Xəzər sahilində torpaq idarəçiliyi bir quruma həvalə edildi – Prezident fərman imzaladı
Xəzərin sahilboyu torpaqlarının idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olundu. Xəzər sahilinin sərhədləri altı ay ərzində təsdiqlənəcək – xüsusi status üçün təkliflər hazırlanır. Xəzər sahilində torpaq icarəsi elektron sistem üzərindən aparılacaq. Xəzər sahilində torpaqların qanunsuz zəbtinə qarşı məsuliyyətin gücləndirilməsi üzrə layihələr hazırlanacaq. Xəzər sahilinə nəzarəti Əmlak Məsələləri Dövlət Xidməti əlaqələndirəcək – 40 yeni ştat vahidiPrezident İlham Əliyev Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Marja.az dərc olunan 16 noyabr 2026-cı il tarixli fərmana istinadən xəbər verir ki, sahilboyu torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Sahildə idarəetmə və nəzarətdə iştirak edən dövlət qurumlarının fəaliyyətini də Xidmət əlaqələndirəcək. Bunun üçün Xidmətin işçi sayı həddi 40 ştat vahidi artırılır.
Yeni idarəetmə qaydasının əhatə dairəsindən adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədilə istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna edilir.
Sahil ərazisinin sərhədləri altı ay ərzində təsdiqlənəcək
Nazirlər Kabineti altı ay ərzində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, habelə onun kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Hökumət eyni müddətdə sahilboyu əraziyə xüsusi status verilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı təklifləri Prezidentə təqdim edəcək. Təkliflər ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətini də əhatə edəcək.
Torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətini təkmilləşdirmək, qanunsuz zəbt hallarının qarşısını almaq, inzibati və cinayət məsuliyyəti tədbirlərini gücləndirmək üçün normativ hüquqi aktların layihələri də hazırlanacaq.
Sahil torpaqlarının icarəsi “bir pəncərə” prinsipi ilə təşkil ediləcək
İqtisadiyyat Nazirliyinə sahilboyu torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə və icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Elektron Hökumət İnformasiya Sistemi üzərindən “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Nazirlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aktual xəritələrin və məlumatların saxlanılmasını, eləcə də ərazinin idarə edilməsini təmin edəcək coğrafi informasiya sistemləri (CİS) əsaslı platformanın yaradılmasına dair təklifləri altı ay ərzində Prezidentə təqdim edəcək. Sahildə idarəetmə və nəzarət üzrə görülmüş işlər barədə Prezidentə ildə bir dəfə məlumat veriləcək.
İqtisadiyyat Nazirliyi müşahidə sistemləri, yerində monitorinqlər, söküntü, abadlıq və sanitar təmizlik işləri, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün vəsait ayrılmasına dair təklifləri Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi fərmanın icrası ilə bağlı xərclərin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün zəruri tədbirlər görəcək.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və nəzarət funksiyalarının icrasında iştirak edən dövlət orqanlarının (qurumlarının) koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə fəaliyyətin səmərəliliyinin və çevikliyinin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiqi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra – sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) həvalə edilsin.
2. Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. altı ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
3.1.1. sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, sahilboyu ərazidə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət sahələrində dövlət orqanlarının (qurumlarının) idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə;
3.1.2. torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə;
3.2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1 “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görsün;
4.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2026-cı il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
22 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
26 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
1 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
- 2 saat əvvəl
-
2 saat əvvəl
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Ən çox oxunanlar
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Noyabrın 18-də gözlənilən hava şəraiti



























