Mobil manşet üstü reklam_21

“Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən ayın sonunda Azərbaycanda ekoloji təmiz məhsul istehsalı üzrə dövlət standartı qəbul edilib. Standartın tələbinə əsasən, ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsi minimuma endirilməli və istehlakçıların sağlamlığının və ətraf-mühitin qorunmasına diqqət yetirilməlidir.

Ölkədə ekoloji təmiz məhsul istehsalı sahəsində mövcud vəziyyət və sözügedən dövlət standartının bazara təsiri ilə bağlı Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Emin Əliyevlə müsahibəni təqdim edirik:

- Azərbaycanda ekoloji təmiz məhsullarının istehsalında yeni standartın tətbiqi bazara hansı yenilikləri gətirə bilər?

- Bu vaxtda qədər ölkədə ekoloji təmiz məhsulların istehsalı, emalı, satışı və markalanması ilə bağlı heç bir standart yox idi. Avropada artıq orqanik standartların 5-ci nəsli qəbul edilib. Dəfələrlə təklif etmişdik ki, biz də heç olmasa üçüncü nəsil standartı tətbiq edək ki, bu proses gələcəkdə Azərbaycan istehsalçısı və emalçısı üçün dördüncü və ya beşinci nəslə keçid rolunu oynasın.

Azərbaycanda “təbii” yazısı ilə satılan müxtəlif markalar var. Bunların heç biri orqanik deyil. Azərbaycanda orqanik məhsul istehsalı olsa da, vəziyyəti ürəkaçan deyil. Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı üçün kifayət qədər münbit şərait var. Bu baxımdan Qax-Balakən iqtisadi zonası, cənub bölgəsi, işğaldan azad edilmiş ərazilərimizi, xüsusilə Kəlbəcər və Zəngilan rayonlarımızı qeyd etmək olar. Orqanik məhsul ixrac məhsuludur, yəni ölkəyə valyuta axınına müsbət təsir göstərəcək.

Hazırda dünyada "yaşıl" iqtisadiyyat və orqanik məhsul istehsalı bir trenddir. Bu trenddən biz geridə qalmışıq. Azərbaycanda bəzi istehsalçılar orqanik məhsul istehsal edir, amma onu orqanik məhsul adı ilə bazarlara çıxara bilmir və ənənəvi məhsul kimi satır. Çünki ekoloji təmiz məhsul istehsalı üzrə ölkədə bu vaxta qədər heç bir standart olmayıb. Nəticədə həmin istehsalçı maddi zərərlə üzləşir. Eyni zamanda onun istehsal etdiyi məhsulun dünya bazarlarına çıxış imkanı da məhdud olur. Ümid edirəm ki, yeni standartın tətbiqi ilə Azərbaycanda orqanik məhsul istehsalı üçün normal şərait yaranar.

- Yeni ekoloji standartda hansı məsələlər ehtiva ediləcək?

- Hələ ki, bu standartın əhatə edəcəyi məsələlərlə bağlı bizə dəqiq məlumat verilməyib. Ümumi olaraq deyə bilərəm ki, orqanik məhsulların istehsalında qeyri-üzvi gübrələrdən, pestisidlərdən, herbisidlərdən, zərərvericilərə qarşı dərmanlardan ya istifadə edilmir, ya da qəbul edilmiş normativlər əsasında istifadə edilir. Azərbaycanda bal istehsalçıları içərisində təbii məhsul istehsal edənlər az deyil.

Ümumiyyətlə orqanik balın ən əsas istehsalçılarından biri Yaponiyadır.

Son dövlərdə Azərbaycan balı Yaponiya bazarına girməyə başlayıb. Biz balla özümüzü tam təmin etmirik və xarici ölkələrdən bal idxal edirik. Orqanik bal istehsalı ilə bağlı Avropanın, Amerikanın, Yaponiya və ətrafındakı ölkələrin bir-birindən fərqli standartları var. O bazarlara ancaq həmin standartlara cavab verən məhsullar buraxılır.

Hazırda Avropada orqanik məhsul istehsalı böyük bir trenddir və Azərbaycan məhsullarının o bazarlara girmək şansı var. Amma nəzərə almaq lazımdır ki, dünyada emal prosesi üçün ayrı, istehsal prosesi üçün isə ayrı tələblər var. Üstəgəl istehsal etdiyin məhsul ixrac edəcəyin ölkənin də tələblərinə cavab verməlidir. Azərbaycanda bu tələblərin hamısını bir dövlət standartı halında toplanıb və hesab edirəm ki, bu mütərəqqi addımdır.

2019-cu ilin oktyabrında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ekoloji təmiz məhsul istehsalı haqqında qanun layihəsi hazırlanıb hökumətə təqdim edilib və hazırda Milli Məclisdə müzakirə olunur. Səhv etmirəmsə, payız sessiyasında bu qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, o deməkdir ki, ölkədə sözügedən sahəyə diqqət yavaş-yavaş artırılır. İki gün öncə ölkədə 15 dövlət orqanının iştirakı ilə ictimai müzakirə keçirildi. Həmin görüşdə kənd təsərrüfatı naziri İnam Kərimova sual verdim ki, Azərbaycanda orqanik istehsalı olacaq ya yox. Nazir cavab verdi ki, olacaq.

Strateji Yol Xəritəsində bu məsələ ilə bağlı iki bənd qeyd olunub. Bu sahə ilə bağlı kifayət qədər Prezident fərman və sərəncamları var. Keçən il dekabrın 10-da işğaldan azad olunmuş ərazilərin "yaşıl" iqtisadiyyatın tələblərinə uyğun olaraq inkişaf perspektivləri haqqında ölkə başçısının fərmanı oldu. Nəzərə alaq ki, orqanik istehsal da "yaşıl" iqtisadiyyatın bir hissəsidir. Hesab edirəm ki, Azərbaycanda ekoloji təmiz məhsul istehsalını koordinasiya edən dövlət orqanı müəyyənləşdirilməlidir. Ekoloji təmiz məhsul istehalçısı bilmir hansı nazirliyin qapısını döysün. Yəqin ki, yeni qanunda bu məsələyə də aydınlıq gətiriləcək.

- Ümumiyyətlə bir məhsulun ekoloji təmiz məhsul sayılması üçün hansı tələblər olmalıdır?

- Bir misal çəkim. Azərbaycanda satılan südün tərkibinə su qatılmadığı üçün o təbii süd adlandırılır. Araşdıranda isə həmin südün alındığı inəyin qidasının orqanik sertifikatının olmadığı məlum olur. Dünya standartlarına görə südün orqanik sayılması üçün onun alındığı inəyin harda və hansı qidalarla qidalanması önəmli məsələdir. Əgər o inəyin qidalandığı məhsulun orqanik sertifikatı yoxdursa, istehsalçı istehsal etdiyi südün orqanik olduğunu iddia edə bilməz. Ot və ya digər qida məhsullarının heyvana verilməsi hələ o demək deyil ki, ondan alınan süd orqanik hesab olunur. Azərbaycanda bu vaxtacan bu məsələlər iri istehsal müəssisələrində belə nəzərə alınmayıb.

- Zəhmət olmasa, Azərbaycanda ekoloji təmiz məhsul istehsalı və satışının vəziyyəti barədə bir qədər də danışaq. Dediniz ki, bizdə orqanik məhsulların istehsalı ürəkaçan vəziyyətdə deyil. Bu sahədə daha hansı problemlər var? Ölkəmizdə istehlakçıların orqanik məhsul əldə etməsi üçün hansı imkanlar mövcuddur?

- Bizim üzvlərimiz olan bəzi orqanik məhsul istehsalçılarının beynəlxalq sertifikatları var. Yerli sertifikatı isə yoxdur. Bu gün təbii süd, qatıq, pendir, şor adı ilə istehlakçıları aldadırlar. Hətta bəziləri “yüz faiz orqanik” yazılmış loqoları öz məhsullarının üzərinə yapışdırır. Əslində bunların heç biri orqanik deyil. Orqanik sertifikatı olan məhsulun üzərində “təbii” yazılmır, “orqanik” yazılır. Çünki orqanik sertifikatı almaq əlavə dəyər markası yaratmak deməkdir. İstehsalçı ona görə məhsulun üzərinə “təbii” yazır ki, sabah kimsə ona irad tutsa, desin ki, mən məhsulun üzərində “orqanik” deyil, “təbii” yazmışam.

Azərbaycanda orqanik məhsul idxalçıları da var. Onlar ölkəyə beynəlxalq sertifikatlı orqanik gübrə, toxum idxal edirlər. Bəzi mağazaların xaricdən idxal etdikləri orqanik məhsullar da var. Onların üzərində orqanik məhsul olduğu yazılır. Dünyada orqanik məhsul istehsalı üzrə ən qabaqcıl ölkə Avstraliyadır. Ordan bura məhsul gətirilmir. Amma Amerika və Avropadan, az miqdarda Türkiyədən Azərbaycana orqanik məhsullar gətirilir.

- Yerli şirkətlər qeyd etdiyiniz beynəlxalq sertifikatları necə əldə edirlər?

- Yerli şirkətlər bu sertifikatları əsasən Türkiyə şirkətlərindən alırlar. Bu gün Azərbaycanda bir istehsalçı orqanik məhsul sertifikatı üçün xarici şirkətlərə ildə təqribən 8 min ABŞ dolları ödəməlidir. Amma yeni standarların tətbiqi ilə yəqin ki, ölkədə yerli sertifikasiya şirkətləri də olacaq. Bu standartlar tətbiq ediləndən sonra sertifikasiyaya bir çox şirkət maraq göstərəcək. Çünki belə olanda sertifikat almaq daha ucuz başa gələcək. Bu da dünya və Avropa bazarlarına məhsul çıxarmaq üçün keçid rolu oynayacaq.

- Orqanik məhsulların qiyməti necə olmalıdır?

- Bizdə orqanik məhsul deyəndə təbii üsullarla yetişdirilən məhsullar düşünülür. Əslində isə belə olmalı deyil. Quba-Xaçmaz iqtisadi zonası ölkəmizin meyvə-tərəvəz istehsalının təxminən 50 %-ni təmin edir. Amma orda intensiv və superintensiv kənd təsərrüfatı qaydaları tətbiq olunur. Bu da qeyri-üzvi gübrələr, ağır dozalı dərmanlar, pestisitlər, herbisitlər vurulur ki, yetişdirilən meyvə-tərəvəz yüksək məhsuldarlıqlı, zərərverici və xəstəliklərə davamlı olsun. Əgər bir orqanik alma bağnda məhsuldarlıq təxminən 15-18 ton olursa, intensiv və superintensiv kənd təsərrüfatı qaydaları tətbiq edilən bağlarda 80 ton olur. Təbii ki, istehsalçı da belə olanda intensiv və superintensiv məhsullar istehsal etməyə maraq göstərir. Ona görə də bütün dünyada orqanik məhsulun bazar dəyəri ənənəvi məhsulun bazar dəyərindən 300-600 % baha olur. Burda onun yetişdirilməsində standartların tətbiqi, bitkilərin yetişdirilməsi və ya heyvanların saxlanılmasına sərf edilən vəsait, enerji, vaxt kimi amillər nəzərə alınır.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© “Report” 

təbii orqanik Emin Əliyev Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyası
04.10.2022 11:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ