Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı

“Sahibkar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda (22.04.2024) keçirilən Konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı:

Reklam_3_11

Hörmətli Konfrans iştirakçıları, xanımlar və cənablar!

Sizi Azərbaycan Sahibkarlar Konfederasiyası adından ürəkdən salamlayıram!

Azərbaycan Respublikasının hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi, dövlət proqramlarının qəbul edilməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

 Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və  14 may tarixində xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramları təsdiq olunmuşdur.

Məhz bu görüşlərin azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin  25-i Azərbaycanda  “Sahibkarlar  günü”kimi qeyd olunur.

Ötən illər ərzində Azərbaycanda iqtisadiyyatın dayanıqlığı üçün sahibkarlığın inkişafı prioritet istiqamət kimi ölkə Prezidentinin diqqət mərkəzində olmuş və bu sahədə  mühüm uğurlar əldə edilmişdir.

Azərbaycanda biznesin, sahibkarlığın inkişafı, biznesə münbit şəraitin, dövlət təşviq mexanizmlərinin yaradılması, xüsusən də 44 günlük Vətən müharibəsindəki və 23 saatlıq lokal antiterror əməliyyatındakı qələbəmiz biz sahibkarların işləmək əzmini daha da artırıb.

Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Ölkə Prezidenti çıxışlarının birində yerli sahibkarlara müraciət edərək demişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Bu gün biz deyə bilərik ki, Azərbaycan sahibkarları  bunu öz gündəlik işilərində  daim hiss edirlər.

Belə ki, son illərdə dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artmışdır. Təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin artması qlobal inflyasiyanın yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur. Qeyd edilən proseslər fonunda Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam  etmişdir. 

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki,  2024-cü ilin ilk üç ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, xüsusilə iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7 faizə yaxın artım müşahidə olunmuşdur. Bu dövrdə qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 4,8 faiz artmış, əsas kapitala yönəldilmiş investisiyaların 80 faizini daxili investisiyalar təşkil etmişdir ki, bu da ölkədə sahibkarlığın inkişafının real göstəricisidir.

Ölkədə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.  Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaşması, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlığın inkişafına münbit şərait yaranması nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83,5 faiz, məşğulluqda payı isə  təqribən 78 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2023-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. 

Belə ki, Fiç Reytinq beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini müsbət qiymətləndirərək, proqnozun “sabit”dən “pozitiv”ə doğru yüksəldiyini bildirmişdir.

Məlum olduğu kimi, bu ilin fevral ayında keçirilmiş  növbədənkənar prezident seçkilərində azərbaycan sahibkarları öz seçimini etmiş və seçkilərdə birmənalı olaraq  cənab İlham Əliyevə səs vermişlər.

Çünki keçən 20 il sübut etdi ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.

Prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında  ölkəmizdəki biznes mühiti barədə qeyd etdi ki, “Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.”

Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.

Öz ətrafında minlərlə sahibkarlıq subyektini, iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqları birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində  öz  qüvvə və imkanlarını səfərbər etmişdir.

Konfederasiya 15 daimi komissiya, xarici ölkələrdəki 26 nümayəndə və respublika üzrə 48 rayonda olan nümayəndə ilə təmsil olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Hökumətin tərəfdaşı kimi, Azərbaycan Sahibkarlar Konfederasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Hörmətli tədbir iştirakçıları,

Məlum olduğu kimi, iqtisadiyyatın dayanıqlı inkişafı üçün ölkədə aparılan işlər arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi xüsusi uğur kimi qiymətləndirilir. Cənab Prezident  İlham Əliyevin Sərəncamı ilə Təşkilatda özəl sektoru Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil edir.

Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.

Odur ki, ölkə başçısının sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş  və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənmişdir.

Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.

Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarıdır. Hazırda Konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu Şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir.

Bütün bunlarla yanaşı Azərbaycan Sahibkarlar Konfederasiyası hər il beynəlxalq əlaqələr sahəsində işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından istifadə edir. Belə ki, Konfederasiya Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda yüksək səviyyədə ölkəmizi  təmsil edir.

Hörmətli Konfrans iştirakçıları,

Bu il yaranmasının 25 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq.

Əminik ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılmasında ümumilikdə isə iqtisadiyyatımızın inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə qət edəcəyimiz yolda dövlət-özəl birliyi öz töhfəsini verməkdə davam edəcəkdir.

Hər birinizi Sahibkarlar günü və 25 illik yubileyimiz münasibətilə ürəkdən təbrik edir, Konfransın işinə uğurlar arzulayıram.   

Diqqətinizə görə təşəkkür edirəm!

26.04.2024 11:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar