvət ünvanlanan insanlara aiddir. Ermənistan Baş nazirinə isə bu mövzunun bilavasitə aidiyyəti yoxdur. Ancaq bu mövzuda şərhlər verirsə, bu onun hüququdur, şərhlər verə bilər. Biz də təbii ki, onun qeyd etdiklərini şərh edə bilərik. Biz artıq qeyd etmişik ki, avqust ayının əvvəlində bu istiqamətdə razılıqlar əldə olunmuşdu və yerli ermənilərin nümayəndələri təsdiq də vermişdi, Azərbaycanın müəyyən etdiyi şəhərdə görüşün keçirilməsi ilə bağlı razılıq da, təsdiq də vardı. Ermənistan siyasi rəhbərliyinin xəbəri yoxdursa, biz yenə qeyd edə bilərik, burda gizli bir şey yoxdur. Müxtəlif bəhanələrlə, konkret olaraq avqustun 5-də görüşə gəlməli olan adamın səhhətində problemlərin olması ilə əsaslandırılaraq, həmin görüş uzadıldı. Bütün bunlardan sonra kimsə Azərbaycanı görüşün keçirilməsində qeyri-konstruktiv yanaşmada ittiham etmək istəyirsə, artıq bu onun öz işidir. Ancaq bu, reallıqdan uzaqdır”.

XXX

Azərbaycan XİN rəhbəri: Laçın buraxılış məntəqəsi heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir

"Ölkələrin suverenliyinə hörmət dedikdə isə, təbii olaraq, bütün əməliyyatların, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tuturuq".

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Düşünürəm ki, öz ərazi bütövlüyünə hörmət edən istənilən dövlət bu siyasəti həyata keçirir. Biz bunu Laçın Buraxılış Məntəqəsi kontekstində deyiriksə, 23 aprel tarixindən bu yana minlərlə insan hər iki istiqamətdə şəffaf formada keçid məntəqəsindən istifadə edib. İki ay ərzində həmin məntəqə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərib. Ermənistan tərəfindən hərbi təxribat olduqdan, sərhədçimizin yaralandıqdan, beynəlxalq təşkilatın nüfuzuna xələl gətirməklə kanvoylardan qaçaqmalçılıq məqsədilə istifadə edildiksən sonra Azərbaycan öz suveren hüquqlarından istifadə edərək qanunvericiliyin aliliyini təmin edib”, - nazir qeyd edib.

XXX

Xəbər verdiymiz kimi, bu gün yayılmış məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.

© APA

24.08.2023 18:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ