Afrikanın ən varlı iş adamı nəhəng neft emalı zavodunu birjaya çıxarır – 47 milyard dollarlıq rekord IPO
Dünyanın ən böyük neft emalı zavodlarından biri Afrikanın ən iri birjada listinq olunan şirkətinə çevrilməyə hazırlaşır. Qitənin ən varlı iş adamının “xalq üçün IPO” adlandırdığı səhmlərin ilkin kütləvi təklifi (IPO) böyük maraqla qarşılanıb.
Marja.az xəbər verir ki, Nigeriyalı milyarder Aliko Danqote (Aliko Dangote) tərəfindən təsis edilmiş “Dangote Petroleum Refinery and Petrochemicals FZE” şirkətinin səhmlərinin tənzimləyici orqanların təsdiqindən sonra dekabrın 1-də Laqos birjasında ticarətə çıxarılması gözlənilir.
“Dangote Refinery” şirkətinin nümayəndəsi şərh sorğusuna cavab verməyib.
Məlumatlara görə, neft emalı zavodunun minoritar səhm paketinin ilkin kütləvi təklifi zamanı investorların tələbi təklif olunan səhmlərin həcmini əhəmiyyətli dərəcədə üstələyib. Şirkətin məlumatına əsasən, dünyanın 120 ölkəsindən, o cümlədən Afrikanın bütün 54 ölkəsindən investorlar səhmlərin alınması üçün müraciət ediblər.
Səhmlər 525 Nigeriya nayrası (0,39 ABŞ dolları) qiymətinə təklif olunub.
“Reuters” agentliyinin təklif qiyməti və şirkətin qeydiyyata alınmış səhmlərinin sayı əsasında apardığı hesablamalara görə, IPO çərçivəsində “Dangote Refinery”nin ümumi bazar dəyəri təxminən 47 milyard dollar təşkil edəcək. Bu, Afrika tarixində ən böyük birja listinqi olacaq.
“XALQ ÜÇÜN IPO”
Laqosda yerləşən neft emalı zavodu 2024-cü ildə fəaliyyətə başlamasından etibarən zəngin neft ehtiyatlarına malik Nigeriyanın yanacaq bazarını dəyişdirməsində oynadığı rola görə ölkənin enerji sənayesinin ən qiymətli aktivlərindən biri hesab olunur.
“Minimum alış tələbinin cəmi 10 səhm olması ilə bu təklif sıravi nigeriyalılara və afrikalılara neft emalı zavodunda pay sahibi olmaq imkanı yaratmaq üçün nəzərdə tutulub”, – Aliko Danqote sentyabrın əvvəlində IPO-nun başlanması münasibətilə bildirib.
Onun sözlərinə görə, IPO yalnız kapital cəlb etmək vasitəsi deyil, həm də işçilərin, sahibkarların və sıravi Nigeriya vətəndaşlarının neft emalı zavodunun gələcək inkişafında iştirak etmələri üçün bir fürsətdir.
20 MİLYARD DOLLARA TİKİLİB – İSTEHSAL GÜCÜ İKİ DƏFƏ ARTIRILACAQ
Təxminən 20 milyard dollar sərmayə hesabına inşa edilmiş “Dangote Refinery” hazırda dünyanın ən böyük neft emalı zavodlarından biridir. Müəssisənin gündəlik xam neft emalı gücü 650–700 min barel təşkil edir.
İranla müharibə nəticəsində Yaxın Şərqdən tədarükdə yaranmış fasilələr fonunda alıcıların Qərbi Afrikaya üz tutması ilə zavod son aylarda aviasiya yanacağının əsas təchizatçılarından birinə çevrilib.
“Blue Water Strategy” şirkətinin dəniz nəqliyyatı, enerji və geosiyasi məsələlər üzrə analitiki Siril Viddershoven (Cyril Widdershoven) CNBC-yə açıqlamasında nəzəri baxımdan mövcud vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, neft emalı məhsullarına qlobal tələbatın kəskin artması fonunda “Dangote Refinery” Atlantik hövzəsinin əsas neft emalı müəssisələrindən biri kimi mövqeyini gücləndirib.
Şirkət 2029-cu ilədək gündəlik neft emalı gücünü iki dəfə artıraraq 1 milyon 400 min barelə çatdırmağı planlaşdırır. Bu, müəssisənin dünya bazarlarında rəqabət qabiliyyətini daha da gücləndirə bilər.
Bununla belə, zavodun Nigeriya iqtisadiyyatı üçün əhəmiyyətinə baxmayaraq, Viddershoven onun investisiya cəlbediciliyi ilə bağlı müəyyən sualların qaldığını bildirib. Analitik tikinti xərclərini, istismara verilmədəki gecikmələri və yeni istehsal güclərinin daha aşağı mənfəət marjaları şəraitində istifadəyə verilə biləcəyi ehtimalını risk amilləri kimi göstərib.
“Hazırda bu, Anthropic və ya Nvidia kimidir – siz əslində bazardakı böyük ajiotajı satın alırsınız”, – Viddershoven qeyd edib.
NEFT MƏHSULLARININ TƏDARÜKÜ REKORD SƏVİYYƏYƏ ÇATIB
“Vortexa” şirkətinin bazar analitiki Mik Strautmann (Mick Strautmann) bildirib ki, “Dangote Refinery” üçün cari il son dərəcə uğurlu keçib.
“Vortexa”nın məlumatlarına görə, 2026-cı ilin yanvar–oktyabr aylarında zavoddan dəniz yolu ilə daşınmaq üçün yüklənən neft emalı məhsullarının gündəlik həcmi təxminən 400 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur.
Noyabrın ilk üç həftəsində isə bu göstərici gündəlik 575 min barelə çataraq yeni rekord müəyyən edib. Bundan əvvəlki rekord oktyabr ayında gündəlik 550 min barel səviyyəsində qeydə alınmışdı.
Strautmannın sözlərinə görə, müəssisə istehsalını olduqca sürətlə artırmağa və qiymətlərin son dərəcə yüksək olduğu bir dövrdə bazara böyük həcmdə neft məhsulları çıxarmağa nail olub.
O qeyd edib ki, zavod Atlantik hövzəsində yanacaq təklifini əhəmiyyətli dərəcədə artıran azsaylı müəssisələrdən biridir. Eyni zamanda, zavod Qərbi Afrikanın digər regionlardan, xüsusilə Avropadan benzin idxalından asılılığının azalmasına kömək edir.
AFRİKANIN SƏNAYELƏŞMƏSİ ÜÇÜN UĞURLU NÜMUNƏ
“Capital Economics” şirkətinin Afrika üzrə inkişaf etməkdə olan bazarlar iqtisadçısı Devid Omojomolo (David Omojomolo) bildirib ki, “Dangote Refinery”nin gözlənilən IPO-su bütün dünyada böyük maraq doğurub. Bunun əsas səbəbi müəssisənin Afrika qitəsində uğurlu sənaye siyasətinin nadir nümunələrindən biri hesab edilməsidir.
“Bu, həm müsbət, həm də nikbinlik doğuran bir hadisədir”, – Omojomolo bildirib.
İqtisadçı əlavə edib ki, layihə ətrafında yaranan böyük marağın digər milyarder sənayeçiləri də real sərmayələr yatıraraq regionun sənayeləşməsinə töhfə verməyə sövq edib-etməyəcəyi maraq doğurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
1 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 36 d. əvvəl
-
44 d. əvvəl
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
- 1 saat əvvəl
-
20 saat əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
20 saat əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
20 saat əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
21 saat əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
-
21 saat əvvəl
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı





























